Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşı Samir Əliyevi qətlə yetirməkdə təqsirləndirilən Elmira Əliyevanın cinayət işi üzrə ilkin baxış iclası keçirilib.
Lent.az xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən Elmira Əliyeva özünü qismən təqsirli bildiyini bildirib.
Məhkəmə təqsirləndirilən şəxsin ifadəsi ilə davam edib. Təqsirləndirilən Elmira Əliyeva Samir Əliyevlə 21 ildir ki, evli olduğunu bildirib:
"Əvvəllər Samirlə yaxşı münasibətdə olmuşuq. Son beş ildə münasibətimiz pozulmuşdu. Özü etiraf eləmişdi ki, Binədə yaşayan bir qadınla münasibəti var. Dəfələrlə boşanmaq istəmişəm, razı olmurdu. Məni də uşaqlara qatıb o ki var döyürdü.
Hadisə baş verən gün - noyabrın 5-də yoldaşım qızımı Türkiyəyə yola salıb evə qayıtdı. Mənə əxlaqsız təklif etdi. Mən imtina etdim. Bu da ona xoş gəlmədi. Məni saçımdan dartıb döyməyə başladı, çənəmdən və dizimdən güclü zərbələr vurdu. Saçımdan yapışaraq başımı stolun üstündəki narkotik tozun üstünə vurub onu qəbul etməyə məcbur etdi. Mən ağrının şiddətindən özümdən getdim. Ayılanda gördüm ki, Samir çarpayıda uzanıb tüfəngini yağlayır. Sonra durub tüfəngi kənara qoydu, təkrar çarpayıya uzandı. Mənə dedi ki, bu tüfəngi görürsən da? İstədiyimi eləməsən, düz alınına gələcək. Dedi ki, silahı gətir, alınına qoyacam. Qıc olmuşdum, silahı necə qaldırdığımı bilmədim. Qaçıb otaqdan çıxanda, səndəlləyərək ardımca zala gəldi, oradaca yerə yıxıldı. Silahı atdım yerə. Çıxdım bayıra, sonra qayıdıb onun üstünü mələfə ilə örtdüm. Samiri güclə sürüyüb bayıra çıxarıb basdırdım. Yerin qanını təmizlədim. Divanı hissələrə ayırdım, sonra sürüyüb zibilliyə atdım. Silahı bildiyim kimi söküb çantaya qoydum, aparıb dənizə atdım. Uşaqları da götürüb atamgilə getdim. Hadisədən 11 ay sonra hamı xəbər tutdu. Bu müddət ərzində Samirin itkin düşməsi ilə bağlı polis dəfələrlə bölməyə çağırırdı. Artıq usanmışdım, gözümə qarabasmalar görünürdü. Bezdim, polisə hər şeyi etiraf etdim".
Növbəti proses 2 aprel saat 10:00-a təyin olunub.
Xatırladaq ki, məlum hadisə Sabunçu qəsəbəsində qeydə alınıb. Orada yaşayan 1985-ci il təvəllüdlü Samir Əliyevin itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də ailə üzvləri 12-ci polis şöbəsinə müraciət ediblər. Əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin arvadı Elmira Əliyeva tərəfindən ov silahı ilə qətlə yetirilməsi və meyitin yaşadığı evin həyətində basdırılması, qəbrin üstünə də güllər əkilməsi müəyyən edilib. Cinayəti törədən qadın saxlanılaraq, istintaqa təhvil verilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.