Ekologiya və Təbii Sərvətlər Nazirliyi dünən saat 13 radələrində Otman-Bozdağ palçıq vulkanında baş verən püskürmə ilə bağlı məlumat yayıb.
ETSN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dünən Otman-Bozdağ palçıq vulkanında güclü püskürmə baş verib. Püskürmə ümumən 9 dəqiqəyə yaxın olub. Vulkan kraterindən cənub istiqamətində eni bəzi yerlərdə 6 metrəyə çatan çatlar 3-4 km məsafəyə qədər uzanaraq yeni çat sistemi təzahürü yaradıb. Yeni xaric edilmiş sülb tullantılarının həcmi 12 hektardan çox ərazini örtüb. Xaric olan brekçiya qatının qalınlığı 2 metrə yaxındır, uzunluğu isə 350 metrə çatır.
Yaxınlıqda yaşayış məskənləri olmadığından bu palçıq vulkanı təhlükəli hesab edilmir.
Vulkanının yerləşdiyi tektonik çatın üzərində bir neçə iri palçıq vulkanı da vardır ki, onların da aktivləşmə ehtimalı artıb.
Bildirilir ki, hazırda ETSN əməkdaşları tərəfindən prosesə nəzarət olunur və müvafiq ölçmə işləri aparılır.
Qeyd edək ki, Otman-Bozdağ palçıq vulkanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 29 sentyabr tarixli 294s nömrəli Sərəncamına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun daimi istifadəsinə verilib.
***
09:43
"Dünən Qaradağ rayonunda püskürən "Otmanbozdağ" vulkanında püskürmə tam başa çatıb. Vulkan artıq sönüb". Bu barədə Lent.az-a AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsindən bildirilib. Vulkan püskürməsi təxminən 10 ha ərazini əhatə edib. Hazırda ərazi vulkan palçığı ilə əhatə olunduğundan institut tərəfindən lazımi ölçmə işləri bir neçə gün sonra aparılacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bakı və Abşeron yarımadasının Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev isə Lent.az-a bildirib ki, hazırda nazirliyin mütəxəssisləri vulkanda ölçmə işləri aparırlar. Ölçmə işləri axşamadək davam edəcək: "Hazırda vulkanda vəziyyət stabildir. Pərakəndə halda qalan xırda odlar da artıq sönüb. Vulkandan xaric olunan axıntılar isə hələ nəm haldadır. Adətən bu axıntılar püskürmədən 6-7 saat sonra qurumalı idi. Axıntıların hələ də nəm qalması bir qədər qəribədir".
Qeyd edək ki, dünyanın ən böyük palçıq vulkanlarından olan "Otmanbozdağ" Qaradağ dəmiryol stansiyasından 5 km şimal-qərbdə yerləşir. Vulkanın diametri 300 metrdir. Onun səthində 100-dən artıq qrifon var. Bu zamana qədər 3 püskürmə - 22 yanvar 1845-ci ildə, 1951-ci il və 10 oktyabr 1961-ci ildə qeydə alınıb.