“Rokçu” keşiş, 40 günlük yolçuluq, 40 qəpiklik şam REPORTAJ
28 noyabr 2013 17:30 (UTC +04:00)

“Rokçu” keşiş, 40 günlük yolçuluq, 40 qəpiklik şam REPORTAJ

Bu kilsəyə ikinci səfərimdi. Birincini Gəncədə etmişdim. Bakıdan gələn qonaqlarım kilsəyə baxmaq istəmişdilər. Onların sayəsində mən də ilk dəfə 28 yaşımda kilsəni gördüm. Düzünü etiraf edim ki, ilk səfərimdən yaxşı təəssüratlarla ayrılmadım. Nə isə...

 

Bu, başqa söhbətin mövzusudur, əslində...

 

 

İkinci dəfə isə kilsədə bu gün oldum. Adi günlərdən biri deyil, pravoslav xristianların üçün. Yenil il orucluğunun başlanğıcıdır.

 

İslam dinində olduğu kimi xristianlıqda da oruc tutulur. Əsas oruc Pasxadan əvvəl, 7 həftəlik olandır. Bundan əlavə pravoslav xristianlarının ayinləri arasında Pyotr orucu, Uspensk orucu, mövlud və ya Fillip orucu da var. Xristianlıqda oruc kilsənin üçüncü əmridir. İyirmi bir yaşından altmış yaşına qədər hər bir xristian oruc tuta bilər. Orucun iki növü var: şükran orucu və kilsə orucu. Xristianlıqda oruc tutan tam yeməkdən imtina etmir. Oruc tutan insan heyvan mənşəli qidalardan uzaq durmalı, bitki mənşəli qidalar qəbul etməlidi. Ət məhsullarından isə ancaq balıq yeməyə icazə verilir.

Pravoslavlar Milad bayramını Yulian təqviminə əsasən, yanvar ayının 7-si qeyd edirlər. Kilsə nizamnaməsinə uyğun, dindar pravoslavlar bayramdan qabaq davamlı oruc tuturlar. Bu oruc bayram ərəfəsinə düşdüyü üçün buna Yeni il orucluğu da deyirlər. Yanvar 2-dən yeni gün doğana qədər, balıq yeməyə belə icazə verilmir.

 

Elə xristianlar üçün bu əziz gündə “28 may” metrostansiyasının yaxınlığında yerləşən Rus Pravoslav Kilsəsinə yollanırıq.

 

***

 

...Qapının ağzında bir qadın əyləşib. Düzü, əvvəlcə dilənçi sandım. Yaxınlaşanda gördüm ki, qadın mənə heç fikir vermir. Qəribədir, məscidlərdən fərqli, burada dilənçilər yoxdu. Kənarda oturan bir qoca diqqətim cəlb edir. Qara libasda, sinəsində böyük xaç, əlində əsa. Hər halda “keşişdi” deyə yaxınlaşıram. Qoca dayanmadan dodağının altında dua edir. Sonra yanında oturdur. Balaca qabın qapağını açıb başıma su da tökdü. Hər halda “dualı su” idi. Georgi babanın qulağı eşitmir. Nə dedim, faydası olmadı. Sadəcə “mənim qulağım eşitmir, gözəl balam”  cavabını eşidirəm. Əlimi buraxıb ciblərini axtarmağa başlayır. Sağ cibindən bir şey çıxmadı. Sonra sol cibindən bir konfet tapıb mənə uzadır. Yamında oturan qadından xristianlıqda orucluqla maraqlanıram. Lena xala deyir ki, xristianlıqda bir neçə orucluq var. Birgünlük orucluq və çoxgünlük orucluqlar. Əsas orucluq Pasxadan əvvəl tutulandı. Bu gün başlayan və yanvarın 6-a qədər davam edən Yeni il orucluğu isə 40 gün davam edəcək.

 

Lena xala dinindən fərqli olmayaraq bütün insanları müqəddəs ayda günahlardan uzaq durmağı, daha çox dualar edib, xeyirxah işlər görməyə səsləyir: “Kim düşünürsə ki, orucluq sadəcə aclıqdı, o yanılır. Orucluğun əsas məqsədi ruhun günahlardan, pisliklərdən təmizlənməsidir. Oruc tutan insan özünü qəzəbdən uzaq tutmalı, dilini cilovlamalı, yalan danışmamalıdır. Orucluq insanın ruhunu sakitləşdirir, ağlını gücləndirir, insanı günahlardan çəkindirir. Bu ayda insanlar daha çox Allaha yaxın olmalı və dualar etməlidir”.

 

Bu vaxt Lena xalanı kimsə çağırır. Yenə George babayla baş-başa qalırıq. O, dodağının altında dua oxuyur. Mən isə kilsəyə gəlib-gedənləri müşahidə edirəm.

 

 

 

Müşahidələrimdən onu anladım ki, bu gələnlərin iki məqsədi var. Bir qrup ibadət üçün gəlib, müqəddəslərin ruhuna şam yandırıb, dualar edir. Dua edənlər ikonalara arxalarını çevirmədən gəldikləri kimi dala-dala addımlayıb kilsədən çıxırlar. Qapının ağzında dayanıb bir daha xaç çevirib gedirlər.

 

 

 

Digər qrup isə bir kənarda oturub keşişin gəlişini gözləyir. Hələ ki, keşiş gözə dəymir. Onlara qoşulub keşişi gözləyirik. Budur, qızılı rəngli qapının ağzında Aleksandr ata görünür. Əgər bu adam keşiş paltarında olmasaydı və bura da kilsə, bu adamın keşiş olduğuna inanmazdım. Filmlərdə gördüyümüz keşişlər ağ saqqalı, mülayim simalı babalar olur. Bu isə modern saç düzümlü bir adamdır. Gözündə gün eynəyi, bığ-saqqalından rokçuları xatırladan keşiş nədənsə acıqla ətrafa baxır, sonra isə onu gözləyən qadınlara, yəni bizə tərəf gəlir. Növbədə birinci olan qadın keşişə yaxınlaşır. Qadın ona sakit səslə nəsə deyir və qarşılarında duran kiçik, amma hündür ayaqlı masaya başını qoyur. Aleksandr ata isə boynuna saldığı qızılı şalın bir ucunu qadının başına atır. Sonra da başlayır dua etməyə. Qulaq yetirirəm. Duanın sonunda elə-beləcə də deyir: “Tanrı sizi ətrafınızdakı pisliklərdən, zalımlardan qorusun”. Beləcə, bir-birini ardınca başqa dualar...

 

***

 

- Bəs pul vermədin?

 

- Mən pulu əvvəlcədən vermişəm.

 

Kilsədə ibadətə gələnlərin dialoqundan belə başa düşdüm ki, qadınlardan biri keşişin 40 gün ona duaçı olmasına görə, 65 manat pul ödəyib. Növbə mənə çatır, keşişə yaxınlaşıram.

 

- Müqəddəs ata, mən dua üçün gəlməmişəm.

 

Keşiş duruxdu.

 

- Bəs nə üçün gəlmisən?

 

- Jurnalistəm. Reportaj üçün gəlmişəm. Kilsənin fotolarını çəkmək üçün sizin icazəniz lazımdı. Konstantin atadan da icazə almışam.

 

- Buyur, çək.

 

Elə bu zaman qadınlar arasında çaxnaşma düşür.

 

- Bizi yox, bizi çəkmə. Qardaşım görər.

 

 

Biri qardaşından, digəri atasından, o biri tanışından çəkinib şəkillərini çəkməyə icazə vermir. Onların niyə və nədən çəkindikləri isə mənə qaranlıq qalır...

 

***

 

 

Kilsədə şam yandıranlara baxıb bir şam da mən yandırmaq istəyirəm. Girəcəkdəki balaca otaqda 40 qəpikdən tutmuş 2 manat 50 qəpiyə qədər müxtəlif qiymətlərə şamlar satılır. Ən ucuzunu alıb təkrar içəri keçirəm. Bir olan Allaha dua edirəm. Keşişin səsi gəlir, hamını günahlardan uzaq durmağa çağırır.

 

Kilsədən çıxıb işə qayıdıram. Mağazada müsəlman ilahiyyatçısının diskini səsləndirilər. Elə beləcə də deyir: “Günahlardan uzaq olun!”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1504

Oxşar yazılar