4553 məcburi köçkün ailəsi yeni evlərə köçürülüb
16 yanvar 2013 03:43 (UTC +04:00)

4553 məcburi köçkün ailəsi yeni evlərə köçürülüb

0

"İndiyədək Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 31 min mənzildən ibarət, bütün sosial-texniki infrastruktura malik 77 müasir qəsəbə salınıb, 31 min ailənin, yaxud 140 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb". APA-nın məlumatına görə,  bu barədə Azərbaycan prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.

 

Əli Həsənovun sözlərinə görə, həmin yeni yaşayış məntəqələrində 134 məktəb, 5 musiqi məktəbi, 48 uşaq bağçası, 51 tibb məntəqəsi, 43 mədəniyyət mərkəzi, 2 Olimpiya İdman Kompleksi tikilib, 628 kilometr yol, 781 kilometr su, 1333 kilometr elektrik, 288 kilometr qaz xətti çəkilib, müxtəlif gücə malik 671 elektrik transformatoru quraşdırılılıb. Həmçinin Maliyyə Nazirliyi tərəfindən ayrılmış vəsait hesabına 1348 ailə - 6740 nəfər məcburi köçkün dövlət ehtiyacları ilə əlaqədar Abşeron rayonunun ərazisində tikilmiş yeni mənzillərə köçürülüb.

 
Dövlət Komitəsinin sədri bildirib ki, 2012-ci ildə Şəki rayonunda 423, Bərdə rayonunda 195, İmişli rayonunda 325, Qaradağ rayonunda 1440, Mingəçevir şəhərində 502 məcburi köçkün ailəsi üçün bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə 3 qəsəbə və iki yaşayış məhəlləsi inşa edilib. Əli Həsənov qeyd edib ki, 2012-ci ildə Bakı şəhəri ətrafında tikilmiş qəsəbələr hesabına, yaxın aylarda Bakı Dövlət Universitetinin, o cümlədən Dövlət Neft Akademiyasının yataqxanalarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürüləcək. 


"Beləliklə, 2012-ci il ərzində 296 min kvadratmetr sahəsi olan 6 yeni yaşayış kompleksi salınıb, 22765 nəfərdən ibarət 4553 məcburi köçkün ailəsi yeni evlərə köçürülüb, 3300 şagird yerlik 6 məktəb inşa edilib. Son 20 ildə həcminə görə ən böyük 1300 şagird yerlik məktəb 2012-ci ildə məcburi köçkünlər üçün Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində tikilib", deyə Dövlət Komitəsinin sədri qeyd edib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 711

Oxşar yazılar