İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator yanında İşçi Qrup qeyri-hökumət təşkilatları ilə birlikdə məcburi əməyin qurbanlarının müəyyən edilməsi ilə əlaqədar daş karxanalarında, inşaat meydançalarında mütəmadi reydlər keçirib.
APA-nın xəbərinə görə, bu məlumat İnsan Alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair” sənədində bildirilib. Qeyd olunub ki, Azərbaycanda uşaqların kənd təsərrüfatında məcburi əməyə cəlb edilməsi hallarının aşkarlanması məqsədilə respublikanın bir sıra rayonlarında hüquqi və fiziki şəxslərə məxsus təsərrüfatlarda monitorinqlər aparılıb. Respublikanın daxili işlər orqanları tərəfindən 2009-2013-cü illərdə təhsildən yayınan 3 543 şagird aşkarlanaraq hər biri zəruri profilaktik tədbirlərlə əhatə olunub, onların oxuduqları təhsil müəssisələrinə 2876 təqdimat yazılıb.
Məcburi əməyin qarşısının alınması sahəsində təşəbbüslər 2013-cü ildə daha da artaraq bu cinayətlərdən zərərçəkən şəxslərin müəyyən edilməsi ilə bağlı zəruri tədbirlər həyata keçirilib. Belə ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində müxtəlif nazirliklərin, yerli icra hakimiyyəti orqanları və qeyri-hökumət təşkilatları nümayəndələrinin daxil olduğu nəzarət qrupu yaradılaraq ölkə üzrə uşaqların təhsildən yayınması və qanunsuz əməyə cəlb olunması hallarının mütəmadi monitorinqi aparılıb.
Komitənin Goranboy, Ağdam, Sabirabad, Zaqatala, İsmayıllı, Qəbələ, Göygöl, Zərdab, Saatlı və Hacıqabul rayonlarında fəaliyyət göstərən uşaq və ailələrə dəstək mərkəzləri tərəfindən də təhsildən yayınma halları araşdırılıb və adekvat tədbirlərin görülməsi təmin edilib.
Dövlət Əmək Müfəttişliyi, Azərbaycan Həmkarlar İttifaqı, Sahibkarlar Konfederasiyası və qeyri-hökumət təşkilatları Koalisiyasının nümayəndələri ilə birgə 18 şəhər və rayon üzrə 31 kənd təsərrüfatı və 8 yol-tikinti obyektində, 4 sənaye müəssisəsində və Qaradağ rayonunda yerləşən daş karxanalarında ümumilikdə 45 monitorinq aparılıb, məcburi əməyin qurbanı aşkar edilməyib. Müxtəlif şirkətlərdə çalışan əcnəbilərin və yerli vətəndaşların məcburi əməyə cəlb edilməsi ilə bağlı daxil olmuş müraciətlərin araşdırılması zamanı şikayətlərin əsasən əmək mübahisələri ilə əlaqədar olduğu müəyyən edilib. Görülmüş tədbirlərə 27 nəfər Türkiyə və Azərbaycan vətəndaşına 3 şirkət tərəfindən 77 min manat məbləğində pul vəsaitinin ödətdirilməsi təmin olunub.