Köhnə telefon və batareyalar radiasiya saçır? - Alimdən MARAQLI AÇIQLAMA
11 sentyabr 2026 17:38 (UTC +04:00)

Köhnə telefon və batareyalar radiasiya saçır? - Alimdən MARAQLI AÇIQLAMA

0

Şəhərlərin sürətlə böyüməsi, tikintinin artması, nəqliyyat sıxlığı və tullantıların çoxalması ekoloji problemləri daha da aktuallaşdırır. Bakıda son illər yeni park və yaşıllıq zonalarının salınması şəhərin ekoloji yükünün azaldılması baxımından mühüm addım kimi təqdim olunur. Lakin əsas məsələ yalnız ağac əkmək deyil, paytaxtın quraq və küləkli iqliminə uyğun, uzunömürlü və davamlı ağac növlərinin seçilməsidir. Digər tərəfdən, gündəlik həyatda istifadə etdiyimiz telefon, batareya, televizor və kompüter kimi elektron cihazların sıradan çıxdıqdan sonra adi məişət tullantıları ilə birlikdə atılması torpaq və su üçün ayrıca təhlükə yaradır. Belə tullantıların tərkibində olan ağır metallar və müxtəlif kimyəvi maddələr zamanla ətraf mühitə qarışa bilər.

Bəs yeni parklar Bakının havasını həqiqətən təmizləyə bilirmi, paytaxt üçün hansı ağac növləri daha əlverişlidir, elektron tullantılardan torpağa və suya hansı zərərli maddələr keçir və onların radiasiya yaratması mümkündürmü?

Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ənvər Əliyev Lent.az-a açıqlamasında bildirib ki, Bakı şəhərində parkların sayının artırılması olduqca vacibdir:

Ekoloqdan GÖZLƏNİLMƏZ AÇIQLAMA: "Xəzər dənizi gizli borularla  çirkləndirilir" - Oxu.az

“Bu, Bakının havası və ətraf mühiti, eləcə də insanların istirahəti, asudə vaxtlarını keçirməsi və dincəlməsi baxımından mühüm şərtlərdən biridir. Bunun müzakirəyə ehtiyacı yoxdur, çünki təbii və zəruri haldır.

Bildiyimiz kimi, Bakı güclü daxili miqrasiya nəticəsində böyük insan axını ilə üzləşib. Belə hallarda şəhərdə çoxsaylı problemlər yaranır. Bunlardan biri də yaşıllıq sahələrinin artırılması, insanların təmiz havaya olan ehtiyacının ödənilməsi və yaşayış yerlərinə yaxın ərazilərdə istirahətin təşkil edilməsidir. Bunların hamısı vacib şərtlərdir. Lakin bu sahədə hələ də problemlərimiz var.

Deyilənə görə, hazırda Bakı şəhərində rəsmi olaraq üç milyondan artıq insan yaşayır. Yarım milyona qədər qanunsuz tikilinin olduğunu da nəzərə alsaq, faktiki göstərici təxminən iki dəfə arta bilər. Bu halda yaşıllıq sahələrinə və insanların digər ehtiyaclarının ödənilməsinə tələbat da çoxalır.

Təxmini hesablamalara əsasən, hər bir vətəndaş üçün 50 kvadratmetrədək yaşıllıq sahəsi nəzərdə tutulmalıdır. Ona görə də parkların və yaşıllıqların artırılması vacibdir.

Ağac növlərinin seçilməsi məsələsinə də xüsusi diqqət yetirilməlidir. Vaxtilə ağac növləri görkəmli alimlər Həsən Əliyev, İbrahim Səfərov və digər mütəxəssislər tərəfindən seçilirdi. Bu zaman Bakının həm küləkli, həm də quraq iqlimə malik şəhər olması nəzərə alınırdı. Ağacların həmin ərazidə bitmə qabiliyyəti, uzunömürlülüyü, kölgəlilik xüsusiyyəti və çətirinin geniş olması diqqətdə saxlanılırdı. Ağaclar geniş çətirləri vasitəsilə həm kölgə yaradır, həm də insanları oksigenlə təmin edir. Bütün bu məsələlər nəzərə alınırdı və indi də bunlara fikir vermək lazımdır.

Ən yaxşı ağac növlərindən biri xan çinarıdır. Bu, “Qırmızı kitab”a düşmüş ağacdır və çox gözəl xüsusiyyətlərə malikdir. Akademiyanın bağında da bu ağacları görmək mümkündür. Xan çinarlarının böyük çətirləri var və onlar uzunömürlüdür. Bu ağacların ömrü yüzillərlə ölçülür. Bəziləri 300, 500 il və daha uzun müddət yaşaya bilir. Yay aylarında onların geniş çətirlərinin altında rahatlıqla istirahət etmək mümkündür. Bu ağaclar kölgəlik yaradılması ehtiyacını da ödəyir.

Bəzi ərazilərdə və yol kənarlarında zeytun ağacları da əkilir. Bu da pis seçim deyil. Şabalıdyarpaq palıd da müəyyən sahələrdə faydalı ola bilər.

Şəhərdə həmişəyaşıl ağaclardan və xırda kol bitkilərindən də mütləq istifadə edilməlidir. Bu, qış aylarında şəhərin çılpaq və cansız görünməməsi üçün vacibdir. Xüsusilə şam, küknar və digər iynəyarpaqlı ağacların əkilməsi məqsədəuyğundur. Bunların da şəhər yaşıllığında olması vacibdir.

Batareyalardan və digər avadanlıqlardan çıxarılan maddələrə gəldikdə isə, onların tərkibində palladium kimi qiymətli materiallar olur. Palladium çox bahalı maddədir. Həmçinin yarımkeçirici materiallar və digər qiymətli məhsullar mövcuddur. Ustalar adətən bunları özləri ayıraraq çıxarırlar.

Qiymətli maddələr, xüsusilə də palladium mütəxəssislər tərəfindən çıxarılır. Çünki onlar həmin materialların böyük dəyərə malik olduğunu və müxtəlif sahələrdə lazım olduğunu bilirlər. Buna görə də həmin maddələr avadanlıqlardan ayrılır və yenidən istifadə olunur. Nəticədə ətraf mühit üçün ciddi və qorxulu vəziyyət yaranması ehtimalı aşağıdır.

Ola bilər ki, həmin avadanlıqlarda müəyyən kimyəvi maddələr də olsun. Bu məsələyə kimyaçılar daha dəqiq münasibət bildirə bilərlər. Ancaq mən indiyədək belə avadanlıqlardan təhlükəli maddələrin ətrafa atılması və bunun ciddi ekoloji problem yaratması ilə bağlı konkret hadisəyə rast gəlməmişəm.

Radiasiya yarada bilən maddələr isə həmin avadanlıqlarda çox az miqdarda olur. Onlar da qiymətli olduğu üçün çıxarılır, götürülür və başqa sahələrdə yenidən istifadə edilir”.

Yazı Medianın İnkişafı Agentliyinin “ekologiya və ətraf mühitin mühafizəsi” mövzusunda dərc edilib.

Medianın İnkişafı Agentliyi — Vikipediya

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 108

Oxşar yazılar