Reabilitasiya mərkəzlərinə kim nəzarət edir? - ARAŞDIRMA
21 yanvar 2026 11:36 (UTC +04:00)

Reabilitasiya mərkəzlərinə kim nəzarət edir? - ARAŞDIRMA

0

Bəzən narkotik və digər asılılıqlardan əziyyət çəkən şəxslərin psixoloji müalicəsi ilə bağlı fəaliyyət göstərən özəl reabilitasiya mərkəzləri cəmiyyətdə müəyyən müzakirələr yaradır. Məsələn, ötən günlərdə “Qurtuluş” reabilitasiya mərkəzinin pasientləri məcbur saxlaması, onların görüntülərini çəkib sosial şəbəkələrdə paylaşaraq məsxərə obyektinə çevirməsi insanlar tərəfindən birmənalı qarşılanmadı.

Təsadüfi deyil ki, “Qurtuluş”la bağlı prokurorluğa şikayət daxil olub. Hazırda Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma), 145.2.1 (qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə) və 145.2.4 (qanunsuz azadlıqdan məhrum etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə cinayət işi üzrə istintaq gedir.

Maraqlıdır, reabilitasiya mərkəzlərinə nəzarət mexanizmi necə tətbiq edilməlidir? İnsanların təhlükəsizliyinə, eləcə də onlarla bağlı şəxsi məlumatların məxfiliyinə zəmanət məsələsi necə tənzimlənməlidir? Sözügedən mərkəzlərdə hansı tibbi protokollarla müalicə aparılır?

Suallar çoxdur. Buna görə də müxtəlif qurumların rəyini öyrənməli olduq.

Qeyd edək ki, həmin mərkəzlərdə pasiyentlərə işgəncə edildiyi iddiaları var və sözügedən yerlərin rəhbərlərinin narkotik aludəçisi olduğunu deyirlər. Beynəlxalq təcrübədə aludəçilərin reabilitasiya prosesi necə tənzimlənir? Problemin həlli ilə bağlı hansı tədbirlər görülməlidir?

Həmin mərkəzlərdə pasiyentlərə işgəncə edildiyi iddiaları doğrudur

Lent.az xəbər verir ki, bununla bağlı APA-ya danışan narkoekspert Emil Maqalov deyib ki, reabilitasiya mərkəzlərinin əksəriyyətində bu yolu keçmiş və sağalmış şəxslər fəaliyyət göstərir: “Həmin şəxslər özlərinin keçdiyi “12 addım” proqramından istifadə edərək həkim-psixoloq, narkoloq olmadan özləri bu prosesi icra edir. Adətən bu məsələni məxfi saxlayırlar. Bəzilərində heç bir tibbi protokol yoxdur. Həmin mərkəzlərdə pasiyentlərə işgəncə edildiyi iddiaları doğrudur. Bu hal baş verə bilər. Çünki narkotik istifadəçisi ağrıda olduğu vaxtda detoks olunmalıdır. Bundan sonra “12 addım” proqramı tətbiq edilir. Bəzi hallarda həkim-narkoloq müdaxiləsi olmadan aludəçini ağrıdan çıxarmaq istəyirlər. Bu müddətdə narkotik istifadəçisi çox aqressiv olduğuna görə, mütləq şəkildə onu sakitləşdirmək lazım olur. Bu zaman xəstənin təzyiqə məruz qalması halları baş verir”.

Dövlətin narkoloji reabilitasiya mərkəzi yoxdur

Ekspertin sözlərinə görə, dövlət müalicənin fiziki tərəfini narkodispanserlərdə həyata keçirir: “Ancaq orada psixoloji reabilitasiya olmadığına görə, aludəçilərin 90%-i yenidən aludəçiliyə qayıdır. Dövlətin narkoloji reabilitasiya mərkəzi yoxdur. Narkodispanserin tərkibində var, amma orda da reabilitasiya keçmirlər. Orada ancaq detoks, dərman müalicəsi olur. Amma psixologiya düzəlmir”.

Beynəlxalq təcrübədə bu məsələ qanunidir

Müsahibimiz bildirib ki, “12 addım” Avropa proqramıdır: “1947-ci ildə yaranıb. Bütün dünya bu proqramla işləyir. Əlbəttə, beynəlxalq təcrübədə məsələ qanunidir, daha ciddidir. Qiymət bir ay üçün 3-10 min dollar arası dəyişir. Orada peşəkar həkimlər, psixoloqlar çalışır. Bizdə elə ola bilməz. Biz o səviyyədə deyilik. O bazara çıxışımız yoxdur. Olsa belə, bizdə aylıq ödəniş 10 min dollar olsa, ora tək-tük adamlar gələr”.

Mərkəzlərin vəziyyətinin yaxşılaşdırılması üçün ora dövlət vəsaiti ayrılmalıdır

Ekspert hesab edir ki, həmin mərkəzlər yoxlanılsa və qanuniləşsə, qiyməti artacaq: “Bu zaman həmin mərkəzlərdə psixoloqundan tutmuş masajçıya qədər mütəxəssis olmalıdır. Bu da xərclərin artması deməkdir. Mərkəzlərin vəziyyətinin yaxşılaşdırılması üçün ora dövlət vəsaiti ayrılmalıdır. Narkodispanserlər pulsuz müalicə etsələr də, bu, sadəcə müalicənin 30 faizidir. Ona görə də mərkəzlərə lisenziya verilməlidir. Lisenziya verən qurum da onların fəaliyyətinə nəzarət etməlidir”.

İnsanları aludəçiliyə sürükləyən amillər nələrdir? Aludəçiliyi olan şəxslər üçün hansı müalicə metodları tətbiq edilməlidir? Reabilitasiya mərkəzlərindəki sağalma metodu nə dərəcədə effektivdir? Bu şəxslərin tam sağalma müddəti nə qədərdir?

APA-nın suallarını cavablandıran tibb elmləri doktoru, professor, həkim-psixiatr, narkoloq Araz Əliquliyev bildirib ki, dünyada tədqiqatlar göstərir ki, aludəçi şəxslərdə asılılıq yaranmazdan öncə müxtəlif psixi pozuntuların olması müşahidə edilir: “Ümumiyyətlə, asılılıqların yaranmasında bir çox faktorlar var. Bioloji və sosial faktorlar, təlim-tərbiyə faktorları, həmçinin, insanda, təşviş, depressiya, obsessiv komplusiv pozuntular, bipolar pozuntular, giperaktivlik, diqqətin yayılması, digər stresslər, kəllə-beyin travması və s. bu pozuntular varsa, aludəçilik yarana bilər. Bu, mürəkkəb patologiyadır”.

Bu gün ölkədə 120-ə yaxın reabilitasiya mərkəzi fəaliyyət göstərir

Həkim bildirir ki, reabilitasiya mərkəzlərini Ukraynadan gələn asılılıqdan əziyyət çəkən, reabilitasiya yolunu keçmiş insanlar yaradıb: “Bu gün ölkədə 120-ə yaxın reabilitasiya mərkəzi fəaliyyət göstərir. Reabilitasiya üsulları çoxdur. Əksəriyyəti ambulator xarakter daşıyır. Məsələn, “12 addım”, “Bərabər-bərabərə” reabilitasiya üsulları var ki, burada söhbət psixoloji reabilitasiyadan gedir. Reabilitasiya mərkəzləri müalicə mərkəzləri deyil. Orada müalicə olsaydı, xüsusi lisenziya almalı idilər”.

Reabilitasiya mərkəzlərinə qeyri-hökumət təşkilatlarının və ya hökumətin dəstəyi olmalıdır

Onun sözlərinə görə, reabilitasiya mərkəzləri heç bir qayda-qanuna, tibbi tələblərə, düzgün proqramlara riayət etmir: “Orada pasiyentlər işgəncələrə məruz qalır, zorla təcrid edilir. Ola bilər, asılılıqların müalicəsində müəyyən təzyiqlər edilsin, o da hansı hallarda edilə bilərsə, qanunvericilikdə mövcuddur. “Narkoloji xidmət və nəzarət haqqında” Qanunda qeyd edilib ki, reabilitasiya proqramları psixoloq və həkim nəzarəti altında keçirilməlidir. Bu və digər şəkildə reabilitasiya proqramları, müalicə proqramları ümumi müşahidə olunan bir yanaşmadır. Yəni bu və ya digər şəkildə reabilitasiya müalicə prosesinə qoşulan haldır. Psixoloji reabilitasiya prosesini psixoterapiya aparır. Bunun hüquqi, sosial, əmək, ailə reabilitasiyası var. Buna görə də reabilitasiya mərkəzlərinə qeyri-hökumət təşkilatlarının və ya hökumətin dəstəyi olmalıdır”.

Müsahibimiz qeyd edib ki, aludəçinin xəstəliklərini həkim müşahidə edir: “Ən azı 1 ilə qədər psixiformakologiyası, psixoterapiyası, reabilitasiyası prosesi paralel aparılmalıdır. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə görə, xüsusi təlim keçmiş, diplomu, sertifikatı olan “kouç” deyilən təlimçi pasiyentə psixoloji dəstək göstərməlidir. Azərbaycanda isə reabilitasiya mərkəzlərində bu göstəricilər yoxdur. Digər bir problem də odur ki, blogerlər və digər tanınmış simalar həmin reabilitasiya mərkəzlərinin fəaliyyətinin düzgünlüyündən əmin olmadan özlərini sosial problemin carçısı kimi göstərərək onları reklam edirlər. Bu, düzgün yanaşma deyil”.

Həkimin sözlərinə görə, dünya praktikasında bu mərkəzlər reabilitasiya və müalicə mərkəzləri adlanır: “Bu xəstəliyin müalicəsində bir neçə mərhələ müşahidə olunur. Psixi durumların kəskin şəkildə olduğu halda insan 2-3 həftə müddətində bu detoksu keçməlidir. Bu dövrdə intensiv terapiya, müalicə gedir. Bundan sonra paralel olaraq psixofarmokologiya (psixoatrik maddələrin, psixi pozuntuların təzahürlərinə aid olan diaqnoz) və xəstənin xüsusiyyətlərini nəzərə alaraq psixoterapiya təyin edilir. Bunu adətən klinik psixoloqlar həyata keçirir”.

Bu məsələ ilə bağlı qanunvericilikdə dəyişikliyə ehtiyac var

Narkoloq qeyd edib ki, dövlət narkoloji tibb müəssisələrində stasionar xidmət göstərilir. Müalicə müddəti ən yaxşı halda 21 gün çəkir: “Burada ambulator xidmət yox dərəcəsindədir. Xəstələrə uzunmüddətli tibbi xidmətin göstərilməsi təşkil olunmayıb. Psixiatrik xidmət zəifdir. Ən böyük problem də odur ki, bunlar İcbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil edilməyib. Avropada, Amerikada müalicə üçün reabilitasiya mərkəzləri, hökumət və qeyri-hökumət təşkilatları tərəfindən zərərin azaldılması layihələri mövcuddur. Orada özəl və dövlət sığorta şirkətləri bu prosesdə iştirak edirlər. Yəni reabilitasiya mərkəzlərinə yerləşdirilən xəstələrin dövlət tərəfindən sığortası ödənilir. Həmin reabilitasiya mərkəzlərində kouçlar, kliniki psixoloqlar, həkim müşahidəsi olur. Bu məsələdə qanunvericilikdə dəyişikliyə ehtiyac var. Xidmət sığorta zərfinə salınmalıdır, heç olmasa dövlət 70-80% ödənişi öz üzərinə götürsün. Ümumiyyətlə, reabilitasiya mərkəzlərini qaydaya salmaq, qanuna uyğunlaşdırmaq lazımdır. Qanunvericilikdə reabilitasiya həkimin və psixoloqun nəzarəti altında aparılmalıdır. Reabilitasiya binasının olması orada reabilitasiya keçirildiyi demək deyil”.

Narkoloji tibb müəssisələrindəki göstərilən xidmətlərin İTS-nin xidmətlər zərfinə daxil edilməsi planlaşdırılmır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, narkoloji tibb müəssisələrindəki göstərilən xidmətlərin İTS-nin xidmətlər zərfinə daxil edilməsi planlaşdırılmır: “Sözügedən tibbi xidmətlər icbari tibbi sığortaya daxil deyil. Cari ildə xidmətlər zərfinə yalnız ürək-damar, neyrocərrahiyyə, ümumi cərrahiyyə, uroloji, oftalmoloji, travmatoloji və laborator xidmətlərlə bağlı yeni tibbi xidmətlərin əlavə edilməsi, mövcud xidmətlərin çeşidinin artırılması planlaşdırılır”.

 

Reabilitasiya mərkəzinin rəhbəri: Mərkəzimizdə heç bir tibbi protokolla müalicə aparılmır

“Həyat Naminə” reabilitasiya mərkəzinin rəhbəri Kənan Hacıyev APA-ya mərkəzin fəaliyyəti barədə danışıb: “Mərkəzin təhlükəsizliyi 7/24 fəaliyyət göstərən mühafizə xidmətimiz tərəfindən qorunur. Tövsiyə edərdim ki, digər mərkəzlər də bu sistemlə işləsinlər. Pasiyentlərin məxfiliyini qorumaq əsas prinsiplərimizdən biridir. Ancaq çəkiliş olanda, müalicə alan pasiyent öz anonimliyini pozmaq istəyirsə, onun şəxsi qərarı olduğu üçün müdaxilə etmirik. Yəni, biz pasiyentin danışması üçün təzyiq göstərmirik. Mərkəzimizdə heç bir tibbi protokolla müalicə aparılmır. Çünki reabilitasiya mərkəzi tibbi müalicə müəssisəsi deyil, sırf psixoloji və mənəvi müalicə mərkəzidir. Burada heç bir tibbi müalicə getmir, dərman preparatlarından istifadə edilmir. Onu həkim edir. Həkim pasiyenti fiziki asılılıqdan azad edəndən sonra pasiyent reabilitasiya mərkəzinə gəlir və psixoloji müalicə alır. Asılılıq xəstəliyi 4 sferadan ibarətdir və mərkəz bu sferaların bərpası üçündür”.

Onun sözlərinə görə, mərkəzdə “12 addım” proqramı vasitəsilə psixoloji və mənəvi müalicə metodu tətbiq edilir: “Proqramın bir neçə qolu var. Orada idman, mütaliə, psixoloq və s. seansları icra edilir. Reabilitasiyanın ödənişi 700-1500 manat aralığındadır. Qiymət individualdır. Mərkəzdəki pasiyentlər ancaq kişilərdir. Hazırda 40 nəfər pasiyentimiz var. Proqram iki mərhələdən, hər iki mərhələ isə 6 aydan ibarətdir. İkinci mərhələ sosiallaşmaq üçündür. Pasiyent iki gündən bir mərkəzdə gəlib qalır. Çünki pasiyent zamanla sosial mühitə adaptasiya olmalıdır.

Mərkəzin tibbi şəhadətnaməsi yoxdur

Mərkəzin tibbi şəhadətnaməsi yoxdur. Ona görə ki, bizim səhiyyəyə heç bir aidiyyətimiz yoxdur. Çox istəyərdim ki, bu məsələ qanuniləşdirilsin, lisenziya yaradılsın. Həqiqətən, işini peşəkar görən mərkəzlər bu lisenziyanı ala bilsinlər. Mərkəzin işləməsi üçün öncə MMC yaradılır, fəaliyyət kodu seçilir və vergi ödəyicisi kimi işləyirik. Mərkəzimiz Bakıda olduğuna görə, mərkəzə Bakı Şəhər Baş Polis İdarəsi nəzarət edir. Amma bu məsələ dövlət nəzarətinə alınsaydı, gündə bir mərkəz açılmazdı”.

Qeyd edildiyi kimi, əksər hallarda bu mərkəzlərdə pasiyentlərin məxfilik hüquqları pozulur, onların icazəsi olmadan sosial şəbəkələrdə görüntüləri yayımlanılır. Bununla bağlı qanunvericilik nə deyir?

Hüquqşünas Şamil Paşayevin sözlərinə görə, narkomaniyadan azad olmaq istəyən şəxs buna könüllü razı olmalıdır: “Cinayət Məcəlləsinə görə, şəxslər məhkəmə qərarı olmadan azadlıqdan məhrum edilə bilməz, azadlığı məhdudlaşdırıla bilməz. Şəxs cinayət törədibsə və narkomaniyadan əziyyət çəkdiyi sübut olunubsa, məhkəmə qərarı ilə (Narkoloji xəstələr barəsində məhkəmə qaydasında tətbiq olunan məcburiyyət tədbirləri, maddə-21.1-red.) onunla bağlı tibbi xarakterli məcburi tədbirlər tətbiq olunur. Bu, aidiyyəti qaydada dövlət müəssisələrində həyata keçirilir”.

Şəxslərin icazəsi olmadan görüntüləri paylaşıla bilməz

Müsahibimiz deyir ki, şəxslərin icazəsi olmadan görüntüləri paylaşıla bilməz: “Narkoloji xidmət və nəzarət haqqında” Qanunun 7.2-ci maddəsinə görə, narkoloji xidməti və nəzarəti həyata keçirən, habelə xidməti vəzifələri həyata keçirərkən qulluq mövqeyinə görə narkoloji xəstələr barəsində məlumatları əldə edən digər şəxslər həmin məlumatların yayılmasına yol verməməlidirlər”.

Hüquqşünas diqqətə çatdırıb ki, “Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası və resosializasiyası üzrə Proqram”a görəreabilitasiya və resosializasiya tədbirlərinin həyata keçirilməsinin əsas prinsipləri xəstənin reabilitasiya proqramında iştirakının könüllülüyü; müalicə-reabilitasiya metodlarının seçimində fərdi yanaşma; anonimliyin təmin edilməsi; etibarlılıq və partnyorluq; qarşılıqlı məsuliyyət; bioloji və psixoterapevtik təsir metodlarının vəhdəti; müalicə-reabilitasiya prosesinin mərhələləridir.

Narkoloji xəstələrin müalicə üsulları həkim-narkoloq tərəfindən tətbiq edilməlidir

Şamil Paşayev vurğulayıb ki, eyni proqramın “Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi” maddəsinə əsasən, narkoloji xəstələrin müalicə üsulları narkoloji xəstənin səhhətinin vəziyyəti və onu əhatə edən mühit nəzərə alınmaqla, narkoloji müəssisədə (stasionar və ya ambulator şəraitdə) və ya xəstənin evində (ambulator şəraitdə) həkim-narkoloq tərəfindən tətbiq edilir: “Ev şəraitində müalicə olunan narkoloji xəstələr haqqında tətbiq edilən bütün müalicə tədbirləri narkoloji xəstələrin müşahidəsi üçün nəzərdə tutulan ambulator kartalarına daxil edilməlidir. Narkoloji xəstənin qəbul etdiyi müalicə kursundan sonra aparılan psixoloji reabilitasiya və psixoloji korreksiya kursu onun fərdi tələbatına uyğun olmalıdır. Həkim-narkoloq klinik psixoloqla birlikdə hər bir narkoloji xəstənin fərdi müalicə, psixoloji reabilitasiya və psixoloji korreksiya və sonrakı müşahidə proqramını tərtib etməlidir”.

Hüquqşünas onu da əlavə edib ki, bəzi reabilitasiya mərkəzləri xeyriyyəçilik adı altında özlərini reklam edirlər: “Halbuki insanlardan xeyli pul alıb, sonra xeyriyyəçilik adı altında başqalarına 200-300 manatlıq iş görərək özlərini cəmiyyətə fayda verən kimi göstərirlər. Bu kimi hallara, həmçinin, azadlığın məhudlaşdırılmasına, məcburi müalicəyə cəlb etməyə və s. səbəb olan şəxslər Cinayət Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunur”.

Narkoloji tibb müəssisələrində vətəndaşlara ixtisaslaşmış tibbi xidmət göstərilir

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən APA-ya verilən məlumata görə, 2024-cü ilin statistik göstəricilərinə əsasən respublika üzrə narkomaniyadan əziyyət çəkən və dispanser nəzarətində olan şəxslərin sayı 40 490 nəfər təşkil edib: “Onlardan 1 005 nəfəri qadın olub. İl ərzində 1 136 nəfər müvafiq tibbi meyarlar əsasında dispanser qeydiyyatından çıxarılıb. Qeydiyyatda olan şəxslərin yaş qrupları əsasən 18–45 yaş aralığını əhatə edir. Bu göstərici dünya üzrə mövcud statistik tendensiyalarla uyğunluq təşkil edir və sözügedən yaş dövründə sağlamlıq xidmətlərinə müraciətin daha aktiv olması ilə izah olunur”.

Bildirilib ki, hazırda ölkə üzrə narkoloji yardım Respublika Narkoloji Mərkəzi, Bakı Şəhər Narkoloji Mərkəzi, həmçinin, Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran və Naxçıvan narkoloji dispanser və şöbələrində təşkil olunub: “Bu tibb müəssisələrində vətəndaşlara ixtisaslaşmış tibbi xidmət göstərilir.

Müalicə prosesi müasir tibbi protokollara uyğun şəkildə aparılır

Müşahidələrə əsasən, pasiyentlər arasında opioidlərə, kannabinoidlərə, eləcə də qarışıq maddələrə üstünlük təşkil edir. Müalicə prosesi müasir tibbi protokollara uyğun şəkildə aparılır və detoksikasiya, eləcə də metadon əvəzedici terapiya tətbiq olunur. Bununla yanaşı, xəstələr yalnız fiziki sağlamlığın bərpası ilə məhdudlaşmır, ixtisaslı mütəxəssislər tərəfindən psixoloji reabilitasiya xidmətləri ilə də əhatə olunurlar. Narkomaniyaya qarşı mübarizədə dövlət tərəfindən həyata keçirilən proqramlar, terapiya və psixoloji reabilitasiya xidmətləri genişlənir. Məqsəd pasiyentlərin cəmiyyətə reinteqrasiyasını və uzunmüddətli müsbət nəticələrin əldə olunmasını təmin etməkdir”.

Millət vəkili: “Bu məsələdə hüquqi tənzimlənmə vacibdir”

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyib ki, narkomaniyanın müalicəsi ilə məşğul olan özəl reabilitasiya mərkəzlərinin hüquqi fəaliyyət göstərməsi üçün bir çox yanaşmalar var: “Burada tibbi yanaşma çox önəmlidir. Tibbi yanaşma tibbi protokollar əsasında və Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş müalicə prosedurları əsasında aparılmalıdır. Burada çalışanlar tibb işçiləri, müvafiq ixtisas sahibi olan həkimlər olmalıdır. Bu faktorlar olmadıqda reabilitasiya mərkəzi tiblə ziddiyyət təşkil edir. Ona görə də bəzi hallarda qeyri-qanuni, təbabətin əsasları ilə qəbul olunmayan müalicə metodikasından istifadə risklidir. Bundan başqa reabilitasiya mərkəzlərində “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun müddəalarının pozulması hallarına rast gəlinir. Ona görə də bu məsələdə hüquqi tənzimlənmə vacibdir. Bundan əlavə pasiyentin hüquqlarının müdafiəsi, şəxsi məlumatlarının qorunması və həmin şəxslərin cəlb olunduğu müalicə metodları sual doğurduğuna görə bu məsələyə şübhə ilə yanaşmalıyıq”.

Deputat hesab edir ki, reabilitasiya mərkəzi tibb müəssisəsi sayılırsa, onun mütləq lisenziyalaşdırılması lazımdır: “Həmçinin, müvafiq tibbi standartların yoxlanılması, ştat vahidlərinin tibb müəssisəsinə uyğunlaşdırılması, bundan sonra isə İqtisadiyyat Nazirliyi tərəfindən lisenziyalaşdırılması vacibdir. Bu şərtlərdən kənara çıxılması qanun pozuntusudur, sui-istifadə halıdır və orada narkomaniyanın tibbi müalicəsindən söhbət gedə bilməz”.

Reabilitasiya fəaliyyəti lisenziyalaşdırılan fəaliyyət növü olmadığından həmin fəaliyyət üzrə lisenziya almaq tələbi mövcud deyil

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyindən bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı"na əsasən reabilitasiya fəaliyyəti lisenziyalaşdırılan fəaliyyət növü olmadığından həmin fəaliyyət üzrə lisenziya almaq tələbi mövcud deyil: “Reabilitasiya mərkəzləri əsasən müalicədən sonrakı mərhələdə fəaliyyət göstərir və şəxslərin fiziki, psixoloji və sosial funksiyalarının bərpasına yönəlir. Narkologiya üzrə tibbi diaqnoz və tibbi müalicənin aparılması isə lisenziyalaşdırılan özəl tibbi fəaliyyətə aiddir. Özəl tibbi fəaliyyətlə məşğul olmaq istəyən şəxslər lisenziya almaq üçün İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin KOB evlərinə (Bakı KOB evi, Xaçmaz KOB evi, Yevlax KOB evi), “ASAN xidmət” mərkəzlərinə (5 saylı Bakı, Sumqayıt, Gəncə, Masallı və Şəki), həmçinin, “Lisenziyalar və icazələr” portalı vasitəsilə İqtisadiyyat Nazirliyinə elektron formada müraciət edə bilərlər”.

Lisenziya obyektlə bağlı olduqda obyektin uyğunluğu yerində qiymətləndirilir

O da bildirilib ki, lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunub. Belə ki, 23 sahibkarlıq fəaliyyəti növü üzrə lisenziyalar İqtisadiyyat Nazirliyi tərəfindən verilir: “İqtisadiyyat Nazirliyi tərəfindən lisenziya verilərkən sahibkarlıq fəaliyyətinin xüsusiyyətlərindən asılı olaraq, aidiyyəti dövlət qurumlarının rəyi əsas götürülür. Lisenziya obyektlə bağlı olduqda isə obyektin uyğunluğu yerində qiymətləndirilir, aidiyyəti dövlət orqanının rəyinə əsasən qərar qəbul edilir. Özəl tibb fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər avadanlıqların normativ-texniki tələblərə uyğunluğunu, tibb xidmətləri göstərən şəxslərin müvafiq ixtisas və iş stajına malik olduqlarını, eləcə də fəaliyyət göstəriləcək obyekt üzrə mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədləri təqdim etməlidirlər. Sənədlər qaydasındadırsa və aidiyyəti dövlət orqanı olan Səhiyyə Nazirliyi müsbət rəy verərsə, dövlət rüsumu ödənilir və lisenziya təqdim olunur”.

Nazirlikdən qeyd edilib ki, lisenziya sahibinin lisenziya şərtlərinə riayət etməsinə nəzarəti sahəvi qanunlarla müəyyən olunmuş qaydada müvafiq nəzarət orqanı həyata keçirir. Özəl tibbi fəaliyyəti ilə bağlı nəzarət orqanı Səhiyyə Nazirliyidir. Nəzarət orqanı lisenziya sahibinin qanunların tələblərinə riayət etmədiyini aşkarladıqda lisenziyanın dayandırılması və ya ləğvi ilə bağlı İqtisadiyyat Nazirliyinə əsaslandırılmış təqdimat göndərir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 378

Oxşar yazılar