Məhkəmə Nazim İbrahimovun qardaşının cəzasını azaltdı
12 mart 2026 17:37 (UTC +04:00)

Məhkəmə Nazim İbrahimovun qardaşının cəzasını azaltdı

0

Bakı Apellyasiya Məhkəməsində "Bakı Ağac Emalı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışda təqsirləndirilən Tağı İbrahimov və Toğrul Rzayevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə apellyasiya şikayətinin təmin edilmədiyini bildirib.

Eyni zamanda məhkəmədə elan olunub ki, təqsirləndirilən şəxslərə amnistiya aktı şamil edilib və hər birinin cəzası 6 ay azaldılaraq 5 il 6 aya endirilib.

Xatırladaq ki, 2024-cu il yanvarın 15-də paytaxt Bakının Binəqədi rayonunda “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla müşayiət olunan partlayış baş verib. Fakt əsasında Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində cinayət işi başlanıb.

İbtidai istintaqla ASC-nin faktiki sahibi, 1962-ci il təvəllüdlü Tağı İbrahimov və ASC-də inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən, 1992-ci il təvəllüdlü Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər kimi bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına, habelə ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurmaqla digər ağır nəticələrə səbəb olmaları, həmçinin Tağı İbrahimovun xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Tağı İbrahimova Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə yekun ittiham elan edilib, onların hər ikisi barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.19 noyabr 2025-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsi hər iki təqsirləndirilən şəxsin ayrılıqda 6 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm oxuyub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 314

Oxşar yazılar