Binaların həyətinə də QADAĞA nişanları qoyulur - Sakinlər maşınlarını harada park etsin?
02 fevral 2024 13:36 (UTC +04:00)

Binaların həyətinə də QADAĞA nişanları qoyulur - Sakinlər maşınlarını harada park etsin?

Bakının Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsində, əsas yoldan içəridə, yaşayış binasının həyətində qoyulan dayanma-durmanı qadağan edən nişan sakinlərin və sürücülərin başına bəla olub.

Lent.az xəbər verir ki, bir müddət əvvəl adıçəkilən ünvanda yaşayış binasının həyətinə, məhəllə yoluna dayanma-durmanı qadağan edən nişan qoyulub. Buna qədər isə orada sakinlər, ora yaxın ərazidə yaşayan və işləyən şəxslər avtomobillərini park edirdi. Görünən odur ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) əraziyə diqqət etmədən, məhəllə və binaların həyətinə də dayanma-durmanı qadağan edən nişanlar qoyur. Nəticədə həmin ünvanlarda avtomobillərini park edən sürücülər cərimələnir. 

Bu zaman belə bir sual ortaya çıxır, həyətinə dayanma-durma qadağandır nişanı qoyulan binanın sakinləri avtomobillərini harada park etməlidirlər?

Elə bu sualla da Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət etdik. 

Qurumdan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu nişanlar qoyularkən yol hərəkətinin təşkili zamanı piyadaların və nəqliyyat vasitələrinin rahat hərəkəti mütləq qaydada nəzərə alınır:

“Xətai rayonunun Nəcəfqulu Rəfiyev küçəsində də avtomobillərin və piyadaların maneəsiz hərəkətini təmin etmək məqsədilə “Dayanma-durma qadağandır” yol nişanı quraşdırılıb”.

QEYD: Nəzərinizə çatdıraq ki, qeyd olunan məhəllə yolundan piyada və avtomobillərin hərəkəti üçün istifadə olunmur. Bu yol binanın qarajına gedir. 
Qaraja ödəniş etməyən sakinlər isə həmin ərazidə avtomobillərini park edirlər.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli Lent.az-a bildirib ki, yol polisi dayanma-durma qadağandır nişanı olan bütün ərazilərdə qanuna uyğun olaraq tədbir görür: “Həmin ərazidə də dayanma-durma qadağandır nişanı qoyulduğu üçün tərəfimizdən tədbir görülür. Belə olan da sürücülərdən avtomobillərini orada saxlamamağı xahiş edə bilərik”.

Rəsmi qurumların cavablarından belə məlum olur ki, belə getsə Bakıda bütün binaların həyətinə dayanma-durmanı qadağan edən nişan qoyulacaq və hamı cərimələnəcək.

# 7149
avatar

Oxşar yazılar