Hacı Fuad Nurullayev
05 iyun 2025 16:08 (UTC +04:00)

Hacı Fuad Nurullayev

"Bu insanlara qurban kəsmək vacib deyil" - Hacı Fuadla MÜSAHİBƏ

Sabah Qurban bayramıdır. Həmin gün imkanlıların yoxsullara yardım etdiyi, xəstələrin və ölmüş yaxınların ziyarət olunduğu, dualarla, ibadətlərlə keçən müqəddəs gündür.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev Lent.az-a müqəddəs bayram münasibətilə ilə müsahibə verib.

- Hacı Fuad bəy, ölkə üzrə bütün məscidlərdə sabah bayram namazı qılınacaq. İlk gün üzrlü səbəblərdən namaz qıla bilməyən şəxslər növbəti gün qıla bilərlər?

- Sabah Qurban bayramıdır. Dövlət səviyyəsində Qurban bayramı üçün 2 gün ayrılıb. Lakin şəriət qaydalarına görə insanlar 3 gün, yəni 6,7 və 8 iyunda qurban kəsə bilərlər. 

Hər il olduğu kimi bu il də, bütün məscidlərdə bayram namazı qılınacaq. Məscid icmasının rəhbərliyi və imam namaz vaxtını oraya gələn insanlara uyğun olaraq, səhər saat 8-ə, yaxud 9-a təyin edə bilərlər. 

Rayonların çoxunda namaz 8 və 9-da qılınır. Bakı və Bakı ətrafı kəndlərin əksəriyyətində isə namaz səhər saat 9-da qılınır. Sabah bəzi məscidlərdə, Əjdərbəy (Göy məscid), Heydər məscidində namaz saat 8-də qılınacaq, lakin insanların gəlişi, çoxluğu ilə əlaqədar saat 9-da da yenidən namaz qılına bilər. Məscid icması bu məsələdə ixtiyar sahibidir. 

Qurban bayramı dövlət səviyyəsində 2 gün qeyd edilsə də, bayram namazı təkcə ilk gün, yəni iyunun 6-sı qılınır.

- Qurban bayramının simvolu olan qurbanlıqları seçərkən, alarkən və kəsərkən nələrə diqqət etmək lazımdır?

- Qurban ən az xırdabuynuzlu heyvanlardan – qoç, qoyun, keçi kəsilir. Maddi durumu yaxşı olan ailə başçısı bir xırdabuynuzlu heyvan kəssə, yaxşı olar. 

Bir neçə insanın şərikinə bir xırdabuynuzlu kəsməsi məsləhət görülmür. Bəzən istisna hallarda bir neçə yox, 2 nəfər şərik ola bilər. Hər bir halda, hamı təkcə öz adından qurban kəssə, bu daha doğrudur.

İribuynuzlu heyvanın çəkisinə uyğun olaraq, ona 5-7-10-15 nəfərin şərik olması mümkündür. 

Qurbanlıq xırdabuynuzlu, iribuynuzlu heyvandan və dəvədən kəsilə bilər. Qurbanlıq kəsərkən onun yaşına diqqət etmək mütləqdir. Qurban kəsiləcək xırdabuynuzlu heyvanların yaşı ən az 8 ay və ondan yuxarı, iribuynuzlu heyvanın 1-dən çox, dəvənin isə 5 yaşı olmalıdır.

Kəsilən heyvan 3 hissəyə ayrılmalıdır. Kəsən insan onun bir hissəsini öz ailəsi üçün, digərini qohum-əqrəbaya, sonuncu hissəni isə yad insanlara verməlidir. Qurbanlıq paylar ayırarkən heyvanın hər bir nahiyəsindən qoymaq lazımdır.

Ola bilər ki, heyvanı kəsən şəxs ehtiyac sahibi deyil. Bu zaman o, həmin payını yoxsullara paylaya bilər. 

- Fuad bəy, qurban kəsə, yaxud həmin ətdən yoxsullara verə bilmədikdə, əvəzində nə etmək olar?

- Yoxsullara təkcə qurban payı deyil, ərzaq yardımı da etmək olar. Burada əsas məsələ imkansız ailələrə yardım etmək, onların rifahını yaxşılaşdıracaq işlər görməkdir. 

- Bayramda qurban kəsmək kimlər üçün vacibdir? Və ya əksinə kimlər qurban kəsməyə bilərlər?

- İsmayıl qurbanı kəsmək Məkkədə olan insanlar üçün vacibdir. Digər insanlar isə bu qurbanı imkan daxilində Allahın bəyəndiyi əməl kimi edirlər.

Maddi durumu zəif olan insanların üzərində qurban kəsmək şərti yoxdur. Xüsusən, borcları olan, ailəsinin təmintını zorla qarşılayan insanlar qətiyyən qurban kəsmək fikrinə düşməməlidirlər. Çünki onlar özləri ehtiyac sahibidirlər. 

- Ramazan bayramında xüsusi ibadətlər edirik. Qurban bayramı üçün bu cür ibadətlər varmı?

- Qurban bayramı insanlığın xilası, bəşəriyyətin nicatıdır. Bu bayramın hikməti çox böyükdür. Qurban bayramında ən böyük ibadət məhz qurban kəsməkdir. Bu İslam dinində bəyənilən ən böyük ayindir.
Təkcə məscidlərdəki xütbələrə, dualara, moizələrə qulaq asmaq, ən yaxşı ibadətlərdən sayılır. Bundan əlavə hansısa qeyri-adi ibadətlərlə məşğul olmağa gərək yoxdur. 

İnsanlıq baxımından yoxsullara qurban payı vermək, xəstələri ziyarət etmək, qohum-əqrəba ilə əlaqə saxlamaq da ibadət hesab olunur. 

Bayramda yalnız gözəl, bəyənilən işlər edilməlidir. İnsanın günah etmədiyi, gözəl işlərlə məşğul olduğu hər gün bayramdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1690

Oxşar yazılar