Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında növbəti sual Azərbaycan vətəndaşlığını əldə etməklə bağlıdır.
Kimlər və necə Azərbaycan vətəndaşı ola bilər?
Lent.az xəbər verir ki, vətəndaşlıq almaq üçün 5 il fasiləsiz daimi yaşayış, qanuni gəlir mənbəyi, Azərbaycan Konstitusiyasına, eləcə də qanunlarına əməl etmək və Azərbaycan dilini bilmək tələb olunur.
Vətəndaşlıq haqqında qanunda nəzərdə tutulmuş qaydada Azərbaycan vətəndaşlığını əldə etmək mümkündür. Əcnəbi şəxs ilk növbədə yaşayış icazəsi almaqla prosesə başlamalıdır. Müvəqqəti yaşayış icazəsi ilə Azərbaycanda 2 il qaldıqdan sonra daimi yaşayış üçün müraciət etmək mümkündür. 5 illik müddət daimi yaşayış sənədinin verildiyi gündən etibarən hesablanır. Şəxs Azərbaycan dilini öyəndikdən sonra müvafiq imtahandan keçməli və qanuni gəlir mənbəyinə sahib olmalıdır.
Müraciətlər Dövlət Miqrasiya Xidmətinə təqdim olunur, Azərbaycan vətəndaşlığını vermək səlahiyyəti isə Prezidentə aiddir.