Kriminal aləmdə “Dato Kutaiski” kimi tanınan, 62 yaşlı keçmiş “qanuni oğru” David Çixvariya bir neçə gün əvvəl Beyrut həbsxanasında vəfat edib.
Lent.az xəbər verir ki, məlumatlara görə, Dato 1994-cü ildə Moskvanın Qaqarin rayon məhkəməsinin silah saxlama və xuliqanlıq ittihamları ilə çıxardığı hökmə əsasən altı illik həbs cəzasını çəkdikdən sonra “taclandırılıb”. Onun “xaç ataları” kimi Emil Xobski, Şalva Xonski, Gia “Taxi” və Ramaz Dzneladze göstərilir. Dato Ramazla birlikdə Tsulukidze islah əmək müəssisəsində cəza çəkib.
Sonradan Datonun “qanuni oğru” karyerasına onun həmşəhərlisi, Kutaisidən olan Nikolay Tutberidze (“Matsi”) son qoyub. Mənbənin sözlərinə görə, Matsi bəzi düşərgə məsələləri ilə bağlı konkret suallar verdikdə Dato aydın cavab vermək əvəzinə yalan danışmağa və bəhanələr gətirməyə başlayıb. Bu isə onu çıxılmaz vəziyyətə salıb və nəticədə o, “qanuni oğru” statusunu itirib.
“Qanuni oğru” statusunu itirdikdən sonra da Çixvariya cinayət həyatından uzaqlaşmayıb. 2000-ci illərin əvvəllərində o, Moskvada mənzil oğurluqlarına görə iki dəfə məhkum edilib. İki il əvvəl isə məlum olub ki, keçmiş kriminal avtoritet Livan həbsxanalarından birində oğurluq ittihamı ilə cəza çəkir.
Bu ilin əvvəlindən etibarən Dato Çixvariya Kutaisi “oğru məktəbi”nin vəfat edən artıq üçüncü nümayəndəsidir. Xatırladaq ki, yanvarda Apşeronsk şəhərində Tamaz Kipiani, fevralda isə Kutaisidə Julen Motsereliya dünyasını dəyişmişdi.
Qeyd edək ki, Dato Kutaiski Dato Ağcabədinski kimi tanınan "qanuni oğru" Cavid Məmmədovu "tac"landıranlardan biri olub. Belə ki, 2013-cü iyunun 27-də Yunanıstanda keçirilən "sxodka"da Dato Kutaiski, Zaza və Şikora Cavidə "qanuni oğru" adı verib.


Dato Ağcabədinski