Səhiyyə Nazirliyindən karantin müddətilə bağlı əhaliyə ÇAĞIRIŞ
22 yanvar 2022 10:12 (UTC +04:00)

Səhiyyə Nazirliyindən karantin müddətilə bağlı əhaliyə ÇAĞIRIŞ

Son zamanlar dünya ölkələrində SARS-CoV-2 virusunun “Omicron” ştamının yayılması halları müşahidə olunur. Ümumdünya Səhiyyə Təşkilatı ölkələri xəstəliklə aparılan mübarizə tədbirlərinə yenidən baxmağa çağırır.

Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, yeni ştammın spesifik xüsusiyyətləri nəzərə alınaraq test strategiyaları, karantin müddətləri, xəstələrin müşahidə və müalicə metodlarında dəyişikliklər olunur.

Beynəlxalq təcrübəni və mövcud elmi araşdırmaların nəticələrini nəzərə alaraq, SARS-CoV-2 PZR test nəticəsi “müsbət” olan şəxslərin və onların müəyyən olunmuş “sıx təmaslı”larının təcrid (karantin) müddəti ölkəmizdə 24 yanvar 2022-ci il tarixindən etibarən 14 gündən 7 günə azaldılır.

“Omicron” mutasiyasının genetik xüsusiyyətlərini nəzərə alaraq vətəndaşlarımızdan səhiyyə qurumlarımız tərəfindən müəyyən olunmuş virusa yoluxma riskini azaldan göstərişlərə əməl etmələri xahiş olunur:

• Maska taxın.

• Tez-tez əllərinizi yuyun və ya antiseptik vasitələrdən istifadə edin.

• Fiziki məsafə saxlayın.

• İnsanların sıx toplaşdığı yerlərdən uzaq durun.

• Vaksin olunun.

Virusa yoluxduğunuz halda:

• Özünüzü ailə üzvlərinizdən mümkün qədər təcrid edin.

• Təcrid olduğunuz yeri tez-tez havalandırın.

• Gün ərzində 2 dəfə bədən hərarətinizi ölçün.

• Bol maye qəbul edin.

• Yataq rejiminə riayət edin.

• Hərarət yüksəldiyi zaman (38℃ və daha yuxarı) qızdırmasalıcı dərmanlardan istifadə edə bilərsiniz.

• 5 gündən çox müddətdə idarə olunmayan yüksək qızdırma (>38.5℃, qızdırma salıcı dərmanlara tabe olmayan) sizi narahat edərsə, ASM (poliklinika) ailə həkiminə (sahə həkimi pediatrı, sahə həkimi terapevti) məlumat verin.

• Ev şəraitində antibiotik, antiviral, hormonal, immunitet artırıcı müalicələrdən və venadaxili mayelərin köçürülməsindən uzaq durun.

• Qonşunun, qohumun, tanışın tövsiyəsinə əsasən dərman qəbul etməyin.

• Orta tibb işçilərinin tövsiyəsinə əsasən müalicə olunmayın.

Unutmayaq ki, vaksinasiya virusun istənilən mutasiyası ilə mübarizədə ən effektiv vasitə olaraq qalır. Vətəndaşlarımızı gücləndirici (“buster”) doza ilə vaksin olunmağa çağırırıq.

# 3342
avatar

Aytəkin Cəlali

Oxşar yazılar