"TikTok"da Azərbaycan dilini təbliğ edən məşhur kanalın sahibi ilə MÜSAHİBƏ
13 sentyabr 2023 17:05 (UTC +04:00)

"TikTok"da Azərbaycan dilini təbliğ edən məşhur kanalın sahibi ilə MÜSAHİBƏ

TikTok artıq uzun müddətdir ki, həm müxtəlif dilləri öyrənənlər, həm də tədris edənlər üçün unikal platforma kimi istifadə olunur. Qısa videolar vasitəsilə dil öyrənmək əyləncəli hal alır, məlumatları qavramaq isə daha asan olur. Məhz buna görə də artıq bir çox dil tədris edənlər TikTok-un imkanlarından istifadə edirlər.

Lent.az xəbər verir ki, onlardan biri də @ana_dilimde_danis_ kanalı ilə tanınan Azərbaycan dili müəllimi Aidə Hacıyevadır. Öz maraqlı yanaşması ilə seçilən Aidə ilə müsahibəmizi sizə təqdim edirik. Müsahibədə o, kontent yaratmaq üçün TikTok-u seçmək səbəbinə, Azərbaycan dili ilə bağlı izləyiciləri ən çox maraqlandıran suallara, informativ məzmun yaradıcılarının platformada necə uğur qazana biləcəyinə və digər maraqlı mövzulara toxundu.

- Özünüz haqqında məlumat verin.

 - Mən, Aida Hacıyeva. Azərbaycan dili müəllimi və diksiya təlimçisiyəm. 7 ildir, müəllimlik fəaliyyəti ilə məşğulam. Son 2 ildir, bildiklərimi nəzəri və praktiki olaraq sosial şəbəkələr, əsasən də TikTok-da insanlarla bölüşürəm. Səhifəni quranda məqsədim Azərbaycan dilini öyrənmək istəyən xaricilərə dəstək olmaq idi. Lakin sonra ölkədən kənarda yaşayan bir həmyerlimizin (Azərbaycanca həm şifahi, həm də yazılı nitqi qüsurlu olan) mənə dərslər üçün müraciət etməsi düşüncəmi, səhifənin istiqamətini və hədəf kütləsini tamamilə dəyişdi. 

- Sizin TikTok hesabınız @ana_dilimde_danis_ Azərbaycan dili biliklərini təkmilləşdirməyə və ümumi səhvləri aradan qaldırmağa həsr olunub. Qısa, vizual olaraq cəlbedici videoları ilə tanınan platformada qrammatika məzmunlu videoların izləyicilərinizdə maraq doğurmasını və cəlbedici qalmasını necə təmin edirsiniz?
 
 - Həm şifahi, həm də yazılı nitqdə yol verilən gündəlik səhvləri düzgün üslubla işıqlandırmağa çalışıram. Belə bir fərqindəlik də insanlarda maraq doğurur. Artıq həm də nitqini inkişaf etdirmək istəyən azərbaycanlılarla fərdi və ya qruplar şəklində işləyirəm. Bu gün səhifədə təkcə nitqi təkmilləşdirmək üçün texnikalar, qrammatik düzəlişlər yox, eyni zamanda düzgün davranış qaydaları və bədən dili ilə bağlı açıqlamalar da paylaşıb faydanı zənginləşdirməyə çalışıram.
 
 -  Bir çox TikTok istifadəçiləri təkcə maarifləndirici deyil, həm də əyləncəli məzmuna üstünlük verir. Qrammatik məsləhətlər vermək və videolarınızı izləyicilər üçün cəlbedici etmək arasında tarazlığı necə saxlayırsız?
 
 - Videolara xüsusi diqqətçəkən xitablarla və ya suallarla başlayıram. Bu zaman izləyicilərin diqqəti videoya yönəlir və onlarda maraq yaranır.
 
 - Sizin TikTok videolarınız böyük marağa səbəb olub. Auditoriyanızın ən sevimli videolarını paylaşa bilərsiniz?
 
Qulaqlıq, varvarizmlər və parazit səs, sözlərlə bağlı videolar çox bəyənildi. 
 
 - İzləyicilərinizdən ən çox aldığınız suallar və ya sorğulardan bəzilərini bizimlə paylaşa bilərsiz?
 
 - ”Nitqimi necə inkişaf etdirə bilərəm? Bunun üçün hansı kitabları məsləhət görə bilərsiniz?” - tipli suallar çox alıram və öz məsləhətlərimi verirəm. Düşünürəm ki, bütün bunlar şəxsi inkişaf kapitalının fundamentidir. Ona görə də biz kimliyimizdən, statusumuzdan, təhsilimizdən, peşəmizdən asılı olmayaraq yaxşı danışmalıyıq. Çünki yaxşı danışanda bizi diqqətlə dinləyirlər; özümüzü rahat ifadə edə bilirik; daha yaxşı iş fürsətləri qazanırıq; mübahisəli məqamlarda özümüzü, fikrimizi müdafiə edə bilirik; özümüzə inam artır. Bir sözlə, həyatımız dəyişir. 
 
 - Kontentiniz Azərbaycan dilində danışanların ümumi səhvlərini aradan qaldırmağa yönəlib. Həm səhvləri necə müəyyənləşdirirsiniz və düzəlişlərinizin auditoriyanız tərəfindən yaxşı qarşılanmasına necə əmin olursunuz?
 
 - İxtisas və peşəmdən dolayı düzləri bilərək… Səhvlər isə düzlər qarşısında təslim olmağa həmişə məhkumdur.Hamı tərəfindən yaxşı qarşılanır desəm, qeyri-səmimi olmuş olaram. Hər nə qədər iddialarım elmi əsaslara söykənsə də, razılaşmayanlar olur.
 
 - Trendləri videolarınızın məzmununa necə əlavə edirsiniz?
 
 - Əvvəllər trendlərlə ayaqlaşmağa çalışırdım. Artıq ehtiyac duymuram. Müəyyən qədər 
 
 - TikTok qlobal auditoriyaya malik olduğuna görə, Azərbaycan dilini bilməyənlər də var. Bəs sizin videolarınız Azərbaycan hüdudlarından kənarda maraq doğururmu?
 
 - Bəli, bunu mənə gələn müraciətlərə əsasən deyə bilirəm. Bundan əlavə, səhifəmdə düzgün davranışlara dair videolar da paylaşıram. Həmin videoların bəzilərində fikir hərəkətlərlə izah olunur. Azərbaycan dilini bilməyənlər belə o videolardan nə isə öyrənə bilərlər.
 
 - Məzmununuzu faydalı və cəlbedici saxlamaq üçün nə planlaşdırırsınız?
 
 - Danışmağı, işimi sevirəm. Gələcəyə dair çoxsaylı planlarım var. İzlədikcə şahidi olacaqsınız.
 
 - TikTok-da Azərbaycan dili müəllimi kimi fəaliyyətinizin həyatınıza necə təsir etdiyini bölüşə bilərsinizmi? Platformada olmaq sizin gündəlik iş rejiminizi və müəllimliyə olan baxışınızı necə dəyişdi?
 
 - Məşğulluğum və məsuliyyətim qat-qat artdı. Düşünürəm ki, müəllimlik, öyrətmək sinif otaqları ilə məhdudlaşmamalıdır. Bizim səmərəmizi sosila şəbəkələr, əsasən də TikTok vasitəsilə daha geniş kütlələrə sürətlə yaya bilərik.
 
 - Siz TikTok-da Azərbaycan dilini öyrətməyin unikal yolunu tapmısınız. Digər dilləri də öyrətmək üçün platformadan istifadə etməyi düşünən müəllimlər və ya dil həvəskarları üçün hansı məsləhətləri verə bilərsiniz?
 
 - Əgər bu gün başlamaq üçün onlara sədd qoyan problemlər varsa, bilsinlər ki, hamısı bəhanələrdir. Başlamağı, ertələməmək lazımdır. Çox istəkli olub hərəkətə keçdikdə davamı mütləq gəlir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13359
avatar

Oxşar yazılar