Hüseyn Abdullayevi tanınmış həkim müayinə edəcək - YENİLƏNİB
19 sentyabr 2024 14:30 (UTC +04:00)

Hüseyn Abdullayevi tanınmış həkim müayinə edəcək - YENİLƏNİB

Cinayət yolu ilə əldə edilmiş 5,5  milyon manat pulu leqallaşdırmaqda ittiham olunan keçmiş deputat Hüseyn Abdullayevin məhkəməsi davam etdirilib. 

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesə Hüseyn Abdullayev yenidən onlayn qoşulub. 

O, əvvəlki prosesdə mediada yayılan fotosunu əsas gətirərək kamera qarşısına çıxmaqdan imtina edib. Hakim Azər Tağıyev o halın təkrar baş verməməsi üçün bütün lazimi tədbirlərin görüldüyünü nəzərə çatdırsa da, “Quska”  fikrindən daşınmayıb. 

Ancaq hakim bunun mümkün olmadığını bildirdi və vəkil Şəhla Hümbətovanın yanında olmaqla prosesi davam etdirib.

Təqsirləndirilən Hüseyn Abdullayevin vəkili müdafiə etdiyi şəxsin səhhəti ilə əlaqədər olaraq ATU-nun professoru Adil Qeybullanın müalicə məntəqəsinə dəvət edilməsi ilə bağlı vəsatət qaldırıb:

“Müdafiə etdiyim şəxsin vəziyyəti ağırdır. O, çəki itirib. Onun müalicə mərkəzində müalicəsinin davam etdirilməsi ilə bağlı vəsatət bundan öncəki prosesdə təmin edilmədi. Lakin bizə bildirdilər ki, məhkəmə icazə versə, bura müayinə üçün həkim gələ bilər. Bu hal yaşanıb. Sadəcə məhkəmənin icazəsi lazımdır”.

Professor Adil Qeybullanın dəvət edilməsi vəsatətinə dövlət ittihamçısı etiraz etsə də, məhkəmə vəsatəti təmin edib. 

Sonra dövlət ittihamçısı Rauf Malışov hakimin təklifi ilə ittiham aktını elan edib. İttiham aktına görə, Hüseyn Abdullayev 2006-2014-cü illərdə cinayət yolu ilə əldə etdiyi 5 milyon 581 min manat pulu bankdakı hesabları vasitəsilə leqallaşdırıb. 

Dövlət ittihamçısı ittiham aktını elan edən zaman Hüseyn Abdullayev səhhəti ilə əlaqədar dayana bilmədiyindən ittiham aktının tam oxumasına etiraz edib. Həmçinin bildirib ki, ittiham aktı saxta tərtib olunub. Həmçinin “Quska” özünü təqsirli hesab etməyib. 

Sonra təqsirləndirilən şəxsin vəkili Ceyhun Yusifov dövlət ittihamçısına belə bir sual verib: "Cənab prokuror, 2006-2014-cu illərdə bu maddə Cinayət Məcəlləsində var idi?"

Dövlət ittihamçısı Rauf Malışov cavab olaraq bildirib ki, Hüseyn Abdullayevə verilən ittihamı müdafiə edirəm. 

Hakim Azər Tağıyev cinayət işinin sübuta yetirildiyi halda 7 ildən 12 ilədək onu həbs cəzası verilə biləcəyini nəzərə çatdırıb. Təqsirləndirilən Hüseyn Abdullayev istintaqa verdiyi ifadəni təstiq edib. 

Sonra qəbul olunan qərara əsasən, məhkəmə istintaqı ilkin olaraq şahidlərin dindirilməsi ilə başlayıb.

Şahid qismində çıxış edən İlqar Mustafayev bildirib ki, mən Hüseyn Abdullayevi 1994-cü ildən tanıyıram:

“1995-ci ildə isə mən onun restoranında administrator vəzifəsində işləmişəm. Həmçinin mən onun digər obyektlərində işçilərə nəzarət edirdim. Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva mənə etibarnamə vermişdi. Mən onların ödəniş işlərini də həyata keçirirdim. Onların obyektlərindən pul yığırdım. Pulları bəzən nağd özlərinə təhvil verirdim, bəzən də onların bank hesabına köçürürdüm. Tapşırıqları mənə hər üç şəxs verirdi”. 

Şahidin ifadəsi bitdikdən sonra vəkil Günay İsmayılova şahidin istintaq dövründə verdiyi ifadə ilə indiki ifadənin ziddiyyət təşkil etdiyini məhkəməyə bildirib. 

Məhkəmə prosesi oktyabrın 3-ə təyin edilib.

Xatırladaq ki, cinayət işinin istintaqı Baş Prokurorluq tərəfindən aparılıb.

Qeyd edək ki, Hüseyn Abdullayev 2018-ci ildə həbs edilib. O, külli miqdarda maddi ziyan vurmaqla dələduzluqda ittiham edilərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.

***
13:53

Sabiq deputat Hüseyn Abdullayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən proses bu dəfə də onlayn formatda təşkil olunub.

Təqsirləndirilən Hüseyn Abdullayev səhhətində olan problemlə bağlı veb-kamerada görüntülənməkdən imtina edib. Buna görə də məhkəmə görüntü olmadan, amma səslə, vəkili ilə birlikdə iştirakı ilə prosesin davam etdirilməsini qərara alıb.

Vəkillər vəsatət qaldıraraq təqsirləndirilənin səhhətində olan ciddi problemlə bağlı tanınmış həkim, professor Adil Qeybullayevin Penitensiar Xidmətin müalicə müəssisəsində onu müayinə etməsinə icazənin verilməsini istəyiblər. Dövlət ittihamçısı isə öz növbəsində vəsatətə etirazını bildirərək, Hüseyn Abdullayevin proseslərdə iştirakına mane ola biləcək hər hansı səhhət probleminin olmadığını bildirib. O, bununla yanaşı, Penitensiar Xidmətin Tibb İdarəsində kifayət qədər ixtisaslaşmış tibb mütəxəssislərinin də olduğunu vurğulayaraq, professor Adil Qeybullayevin müayinəsinə ehtiyacın olmadığını deyib. Məhkəmə heyəti yerində müşavirə edərək təqsirləndirilənin vəkillərinin vəsatətini qəbul edib. Daha sonra dövlət ittihamçısı Hüseyn Abdullayevə ittiham aktını elan edib.

Xatırladaq ki, 2019-cu ilin oktyabr ayında H.Abdullayev altı il müddətinə azadlıqdan məhrum edilib.

Sabiq deputata hədə-qorxu ilə tələb etmə, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və digər əməllərlə bağlı ittiham verilib.

Həbs müddətinin bitməsinə az qalmış onun barəsində yenidən cinayət işi başlanılıb.

İstintaqla Hüseyn Abdullayevin bilə-bilə cinayət yolu ilə əldə etdiyi əmlakın həqiqi mənbəyini gizlətmək məqsədilə özünün və ailə üzvlərinin adlarına ölkəmizdə fəaliyyət göstərən banklarda açılmış yeddi bank hesabı vasitəsilə ümumilikdə 5.5 milyon manatdan artıq pul vəsaitini müxtəlif fiziki və hüquqi şəxslərin Azərbaycan Respublikası və xarici ölkələrdəki bank hesablarına köçürməklə, konvertasiya əməliyyatlarını həyata keçirməklə, habelə qanunsuz əqdlər bağlamaqla yaxın qohumunun adına Azərbaycan Respublikası ərazisində daşınmaz əmlaklar alaraq həmin məbləğdə pul vəsaitini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib./oxu.az

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4332
avatar

Fidan İlqar

Oxşar yazılar