Aşpaz CZN Burak və Yağmur Firuz
03 yanvar 2021 16:41 (UTC +04:00)

Aşpaz CZN Burak və Yağmur Firuz

Əsgərlərə salat hazırlayan fenomen Lent.az-a DANIŞDI: “Düşünməzdim ki…”FOTO + VİDEO

“Bir neçə şey almaq üçün mağazaya getmişdim. Birdən gözüm qarox və mayonezi görəndə ürəyimdən keçdi ki, əsgərlərimiz üçün salat hazırlayım. Hazırlayanda isə uşaqların çəkdiyini gördüm. Onda türkiyəli məşhur aşpaz CZN Burakı (Burak Özdəmir) təqlid etməyə başladım”.

Bu sözləri Lent.az-a açıqlamasında əsgərlərə salat hazırlaması videosu ilə sosial şəbəkə fenomeninə çevrilən Yağmur Firuz deyir. O bildirir ki, daha sonra çəkilən videonu dostu Emin Tarverdiyevə göndərib:

- Dostum da özünün sosial şəbəkə hesabında paylaşdı. Sonra birdən-birə yayıldı və hamı paylaşmağa başladı. Videonun bu qədər bəyəniləcəyi və yayılacağı ağlımın ucundan belə keçməzdi. 

Yağmur Firuz bundan əvvəl Aran Film Yaradıcılıq Mərkəzində işlədiyini, əsgər olmadığını, sadəcə Vətən Müharibəsi başlayandan sonra könüllü olaraq qəhrəmanlarımıza kömək üçün yola düşdüyünü deyir:

- Elə videonu göndərdiyim dostum Eminin təklifi ilə bir qrup şəxs əsgərlərə yardım üçün bir yerə yığışmışdıq. Onda oturub məsləhətləşdik və əsgərlərə hazırda lazımlı olan əsas şeylərdən birinin də hamam olduğu qənaətinə gəldik. Dostlarla yığışıb lazımlı materialları aldıqdan sonra atam, qardaşım və yeznəmiz ilə birlikdə yola düşdük. Elə oldu ki, qızımın ad günündə yola çıxası olduq. Ona görə də tarix dəqiq yadımdadır. Qızımın ad gününü də bir gün qabaqcadan axşam qeyd etdik. Noyabrın 3-dən burdayıq və könüllü olaraq əsgərlərimizə hamamlar tikirik. Hamam tikmək üçün yollandığımız hər bir yerdə qələbə xəbərlərimizi ardıcıl eşidirdik. Şuşanın azad olunması xəbərini isə Xudafərin körpüsünün düz kənarında olanda almışdıq. Sevincimizin həddi-hüdudu yox idi. Qələbə xəbərləri isə bizi daha da ruhlandırırdı.

Bakıda yaşadığını bildirən arxa cəbhə qəhrəmanı bildirir ki, noyabr ayının 3-dən cəmi bircə dəfə, anasının ad günündə evinə gəlib:

- Əsgərlərimiz bizim, torpağımız üçün vuruşduğu zaman rahat yata bilmirdim. Hər nə cür olsa da onlara kömək etməli idim. Az da olsa yardımım olduğu üçün çox sevincliyəm. Hələ bir müddət də burada qalaraq, hamam tikməyə davam edəcəyik. İşğaldan azad olunan bir neçə yerdə hamamlar tikmişik və əsgərlərimiz rahat, isti su ilə çimə bilirlər.

Bunu da əlavə edim ki, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev də bizimlə bir neçə dəfə gəlib görüşüb və minnətdarlığını bildirib.

Xatırladaq ki, məşhur aşpaz CZN Burak (Burak Özdəmir) sözügedən videonu Tvitter hesabında paylaşıb.

O, videoya “Salam olsun qardaşlara” qeydini yazıb.

# 12366
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar