Qorxulu, nəcib missiya:  Və ya torpaqlar "ölüm"dən necə təmizlənir? - REPORTAJ
10 may 2021 12:20 (UTC +04:00)

Qorxulu, nəcib missiya: Və ya torpaqlar "ölüm"dən necə təmizlənir? - REPORTAJ

- Beş..dörd..üç..iki…bir…   

Naqili naqilə toxundurur. Və dəhşətli partlayış. Ermənilərin basdırdıqları 4 ədəd tank əleyhinə mina və 1 top mərmisi xüsusi təhlükəsizlik qaydalarına əməl olunmaqla Füzuli rayonunun Qaraxanbəyli kəndi ərazisində partlatma yolu ilə məhv edilir.

...ANAMA mediatur təşkil edib Fizuli rayonuna. İşğaldan azad edilmiş torpaqlara bir azdan qədəm basacağıq. Hələ ki ANAMA-nın bölgə üzrə meneceri Mədət Məmmədov jurnalistlərə təhlükəsizlik qaydalarını başa salır. Qaydalar isə ancaq və ancaq “olmaz”lardan ibarətdir.

- Hətta siqareti belə müəyyən edilmiş yerlərdə çəkin. İşarələnmiş yerlərdən kənara atarsız, hansısa partlamamış mərminin, minanın üstünə düşə bilər.

Hamı qaydalar diqqətlə qulaq asır. Və fikirləşəndə ki… Yox, yaxşısı budur fikirləşməyək. Gedək…

Füzuli rayonundayıq. Qaraxanbəyli kəndində. Mədət müəllim ümumi məlumat verir. Sən demə, köhnə təmas xətti ərazisində 1,5 kilometr məsafədə 9 mina xətti aşkarlanıb. Füzuli-Əhmədbəyli yolunun buradan keçən hissəsində təmizləmə prosesi artıq başa çatıb.

- Ən təhlükəli sahə hesab olunan ərazi isə 13 kilometr ərazini əhatə edir. Artıq bu hissənin 8 kilometrində keçid açılıb. Keçid açılan hissə Füzuli rayonunun Alxanlı, Qaraxanbəyli, Mirzəcamallı kəndlərini birləşdirir.

ANAMA meneceri deyir ki, təmizlənən sahələrdə müxtəlif növ minalar aşkarlanıb. Axtarış boyu isə minaaxtaranlarımız çox çətinlik və əziyyət çəkirlər. Söhbət ondan gedir ki, ermənilər minalanmış əraziyə aid xəritələri hələ də verməyiblər. Bir tərəfdən də ətraf ərazilər yabanı otlarla örtüldüyündən minatəmizləməyə çətinlik yaradır. Amma bir dəqiqə belə dayanmır minatəmizləynlərimiz. Qarşıda görüləsi çox işlər var.

Əslində minatəmizləmə bir neçə üsulla aparılır bu ərazidə. Bir qrup mütəxəssis xüsusi detektorlar vasitəsilə işləyir. Bundan başqa zolaqların açılması üçün uzaqdan idarə olunan minatəmizləmə texnikaları çalışır. Hə, bir də itlər. Təmizləmə işlərində xüsusi təlim keçmiş itlərdən də istifadə olunur. ANAMA mütəxəssisləri deyir ki, təmizləmə əməliyyatlarında xüsusi təlim keçmiş itlərin mühüm rolu var.

Hazırda əməliyyatlara 30-dan çox it cəlb olunub. Onun 20-si minaaxtarandır. Dörd baş it isə partlamamış silah-sursatların tapılması üçün yetişdirilib. İtlərin sayının artırılması üçün ANAMA-nın seleksiya mərkəzində 4 baş damazlıq it saxlanılır. Bu itlərdən də 6 baş it əldə olunaraq xüsusi təlim keçilib və sahələrə cəlb edilib.

- Əməliyyatlarda texnikalardan istifadə işlərin geniş ərazidə aparılmasına şərait yaradır. Texnikalar mina xətlərinin aşkar edilməsi ilə yanaşı, riski də azaldır. Relyefə görə texnikaların təmizləmə işləri dəyişə bilir. Belə ki, 1 saat müddətində 1000-3000 kvadratmetr sahəni təmizləmə gücündə olan minatəmizləyən maşınlar əməliyyatlarda əvəzsizdi.

Mədət Məmmədov deyir ki, təmizlənən sahələrdən müxtəlif növ minalar aşkarlanıb. 

- Burada tank, piyada əleyhinə mina, hətta müxtəlif yerlərdə xüsusi asılmış minalar olub. Elə hallarla rastlaşırıq ki, tank əleyhinə minanın üstündə piyada əleyhinə mina basdırılıb. Hətta bir minanın yanında üç mina basdırılıb”.

Menecerin dediyinə görə, hazırda Füzulidə asfalt yolun bərpası həyata keçirilir.

- Bu səbəbdən əsasən təmas xəttindən keçən yoldakı minaları təmizləyirik. Yalnız bundan sonra asfalt xətti genişləndirilərək orada yenidən təmir işləri aparılır. Bunlardan biri əllə təmizləmədir ki, bu zaman əməkdaşlar detektor və digər cihazlardan istifadə edirlər. İkinci üsul xüsusi təlim görmüş itlərin vasitəsilə ərazidəki partlamamış hərbi sursatlar axtarılır. Üçüncü üsul isə mexanika vasitəsilə minaların təmizlənməsidir. Hazırda təmizləmə əməliyyatları davam edir. Ərazidə aşkar olunan partlamamış hərbi sursatlar aşkar edilərək gün sonunda partladılır. 

Yeri gəlmişkən, mayın 3-dən 8-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 23, tank əleyhinə 12 mina və 104 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 93 hektara yaxın ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Amma görüləsi çox iş var. Təki sağlıq olsun. Minatəmizləyənlərimiz səhv etməsin təki.

Füzuli

Foto: İlkin Nəbiyev

# 5622
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar