Lerik rayon Dico kənd məktəbi
22 aprel 2021 15:41 (UTC +04:00)

Lerik rayon Dico kənd məktəbi

Allahın unutduğu kənd, qəfil zəng, 60 il bir otaqda - Lent.az Azərbaycanın ən kiçik məktəbindən yazır...

Lerik rayonunun Dico kəndində yerləşən məktəb binası acınacaqlı vəziyyətdədir. Əslində, sözügedən təhsil müəssisəsinə məktəb demək çətindir. Çünki…

Lent.az xəbər verir ki, bu məktəb dediyimiz məkanın uzunluğu 5, eni isə 3 metrdir. Burada şagirdlərin təhsil alması üçün şəraitin varlığından söhbət belə gedə bilməz. Bu səbəbdən kənddəki qız uşaqları təhsil ala bilmirlər. Belə ki, şagirdlər burada 4-cü sinfə qədər təhsil aldıqdan sonra digər kəndə - 8 km uzaqlıqda yerləşən məktəbə köçürülür. Oğlan uşaqları həmin kənd məktəbində 11-ci sinfədək təhsillərini davam etdirsələr də, qızlar məsafə uzaq olduğundan, bundan məhrumdurlar. Çünki deyilənə görə, uzaqlıqda yerləşən məktəbə dağ yolu ilə gedilir və bu yol qışda qar, çovğun olur. O səbəbdən şagirdlər məcburən daxma tipli məktəbdəki ibtidai təhsillə kifayətlənirlər.

Məsələ ilə bağlı Lerik rayon Dico kənd məktəbinin direktoru Əmənulla Kazımov ilə əlaqə saxladıq. 64 yaşlı müəllimin sanki dərdini təzələdik. Zəngimizə çox sevindiyini dedi:

“Vallah qızım, sanki bizim kənd unudulub. Heç yada salanı da yoxdur. Bir neçə dəfə çəkiblər buranı. Amma nə gələn var, nə də “sizə yeni məktəb tikərik” deyən. İndi siz zəng etdiniz. Artıq ümidim üzülmüşdü. Mən gözümü açandan bu məktəb var. Əvvəl yaxşı böyük məktəbimiz var idi. Sonra kəndə güclü qar yağdı. Həmin qar məktəbi aşırdı. Biz də yığışıb maaşımızı qoyduq və bu balaca otağı tikdirdik. Bu baş verib 1961-ci ildə. Nə onda, nə də indi bizdən xəbər tutan yoxdur. Kəndə heç yol da yoxdu. Nə edək? Uşaqlarımız harda əlifba öyrənsin? Baxma ki, əlifba deyirəm. Uşaqlarımız çox savadlıdı. Onlar təkcə əlifba ilə yetinmirlər. Son illərdə 17 nəfər şagirdimiz universitetə qəbul olub. Bu bizi çox sevindirir. Amma üzüqarayıq uşaqların önündə”.

Hə, Əmənulla müəllim xəcalət çəkir. Amma onun da əlindən bu otağın tikilməsinə köməklik etməkdən başqa heç nə gəlmir.

“Hazırda məktəbimizin 2 şagirdi, 1 də müəllimi var. Amma bu o demək deyil ki, bu kəndə məktəb lazım deyil. Lazımdı. Heç olmasa modul tipli məktəblərdən gətirib qursunlar. Axı bu balalar da təzə məktəb üzü görmək istəyir”.

Əmənulla müəllimlə söhbətimizdən o da məlum oldu ki, sözügedən müəssisədən həm də seçki məntəqəsi kimi istifadə olunur. Dico kənd məktəbində təhsil almış xeyli sayda şagird Vətən müharibəsində iştirak edib.

“Cəmi 13 ev var, iki şəhid kənddə, bir şəhid Lənkəranda torpağa tapşırılıb. 3 qazi 10 döyüşçü var. Hər evdən demək olar ki, müharibəyə əsgər gedib. Amma kənd hələ ibtidai icma quruluşundakı şəraitlə yaşayır”.

Bənzər problem Lerikin digər kəndlərində də mövcuddur. Lerikin 161 kəndi var. Rayonun relyefi dağlıq olduğuna görə kəndlərin bir çoxu rayon mərkəzindən uzaq olmaqla yanaşı, ucqar ərazidə olan kəndlər var. Məhz belə şəraitsizlik üzündən qız uşaqları təhsildən kənar qalırlar. Bütün bu problemlər həm də son nəticədə rayondan köç edənlərin sayının artmasına öz təsirini göstərir.

 

 

# 7620
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar