Market arabalarına minib, video çəkənlər  - Özbaşınalıq ayaq açıb yeriyir, gigiyena pozulur
01 sentyabr 2025 12:41 (UTC +04:00)

Market arabalarına minib, video çəkənlər - Özbaşınalıq ayaq açıb yeriyir, gigiyena pozulur

Yəqin ki, bilməyən yoxdur, market arabaları orada satılan qida və qeyri-qida məhsullarını qoymağımız üçün nəzərdə tutulub. Arabaların gigiyenik cəhətdən təmiz olması birbaşa bizim, bizim sağlamlığımız və ərzaqlarımızın təmizliyi üçün vacibdir. Amma təəssüf ki, hələ də bunu dərk etməyən insanlarla eyni mühiti bölüşürük. Heç kim istəməz, ərzaqlarını qoyduğu arabanın səthinə kiminsə ayağı, ya da bədəninin hansısa bir üzvü dəysin. Doğrudur, marketlərdə məişət texnikalarından, çörəyə qədər hər şey satılır, amma onların heç biri istifadə olunmadığı üçün təmiz hesab olunur.

Son zamanlarda şəbəkələrdə bir paylaşım diqqətimizi çəkdi. Arabanın içərisinə oturaraq, kreativlik adı altında video çəkilib. Baxanda asanlıqla görmək olur ki, ayaqlar arabanın səthinə toxunur. Sonra isə hansısa birimiz o arabaya aldığımız ərzaqları qoyacağıq, həm də heç nədən xəbərimiz olmadan. Bilməyəcəyik ki, bura kiminsə ayağı toxunub, kimsə oturub, video çəkib. 

Maraqlısı budur ki, həmin video çəkiləndə market rəhbərliyi hara baxıb? Hər yer kamera olduğu halda niyə bir nəfər çıxıb bir söz deməyib? 

Məsələ təkcə bununla da yekunlaşmır. Bəzi valideynlərin də hərəkəti “trend” yaradan “tiktok” fenomenlərindən fərqlənmir. 3-4 yaşlı uşaqlarıyla başa çıxa bilməyənlər onları ayaqqabısı olduğu halda həmin arabalara oturdurlar. Kənardan baxanda məsumcasına görünən bu hərəkət isə bir çox istehlakçıları narahat edir. Bir qisim isə əksinə: Bildirirlər ki, “onsuz da, aldıqlarını evə gedəndə yuyursunuz. Ayaqqabı toxunsa nə olacaq ki?”.

Bəzi böyük marketlərdə məhz azyaşlıların oturması üçün arabalar var. Lakin onlar dura-dura digər arabalara çirkli ayaqqabı və geyimlərlə minilməsi heç bir halda yolverilməz kimi görünür. Bu tip görüntülər insanların haqlı narazılığına səbəb olur. Sosial şəbəkələrdə çoxları bunu “antisanitariyanın bariz nümunəsi” adlandıraraq market rəhbərliyini məsuliyyətli olmağa çağırır. Vətəndaşlar hesab edir ki, mağazalarda “arabada oturmaq qadağandır” tipli xəbərdarlıqlar asılmalı, işçilər də belə hallara qarşı xəbərdarlıq etməlidirlər.

“Qida təhlükəsizliyi haqqında” qanuna görə ərzaq məhsullarının satışı və daşınması zamanı sanitariya-gigiyena tələblərinə əməl olunmalıdır. Market rəhbərliyi ərzaqla təmasda olan vasitələrin təmizliyinə görə məsuliyyət daşıyır.  

Görünən odur ki, ticarət və ictimai iaşə obyektlərində bu cür mənfi hallar ictimai qınağa məruz qalmayınca, hələ hər kəs ürəyi istəyəni, ağlına gələni edəcək.

Lent.az-ın sorğusuna məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirildi ki, daxil olan şikayət əsasında Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvafiq araşdırmalar aparılıb və iri ticarət şəbəkələrinə məktub ünvanlanıb. 

"Təkərli hərəkət edən market arabaları qida və qeyri-qida məhsullarının daşınması üçün nəzərdə tutulub. Uşaqların ayaqqabı ilə həmin arabaların içərisində daşınması və hərəkət etdirilməsi qida məhsullarında çarpaz çirklənməyə şərait yaradır ki, bu da istehlakçılarda haqlı narazılıqlara səbəb olur. 

"Qida təhlükəsizliyi haqqında" Qanunun 18.1-ci maddəsinə əsasən, qida və yem məhsullarının saxlanması və daşınması onların təhlükəsizliyini təmin edən və ilkin xüsusiyyətlərini qoruyan şəraitdə, qida təhlükəsizliyi sahəsində müəyyən olunmuş tələblərə uyğun həyata keçirilməlidir.

Ticarət şəbəkələrinin rəhbərləri tərəfindən bu sahədə qanunvericilikdə nəzərdə tutulan tələblərə ciddi əməl olunmalıdır. Buna görə məsuliyyət daşıyırlar.

Qeyd olunan hallarla qarşılaşan istehlakçılar hüquqlarının müdafiəsini ticarət şəbəkələrinin məsul şəxslərindən tələb edə, eyni zamanda Agentliyin “1003 – Çağrı Mərkəzi”nə zəng vuraraq məlumat verə bilərlər". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 836

Oxşar yazılar