“Arzum9999”, Manaf Ağayev niyə millətin dərdi olub ki? – REPLİKA
06 iyul 2026 14:55 (UTC +04:00)

“Arzum9999”, Manaf Ağayev niyə millətin dərdi olub ki? – REPLİKA

2

Son günlər telefonu əlinə alırsan, kompüteri açırsan, eyvandan boylanırsan – hər yerdə bloger “Arzum9999”un qəzası və müğənni Manaf Ağayevin hansısa bir məclisə getməməsi məsələsinin müzakirəsini görürsən. Məsələyə dəxli olub-olmayan hər kəs bunlardan yazır. Millətin proseslərə laqeyd olmaması əslində o qədər də pis deyil. Amma maraqlıdır ki, bunu şişirdə-şişirdə az qala milli problem səviyyəsinə çatdırıblar. Halbuki Azərbaycan vətəndaşı, milli maraqlarımız, gələcəyimiz və hətta tariximiz üçün bu müzakirələrin heç bir dəxli yoxdur.

Yaxşı edirsiniz, öz işinizdir. Sizi qınamaq kimi niyyətim yoxdur. Amma məni narahat edən odur ki, bəs hər birimizə dəxli olan milli məsələlərdə niyə belə hay-küy yarada bilmirik? Yanlış anlamayın, nə o qəzanın, nə də ki, məclisdə kiminsə iştirak etməməsinin haqlı və ya haqsız olmasını analiz etmirəm. Buna heç vaxtım da yoxdur. Millət üçün daha önəmli problemlərimiz olarkən biz niyə insanların özlərinin həll edəcəyi məsələ ilə bağlı hay-həşir qaldırırıq?

Sizin guya xəbəriniz yoxdur ki, dağ kimi oğullarımız, dünya çempionu olan idmançılarımızın bəziləri, valideynlərinin üzərində əsdiyi bir çox oğul-qız narkomaniyadan məhv olub gedir? Bunları yaxşı bilirsiniz! Bəs nə vaxt günlərlə bunu müzakirə edib xalqın ümumi dərdinə sızlamısınız? Demirəm, birlikdə ağlaşma qursaq, bu problemi kökündən həll edəcəyik, amma heç olmasa kimlərinsə gözünü aça bilərik axı...

Xəbəriniz var ki, Ermənistan müxalifəti adı ilə çıxış edən “ilanlar” bizdən qisas almaq niyyətindədirlər? Niyə bir dəfə onlara hamılıqla verdiyiniz cavabı görmürəm? İnanıram ki, çoxlarının onların adından, niyyətindən heç xəbəri də yoxdur.

Yaxın oturun, mən sizə deyim. Ermənistanda bir Robert Koçaryan var. Nə qədər insanımızın qanına girib. İndi o əli qanlı siyasətcik oradan bizə barmaq silkələmək istəyir. Yığışın bir yerə, bütün dünyaya onun kim olduğunu hamılıqla açıqlayın da. Görün o barmaq sınıb yerə düşər, ya yox?

Samvel Karapetyan, Serj Sarkisyan və daha kimlər... Arzumun məsələsində göstərdiyiniz reaksiyanı bunların bəyanatlarına qarşı niyə görmürük?

Bəli, bu gün onların bizə gücü çatmaz, çünki ağızlarının payını alıblar. Amma yenə "intiqam, intiqam" deyib çığıranda onlara bütün millət olaraq ən azından deməliyik ki, arzunuz gözünüzdə qalsın.

Mən hələ düşmənlərin öz adlarına çıxmağa çalışdığı milli-mədəni sərvətlərimizdən danışmıram. Xalçalarımız, musiqilərimiz, ay başınıza dönüm, hətta dolmamız belə oğurlananda elə susmuşdunuz ki...

Milli dəyərlərimiz, tarixi qazanclarımız nəhəng bir ağacın kökləri kimidir. Hamılıqla bu kökə, bu ağaca baxmasaq, onu "zərərli həşəratlardan" müdafiə etməsək, o kök məhv olar. Vallah, sizin basabas salaraq dayanmadan yazdıqlarınıza sadəcə təəccüb edirəm. Bu, ədaləti qorumaq-filan deyil. Özünüzü aldatmayın, biz onsuz da bu şouya inanmırıq. Sadəcə, hamı danışır, mən də bu xora qoşulum məsələsidir.

Deməli, belə. Arzu edirəm ki, Arzum arzularına qovuşsun, Manafın səsi daha da güclənsin, getmədiyi məclis qalmasın. Onlara bir qərəzim yoxdur...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 598

Oxşar yazılar