Bir "qurtum zəhər", yoxsa sağlamlıq? - Etiketdə bulaq,  içində kran suyu
29 may 2025 10:56 (UTC +04:00)

Bir "qurtum zəhər", yoxsa sağlamlıq? - Etiketdə bulaq, içində kran suyu

Mətbəximizdəki kranlardan axan suyun dadı bizə yad gələndə çarəni qablaşdırılmış sularda axtarırıq. Marketlərdə müxtəlif adlarla satılan, biri 40 qəpik, digəri 9 manata təklif edilən bu suların doğrudan da Şahdağdan, Gədəbəydən, Naxçıvandan gəlib-gəlmədiyi isə sual altındadır. Hələ plastik butulkalarda uzun müddət qalanda dəyişən dad və qoxu da işin başqa tərəfidir. 

Bəs görəsən, Azərbaycanda qablaşdırılmış sularla bağlı problemlər niyə bitmir? Biz içdiyimiz suların təmiz və sağlam olduğuna necə əmin ola bilərik?

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Lent.az-a açıqlamasında bildirib ki, AİB-ə tez-tez qablaşdırılan sularla bağlı şikayətlər gəlir. Su ilahi bir maddə olsa da, bu sahə ətrafında alver və dələduzluq halları çoxdur:

“2013-cü ildə 25 min iştirakçının olduğu Marseldə Dünya Su Konqrensində olmuşam. Mən orada olarkən suyun ilahiliyini daha dərindən dərk etdim. Su ilahi bir madəddir. O, yeganə madəddir ki, həm qaz, həm kristal həm də maye halında olur. O, başqa maddələrdən fərqli olaraq, həm istidə, həm də soyuqda genişlənir. Su canlıdır. Təsadüfi deyil ki, insan orqanizminin 75, beynin 85%-i sudan ibarətdir. Bədənimizdə bu qədər su olduğunu nəzərə alsaq, gərək ki, xəstəliklərin də bir o qədər səbəbini suda axtaraq. 
 
Eyni su bir ailədə 3 nəfər uyğun gəlirsə, ikisinə uyğun gəlməyə bilər. Hələ də, elm sübut etməyib ki, bir ailənin 5 üzvündən hansının dezoksiribonuklein turşusuna (DNT)-nə, hansı su uyğun gəlir. 
 
Suyun ilahiliyindən su filteri alveri ilə məşğul olanlar və plastik qablaşdırılmada su satanlar istifadə edərək, pul qazanırlar. 
 
Azad İstehlakçılar Birliyinə hər ay su brendləri barədə şikayət zəngləri gəlir. Xüsusən Naxçıvandan gələn sular barədə vətəndaşlar haqlı olaraq soruşurlar ki, bu qədər su uzaq məsafələrdən necə gəlir? Doğrudanmı Naxçıvandan gətirilir?”. 


 
E.Hüseynov əlavə edir ki, suyun təmizliyini anlamaq üçün onun 300-ə yaxın parametri analiz edilməlidir. Amma bu, sadə istehlakçının edə biləcəyi iş deyil:

“Suyu analiz etmək üçün onun 300-ə  qədər parametrini araşdırmaq lazımdır. Sözsüz ki, bu da, o qədər asan məsələ deyil. Qablaşdırılaraq evlərə qədər çatdırılan suların hansı hissəsinin birbaşa krandan gəldiyini, hansı hissəsinin isə təmizləndiyini heç kim deyə bilməz.
 
İnsanlar təmiz və ya çirkli suyu ancaq çaydanın dibində yaranan ərp vasitəsilə müəyyən edə bilirlər. Təəssüf ki, bundan başqa da üsul da yoxdur”. 
 
“Filter biznesi ilə məşğul olanlar bunu fürsətə çevirib, 3-4 min manatlıq cihazlar satırlar”, – deyə AİB sədri bildirir:

“Biz  filteri ilə sağlamlığınızı qoruya biləcəyinizi söyləyə bilmərik. Çünki hələ məlum deyil ki, hansı su , hansı insana nə dərəcə təsir edir. Azad İstehlakçılar Birliyi filterlə bağlı istehlakçıların aldadılma hallarına qarşı bir çox şikayətlərə baxaraq, həll edib. Tövsiyyəmiz odur ki, hər dəfə müxtəlif su brendlərindən istifadə edin. 
 
Mən həm krandan, həm bulaqdan, həm də təmizlənərək qablaşdırmalarda satılan sudan içirəm. Suyu daim dəyişib içmək lazımdır”. 
 
AQTA indiyə qədər bir neçə su şirkətini ifşa edib:
 
“Müsbət haldır ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi suların etiket məlumatları ilə onların mənşəyini araşdırır. Onlar bir neçə su şirkətini də ifşa ediblər. Təsadüfi deyil ki, hazırda Azərbaycan Standartlaşdırma İnstitutunda qida məhsulları üçün etiket standartları hazırlanır. 
 
Azad İstehlakçılar Birliyi də bu komitənin üzvü kimi orada müəyyən təkliflər verib. Biz çalışacağıq ki, bazarda olan suların etiket məlumatları ilə tərkiblərinin uyğunlaşmasına nail olaq”,-deyə sədr qeyd edib.

AİB sədri bahalı su markalarının mövcudluğuna da münasibət bildirir. Onun sözlərinə görə, bazarda bir litri 9 manata olan su da var, 40 qəpiyə olan da. Bu qədər fərqin əsaslı izahı yoxdur:

“Suyun ilahiliyindən istifadə edən istehsalçılar insanları aldatmaq üçün hər cür yollara əl atırlar. Ölkənin əmtəə bazarında bir litri 9 manata, bir litri isə 40 qəpiyə olan sular satılır. İstehlakçılar soruşur ki, bu necə olur? Fərq nədən yaranır? Su yeganə məhsuldur ki, bu qədər qiymət fərqi var. 
 
Bəzi insanlar bahalı su alaraq özlərini müdafiə etdiklərini düşünürlər. Bu düşüncə özü kökündən yanlışdır. Suyu dəyişdirərək, müxtəlif mənbələrdən istifadə etmək lazımdır. 
 
Normal canlı su qaldıqca müəyyən qoxu verməlidir. Əgər o cansızdırsa, onda nə qədər istəsək, qoxu vermədən qalacaq. Bəzən qaynadılmış sudan da  istifadə etmək lazımdır. 
 
Bəzən insanlar cərəyanla işləyən çaydanlardakı sular soyuduqca, onu isidib yenidən içirlər. İstehlakçılar bilməlidirlər ki, 2-3 dəfə qaynadılmış suyu içmək çox zərərlidir.
 
Bütün hallarda şübhəli sularla rastlaşdıqda 1003 qaynar xətti ilə AQTA-ya məlumat verilməsini tövsiyyə edirik”,-deyə E.Hüseynov fikrini yekunlaşdırıb.

Təmiz su içmək üçün plastik qablaşdırmalarda satılan sulara üstünlük veririk, lakin həmin plastik təbiətin su dövranını, yəni gələcəkdə içəcəyimiz suyun keyfiyyətini zəhərləyir. Bir tərəfdən öz bədənimiz üçün yaxşısını istəyirik, digər tərəfdən isə yaşadığımız ətrafı, bədənimizi bəsləyən təbiəti məhv edirik.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov Lent.az-a bildirib ki, qablaşdırılmış sular ətraf mühitə də zərərlidir:


 
“Qablaşdırılmış sulardan istifadə son dövrlərdə bütün ölkələrdə daha geniş yayılmağa başlayıb. Bunun əsas səbəbi isə mərkəzləşdirilmiş qaydada evlərə verilən suların həddən artıq çirkli olmasıdır. Suların çirkli və ziyanlı minerallarla zəngin olması səbəbindən insanlar bu sulardan içə bilmirlər.  Buna görə də, onlar ya suyu qaynadırlar, ya filterlerdən istifadə edirlər, ya da alternativ kimi hazır qablaşdırılmış sulardan alırlar. Qablaşdırılmış sulardan istifadənin xüsusən ətraf mühitə zərəri var. Hər bir qab potensial tullantı və xərcdir. Bu qabların toplanaraq emal olunması və yenidən istifadəsi kimi problemlər və xərclər ortaya çıxır. 
 
Qablaşdırılmış sular adi sualarla müqayisədə 500, hətta 1000-2000 dəfə baha olur. İndi ən ucuz 20 litrlik qablaşdırılmış su 4-5 manatdır. Adi satış suyunun 1000 litri isə 70 qəpikdir. Bunları müqayisə edəndə, qablaşdırılmış suların nə qədər baha olduğunu görə bilərik.
 
Plastik butulkalarda satılan suların özü də əlavə problemlər yaradır. Suyu sifariş verilməsi, onun çatdırılması, təhvil alınması və s. kimi fəaliyyətlər əlavə xərclərdir. Bunların qarşısının alınması üçün yaxşı olar ki, mərkəzləşdirilmiş su sistemlərinə investsiya qoyulsun və insanlar rahatlıqla ondan istifadə etsinlər”,-deyə ekoloq qeyd edib.

Plastik qablaşdırmadakı suların cibimizə, canımıza və ətraf mühitə xeyirdən çox zərəri varsa, o halda evlərə gələn xlor dadındakı suları rahatlıqla içə bilərikmi?

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Lent.az-a bildirildi ki, abonentlərə ötürülən içməli su adından da göründüyü kimi içməyə tam yararlıdır:


 
“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətitərəfindən abonentlərə ötürülən içməli su öncə mexaniki təmizləyici üsulla qum süzgəcindən, ardından mərhələli şəkildə yeni texnologiya olan ultrasüzgəcli qurğulardan keçirilir. 
 
Bütün xətlərdən gələn emal olunan sular Bakı şəhərində yerləşən 23 mərkəzi su anbarları və nasos stansiyalarına ötürülür. Emal olunan su hər bir nöqtədə xlor tərkibli reagentlər vasitəsilə zərərsizləşdirilərək magistral paylayıcı kəmərlərə ötürülür. Bütün qurğular üzrə təmizlənmə prosesləri yekunlaşdıqdan sonra 38 nöqtədən su nümunəsi götürülür və gündəlik olaraq Ceyranbatan içməli su fiziki-kimyəvi və bakterioloji laboratoriyasında yoxlanılır. Şikayətlərin motivinə uyğun olaraq götürülən su nümunələrinin sayı arta da bilir. 
 
Su əhaliyə verildikdən sonra da mütəmadi olaraq kənd, qəsəbə və şəhərlər üzrə analizlər aparılır. Mərkəzi Laboratoriyada həm Bakı şəhərinin mərkəzi su anbarlarından, həm də məhəllədaxili anbarlardan gündəlik götürülən 44 sayda su nümunəsi üzərində də analizlər həyata keçirilir. Həm bakterioloji, həm də fiziki-kimyəvi göstəricilər üzrə təhlillər edilir”. 

Bəs sudan niyə xlor dadı gəlir? Xlorlu suyu necə içək?
 
Qurumdan içməli sudan xlor dadının niyə gəldiyi ilə bağlı suala da aydınlıq gətirilib. Bildirilib ki, içməli suya xlorun qatılması suyun dezinfeksiya olunması üçün ən geniş istifadə olunan və effektiv üsullardan biridir:

“Xlor mikroorqanizmləri, virusları və bakteriyaları öldürərək suyun insan istehlakı üçün təhlükəsiz olmasını təmin edir. Bu proses xüsusilə su təchizatı sistemlərində vacibdir, çünki suyun böyük məsafələr qət edərək daşınması zamanı çirklənmə riskini azaldır.
 
Xlor bakteriya və virusları öldürərək suyu yoluxucu xəstəliklərdən qoruyur, su borularında və anbarlarda uzunmüddətli qorumanı təmin edir və ən optimal dezinfeksiya üsulu sayılır.
 
Bununla belə, xlorun çox yüksək dozalarda istifadəsi insan sağlamlığı üçün risk yarada bilər. Buna görə də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və digər beynəlxalq qurumlar içməli sudakı xlor miqdarını müəyyən standartlar çərçivəsində saxlamağı tövsiyə edir. Ölkəmizdə də təbii ki, bu standartlara uyğun tətbiq prosesi həyata keçirilir”,-deyə qeyd olunub.

Nəticə isə belədir, hər gün plastik butulkalardan içilən bir qurtum su, bəlkə də gələcəkdə içilə bilməyəcək qədər çirklənmiş bir bulağın başlanğıcıdır. Hər birimiz isə bu prosesin bir hissəsiyik. 

Bir reallığı qəbul etməliyik. Təbiətin zəhərləndiyi bir dünyada, heç bir su həqiqətən təmiz ola bilməz. Sağlamlıq üçün seçdiyimiz yol, əgər təbiəti dağıtmaqdan keçirsə, bu yolun sonu qaçılmazdır. Həm bizim, həm də növbəti nəsillərin susuzluğu…

Azərbaycan Dövlət Qida Təhlükəsizliyi Agentliyinin də qablaşdırılmış sulara münasibətini öyrənmək üçün sorğu ünvanlamışıq. Qurumdan cavab gəldiyi zaman məqalə yenilənəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4412

Oxşar yazılar

Qəza törədən sürücülərə MÜRACİƏT

Qəza törədən sürücülərə MÜRACİƏT

30 may 2025 , 09:35
Birdən böyük pul qazana biləcək  6 BÜRC

Birdən böyük pul qazana biləcək 6 BÜRC

30 may 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

30 may 2025 , 08:28
Bakının bəzi ərazilərində qaz olmayacaq

Bakının bəzi ərazilərində qaz olmayacaq

30 may 2025 , 07:52
Psixoloqları gələcəkdə nə gözləyir? – Chatgpt-dən soruşduq-VİDEO

Psixoloqları gələcəkdə nə gözləyir? – Chatgpt-dən soruşduq-VİDEO

30 may 2025 , 04:35
2025-ci ildə ən çox pul qazanacaq  BÜRCLƏR

2025-ci ildə ən çox pul qazanacaq BÜRCLƏR

29 may 2025 , 18:40
Bakının bu qəsəbəsində su KƏSİLƏCƏK

Bakının bu qəsəbəsində su KƏSİLƏCƏK

29 may 2025 , 17:48
 Şirin qarpız   seçməyin YOLLARI

Şirin qarpız seçməyin YOLLARI

29 may 2025 , 17:46