Müəllimə hədiyyə adı ilə rüşvət verən valideyni hansı cəza gözləyir? – Hüquqşünas DANIŞIR
19 iyun 2023 18:27 (UTC +04:00)

Müəllimə hədiyyə adı ilə rüşvət verən valideyni hansı cəza gözləyir? – Hüquqşünas DANIŞIR

1

Son günlər Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi ilə bağlı rüşvət iddiaları gündəm olub. Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, videoda məktəbin ibtidai sinif müəllimi Yaqut Ağamalıyevaya 4-cü siniflərin məzun günündə valideynlər tərəfindən qızıl sırğa və üzük hədiyyə edilərək, taxıldığı əks olunub. Bu paylaşım sosial şəbəkə izləyiciləri tərəfindən sərt tənqid olunub. İzləyicilər müəllimin hədiyyə adı altında rüşvət almasını sərt qınayıb.

Maraqlıdır, müəllimə rüşvət verən valideyn cəzalanmalıdırmı? Ümumiyyətlə, rüşvət verən məsuliyyət daşıyırmı?

Mövzu ilə bağlı hüquqşünas Şamil Paşayev Lent.az-a açıqlamasında müəllimə verilən hədiyyənin rüşvət hesab olunmadığını deyib:

“Hüquq qaydaları cəmiyyətdə ictimai münasibətləri tənzimləmək üçündür. Biz hüququ yalnız adamları cəzalandıran, həbs eləyən normalar məcmusu kimi baxmalı deyilik. Biz nəzərə almalıyıq ki, bəlli bir adətlərimiz var və bu adətlərimizlə ustada hörmətlə yanaşma öz əksini tapır. Hər hansı bir müəllimin tələbədən, şagirddən pul istəməsi, alması əxlaq-adət normalarımıza uyğun deyil. Eyni zamanda cinayət qanunvericiliyimizə görə də bu kimi əməllər cəzalandırıla bilər. Valideynlərin öz istəyi ilə hər hansı bir müəllimə yadigar qalması üçün hədiyyə verirlərsə, bu korrupsiya, cinayət əməli faktı kimi cəmiyyətə təqdim etmək doğru deyil. 

Rüşvət verənin hər hansı bir gözləntisi olmalıdır. Çünki onlar 4-cü sinifdir. Və artıq o, müəllimlə əlaqələri olmayacaq. Belə olduğu halda hansı rüşvətdən söz gedə bilər?

Onu qəbul eləyən müəllimin əməlində hər hansı bir cinayət tərkibi yoxdur. Burada əgər tərəflər arasında hər hansı bir narazılıq yoxdursa, verilən hədiyyə hər hansı məqsədə yol açmırsa, cinayət əməlindən söz açıla bilməz. Biz çalışmalıyıq ki, müəllim adını uca tutaq, müəllim Azərbaycan cəmiyyəti üçün hər şey deməkdir”. 

Qeyd edək ki, rüşvətvermə aktiv rüşvətxorluq sayılır və ona qarşı Cinayət Məcəlləsininin 312-ci maddəsində tutulmuş cəzalar tətbiq edilir. Qanunvericiliyə uyğun olaraq rüşvətalandan fərqli olaraq rüşvətverənə daha yüngül cəza verilir. 

Belə ki, rüşvət vermə, yəni xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi – 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla, 2 ildən, 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 4558

Oxşar yazılar