Günah həmişə öləndə olur?  -  Özünü öldürməyə sövq etməyin CƏZASI
09 sentyabr 2024 17:07 (UTC +04:00)

Günah həmişə öləndə olur? - Özünü öldürməyə sövq etməyin CƏZASI

Texnologiya dövrünün təsirlərindəndir. Hamı harasa tələsir. Kimisi işə, kimisiə evə, kimisi tətilə, kimisə də ölümə...

Təəssüflə qeyd etmək istərdik ki, ölümə tələsənlərin sayı durmadan artır. Kimisi özünü yandırmaqla, kimisi hündürmərtəbəli binadan özünü atmaqla, kimisi damarını kəsərək, kimisi də iki körpə balasını sinəsinə basaraq intihar yolunu seçir. Bir də başqa şəxslər tərəfindən özünü öldürmə həddinə çatanlar var. İntihar çıxış yolu deyil. Amma başqa çarə tapmayanların ən çox üz tutduğu yol məhz intihardır. Özü də fərqli üsullarla.

Bəs nədir insanı şirin canından bezdirən səbəblər? Onları intiharın müxtəlif formalarını seçməyə nə vadar edir? Ölüm ya olum?...

Bəs, Cinayət Məcəlləsinə görə, özünü öldürmə həddinə çatdırmağın cəzası nədir?

Bu barədə Lent.az-a vəkil Əsabəli Mustafayev ətraflı açıqlama verib.

Onun sözlərinə görə, bu maddə ilə tövsif olunma üçün zərərçəkmişin təqsirləndirilən şəxsdən asılılığı vacibdir:

“Özünü öldürmə həddinə çatdırmaya görə, məsuliyyət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsində nəzərdə tutulub. Orada birbaşa göstərilir ki, hansı hərəkətlər bu maddə ilə tövsif oluna bilər. Maddə çox qısadı. Orada göstərilir ki, təqsirləndirilən şəxsdən maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə qorxu, gəlmə yolu ilə özünü öldürmə dərəcəsinə çatdırma bu maddə ilə tövsif olunur.

Gördüyünüz kimi, burada zərərçəkmişin təqsirləndirilən şəxsdən asılılığı vacibdir. Sonra ona amansız rəftar olunması, ləyaqətini mütəmadi olaraq alçatmaq, ya hədə qorxu gəlmək. Bu əlamətlər mütləq olmalıdır ki, təqsirləndirilən şəxsin hərəkətləri 125-ci  maddə ilə tövsif olunsun. Cinayət qanunvericiliyinə görə, bu, qəsdən birbaşa və ya dolayısı ilə qəsdən törədilən hərəkətlərdir. Bəzən özünü öldürməyə cəhd edən şəxsə vaxtında müdaxilə nəticəsində sağ qala bilər. İstənilən halda həmin hərəkətlər bu maddə ilə tövsif olunacaq”.

Vəkil bildirib ki, təqsirləndirilən şəxs üç ildən yeddi ilə qədər müddətdə azadlıqdan məhrum edilə bilər:

“Burada mütləq qəsd olmalıdır. Bəzən praktikada da olur ki, təqsirləndirilən şəxsin ehtiyatsız hərəkətləri nəticəsində zərərçəkmiş özünə qəsd edir. Bu zaman artıq maddə dəyişdirilir. Son illərdə özünü öldürmə həddinə çatdırma əməli ilə bağlı yeniliklər var. Ancaq son zamanlar xarici mətbuatda da oxuyuruq ki, kimlərsə, xüsusilə cavanlar, gənclər özlərinə ölüm, qəsd qrupları yaradırlar. Həmin qrupa qoşulan gəncləri özünü öldürməyə sövq eləyirlər. Həmin hərəkət də 125-ci maddənin təsiri altına düşür. Hərçənd ki, həmin qrupda olan şəxslər təqsirləndirilən şəxslə zərərçəkmiş heç bəzən bir-birilərini tanımırlar, heç bir asılılığı yoxdur. Bu, yenilikdir. Bizim qanunvericiliyin dispozisiyasına görə həmin hərəkətlər, ölüm qruplarının yaradılması, ölümə sövq edilmə 125-ci maddə ilə tövsif oluna bilməz. Amma xaricdə artıq var.

Praktikada olan yeniliyi nəzərə alaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 15 sentyabr 2022-ci il tarixli qərarında bu məsələyə toxunub. Lakin qanunvericilikdə bu əlamətlər sadalanmır və istintaq bu halda bilmir ki, həmin hərəkətləri hansı maddə ilə tövsif eləsin. Əslində, bu, 125-ci maddə ilə olmalıdır. Amma bizdə həmin maddənin dispozisiyasında belə hərəkətlərə hüquqi məsuliyyətin əsas olması göstərilmir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2274
avatar

Fidan İlqar

Oxşar yazılar