Səbinə ƏVƏZQIZI
02 fevral 2024 16:36 (UTC +04:00)

Səbinə ƏVƏZQIZI

Araq içən seyidə verilən nəzirlər – Günahı kimin boynuna?!

Saxta “cəddin” günahı kimə yazılır? Ona inanan da elə aldadan qədər günahkar deyilmi sizcə? Hər şey inkişaf edir, amma sən geridə, avam qalmısansa, elə ən böyük günahkar sənsən. Çünki inkişaf etmək üçün Allah sənə saysız-hesabsız imkanlar verib.

Təbii, o başqa məsələdir ki, özünü haqq adamı elan edənlərin, insanları “Allahın adı ilə aldatması” xəyanətlərin ən acısıdır. Amma bu şəraiti də yenə cahillik yaradır.

Yaxın ətrafımda iki seyid var. Yanlarından keçənlərin bəziləri hətta “cəddinə qurban olum ay seyid” deyirlər. Nə yalan deyim, onlardan bəziləri də arxasınca “cəddin varsa belini qırsın” da söyləyir. Bu ikiüzlülüyü görəndə bəlli olur ki, insanlar seyidlərin “cədd”lərindən qorxduqları kimi, həm də içlərində bir güvənsizlik yaşayırlar. Amma bunun yerinə məhəbbət olsaydı, bütün şübhələr darmadağın olardı.

İndi keçək bizim tanış seyidlərə. Onlara insanların nəzir verdiyinin dəfələrlə şahidi olmuşam. Nəzir verənlərin bəziləri bunu əyləncə məqsədi ilə edir. Çünki bu seyid dediklərinin ikisi də məclislərdə alkoqol qəbul edib ətrafı kifayət qədər şənləndirə bilirlər. Amma özlərinin dediklərinə görə, mənsub olduqları seyid ocağının cəmiyyət arasında “xüsusi çəkisi” var, yəni nəziri ver, arzunu “qarantiyala”.

Onu deyim ki, özüm bir şiə ailəsində doğulmuşam. Doğulduğum şəhərdə o vaxtlar bir dənə də olsun məscid yox idi. Ata-anamın da elə adları şiə idi. İkisi də sovetin ateist təhsilini alıb, darvinizm nəzəriyyəsi ilə böyümüşdülər. Buna baxmayaraq, Allahı unutmamışdılar. Kimi daha çox inandırmaq istəyirdilərsə, “Allaha and olsun” deyirdilər.

Uşaqlığımda dinlə bağlı ikicə təsəvvürüm var idi – Biri bizdən 3-4 bina o tərəfdə yaşayan “Seyid Həşim babanın cəddi”, biri də bizə yaxın bir kənddə yerləşən və adına Tosal dedikləri bir ocaq. Uşaq vaxtı hesab edirdim ki, Seyid Həşim babanın cəddini çağırdınsa, day sənə zaval yoxdur. Onu da deyim ki, həqiqətən də insanı heç ümidsiz buraxmırdı. Mənə elə gəlirdi ki, bütün dünya Seyid Həşim babanı tanıyır və onun cəddinə güvənir. Yəni din məsələsində ondan böyüyünü tanımırdım.

Özü də evində gənc bir xanımla yaşayırdı. Yaşlı seyidin bu “eşqinə” atam evdə hərdən gülürdü, sovet müəlliməsi olan anam isə tez dillənirdi ki, ağzın-burnun əyiləcək, seyidə şəkk eləmə. Mən də seydin cəddindən o qədər qorxurdum ki, hesab edirdim atama doğrudan da nəsə olacaq... Sizlərə ömür, bu dünyada 83 yaş sağ-salamat yaşadı.

Amma Seyid Həşim babanın əlini öpmək, nəzir vermək üçün qapısında növbə olardı. Yaxşı ki, ümumi yaşayış binasının 1-ci mərtəbəsindəydi evi, yoxsa insanlar pilləkənlərdə bir-birini tapdalayardılar. Bütün il boyu şəhər sakinləri onun üstünə imdada gedərdilər. Bircə Məhərrəmmlik ayı, Aşura günü gələndə şəhər camaatı yığılıb gedərdi Tosala, orda özünü daha ağır seyid kimi təqdim edən ocaq sahiblərinə nəzir verilərdi. Yəni camaatımız ildə bir dəfə öz seyidlərinə xəyanət edərdi. Hə, bir də həmin gün səhər tezdən əlimizi sabunla yuya bilməzdik. Saat 12-yə, yəni qətl sınana qədər sabun əritmək günah sayılırdı. Dindən bildiklərim yalnız bunlardan ibarət idi.

Şükürlər olsun, Sovetlər dağıldı biz də özümüzə, dinimizə nisbətən qayıda bildik. Təzə-təzə bir az çətin oldu amma. Müstəqilliyə yeni qovuşanda dedilər ki, hər şəhərin öz mollası olmalıdır. Bir gün gəldilər ki, sizin də mollanız filankəsdir. Onu da dünənə kimi əlində araq butulkası ilə gəzən görürdük. Dedik, buna necə molla deyək axı “alkaş”dır? Dedilər, yox artıq günahdır ona elə demək olmaz. Günah sözünün də elə bir zəhmi var ki, hamı səsini birdəfəlik kəsdi. Amma molla olduqdan sonra içib-icmədiyini deyə bilmərəm. Günah olar. Bütün bunların içində Seyid Həşim babanın şəhərdəki nüfuzunu heç kim keçə bilmədi. Seyid olan yerdə, molla nə karə idi ki...

Onu da deyim ki, şəhərimiz öncədən o qədər dindən uzaq qalıb ki, yerlilərdən hələ də düz-əməlli molla falan çıxan olmur. Bu boşluğu görən cəlilabadlı mollalar gəlib bazarı tutdular, şəhərimizdə məskən saldılar. İndi oralara yas məclisinə gedəndə həmişə diqqətimi molla çəkir. Soruşuram və məlum olur ki, yerli deyil. Bütün bunları danışmaqda məqsədim odur ki, uşaqlıqda din adı ilə yalnız tanıdığı bircə seyid olan biri üçün “saxta cədlər”lə rastlaşmaq daha çox məyus edici olur. Əslində "Cədd" və "cəddə" kimi işlədilən ifadələr ərəb dilində "baba" və "nənə" mənalarına gəlir. Yəni əcdad kimi. Seyidlər peyğəmbər genini daşıyırlar. Burdan da izah edilir ki, biz qarşımızdakı seyidin özündən yox, əcdadından qorxmuşuq, ondan imdad istəmişik. Amma bunu niyə gen sahibinin özündən diləmirik, burası artıq başqa məsələdir. Dində “əməl dəftəri”, elmdə informasiya məkanı deyilən bir anlam var. Dualar da bir informasiyadır. Kainata göndərilən bir informasiya üçün “seyidə nəzir vermək” nə qədər anlamlıdır? Bunun yerinə həqiqətən ehtiyacı olan bir insana kömək etmək daha doğru deyilmi?

Nə yazıq ki, “dələduz seyidlər”in tələsinə düşən xeyli insanımız var. Məmur xanımı F. B.-nın seyidin hiyləsinə gəlib 30 min dolları əldən çıxarması hələ də danışılır. Guya kimsə onun ölümü üçün cadu edib, seyid də bunu pozub. Amma heç yadımdan çıxmayan hadisələrdən biri də budur – Demək seyid Əlmədət adlı birisi xəstəni sağaltmaq üçün ondan 700 manat pul alıb. Əvəzində ona “şəfalı” su verib. 4-5 qab 20 litrlik su formasında. Əlmədət deyib ki, xəstə verdiyi 100 litrə yaxın suyun hər gün 100 qramını içməlidir. Bu minvalla həmin su nə qədər qalmalıydı, iylənməyib görən?

Hələ bir “Baron Seyid” var idi. Küllü miqdarda narkotik vasitə ilə yaxalanmışdı. Amma ən unikal hadisə Masallıda "Seyid vəsiqəsi"nin verilməsi idi. QMİ qazısı Hacı Mirqiyas Təhməzov hamıya seyid titulu verirmiş. O, Mirverdi oğluna "Seyid Ağa” vəsiqəsi vermişdi. Məsələyə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qarışmalı oldu.

Amma onu deyim ki, hələ də dara düşəndə “Seyid Həşim babanın cəddinə” sığınıram. Sadəcə nəzirimi əsl ehtiyacı olan birinə buraxıram.

# 16998
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar