"Yoxsulluğun tamamilə aradan qaldırılması vəzifəsi təmin ediləcək"
16 yanvar 2013 00:15 (UTC +04:00)

"Yoxsulluğun tamamilə aradan qaldırılması vəzifəsi təmin ediləcək"

0

Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

 

APA-nın məlumatına görə, dövlət başçısı iclası giriş nitqi ilə açıb.

 

Prezidenti İlham Əliyev bildirib ki, 2012-ci ilin yekunlarını müzakirə və eyni zamanda, 2013-cü ildə qarşıda duran vəzifələri təhlil etməyə böyük ehtiyac var. Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının keçən il öz dinamik inkişafını qoruya bildiyini qeyd edərək,  2013-cü ildə görüləcək işlər ölkəni daha da böyük nailiyyətlərə gətirib çıxaracağına əminlik ifadə edib. “Çünki 2003-cü ildə müəyyən edilmiş 10 illik inkişaf planımız bu il başa çatır. 2004-cü ilin əvvəlində regional inkişaf proqramı qəbul edilib və bu il bu proqramın ikinci mərhələsi başa çatacaq. Əminəm ki, proqramda müəyyən edilmiş bütün vəzifələr bu ilin sonuna qədər təmin ediləcək”, deyə ölkə başçısı bildirib.

 

Prezident İlham Əliyev deyib ki, bütövlükdə 2012-ci il Azərbaycan iqtisadiyyatı üçün çox uğurlu il olub: “Bu da təsadüfi deyil. Çünki keçən ilin uğurları bundan əvvəlki dövrdə müəyyən edilib. Azərbaycanın düşünülmüş iqtisadi siyasəti artıq öz gözəl nəticələrini verməkdədi və dinamika müsbətdir, inkişaf çox sevindiricidi”.

Dövlət başçısı qetd edib ki, 2012-ci ilin yekunları ilə bağlı əslində ilin əvvəlində də heç bir şübhə yox idi. İlham Əliyev 2012-ci ilin əvvəlində çıxışını xatırladaraq,  2012-ci il də uğurlu olacağı barədə əminlik ifadə etdiyini qeyd edib. “Belə də oldu. Bütün iqtisadi göstəricilər yüksək səviyyədədir. Ümumi daxili məhsul 2,2 faiz artıb. Bu, əslində inkişaf etmiş ölkələr, xüsusilə böhranlı illər üçün çox yüksək göstəricidi. Əlbəttə, templər əvvəlki illərdə daha da yüksək olduğuna görə bu, o qədər də qəbul edilən deyil. Ancaq nəzərə alsaq ki, keçən il neft hasilatında azalma olub və sənaye istehsalı, ümumiyyətlə, 2,3 faiz azalıb, ümumi daxili məhsulun 2,2 faiz səviyyəsində artımı çox müsbət göstəricidir”, deyə dövlət başçısı vurğulayıb. 

 

 


Prezident İlham Əliyev bu artımı qeyri-neft sektorunun hesabına qazanıldığını qeyd edərək bunun sevindirici məsələ olduğunu bildirib: “Qeyri-neft sektoru keçən il 9,7 faiz artıb. Beləliklə, Azərbaycan  iqtisadiyyatı şaxələndirməklə bağlı bir neçə il bundan əvvəl qarşıya qoyulmuş vəzifəyə artıq nail ola bilib”.

 

 

 
Dövlət başçısı qeyri-neft sənayenin də artığını qeyd edib: “Bu da son illər ərzində sənayeləşmə siyasətinin düzgün istiqamətdə aparılmasının təzahürüdür. Qeyri-neft sənayesi təxminən 8 faiz artıb. Kənd təsərrüfatı təxminən 6 faiz artıb. Makroiqtisadi vəziyyət çox müsbətdir. İnflyasiya cəmi 1,1 faiz səviyyəsindədir ki, bu, son illərdə ən aşağı səviyyədir. Əhalinin pul gəlirləri isə 13,8 faiz artıb. Yəni, inflyasiya ilə pul gəlirləri arasında fərq 10 faizdən çoxdur. Bu da əlbəttə, hesab edirəm ki, dünya miqyasında ən yüksək göstəricilərdən biridir”. 

 


Prezident İ.Əliyevin sözlərinə görə, inflyasiyanı aşağı səviyyədə saxlamaq o qədər də asan məsələ deyil. “Nəzərə almalıyıq ki, keçən il çox böyük sosial proqramlar icra edilib. Onların içində sovet dövründən qalmış əmanətlərə görə vətəndaşlara kompensasiyanın verilməsi təşəbbüsü var idi. Artıq dövlət tərəfindən vətəndaşlara 100 milyonlarla manat kompensasiya şəklində verib. Bu, istər-istəməz makroiqtisadi vəziyyətə əlavə yük olub. Bununla bərabər, keçən il investisiya xərcləri rekord səviyyədə olub. Rəsmi statistik məlumatlara görə, keçən il investisiyalar 22 milyard dollardan çox olub. Bunun 13 milyardı, bir qədər ondan çoxu daxili, 9 milyard dollara yaxını isə xarici investisiyalardır. Bu da çox müsbət göstəricidir. İlk növbədə onu göstərir ki, daxili investisiyalar artıq bir neçə ildir ki, ümumi investisiya portfelində üstünlük təşkil edir”.

 

 

Dövlət başçısı qeyd edib ki, 9 milyard dollara yaxın xarici sərmayənin qoyulması  onu göstərir ki, Azərbaycan xarici investorlar üçün çox etibarlı tərəfdaşdır, çox cəlbedici ölkədir: “Ölkəmizdə aparılan iqtisadi islahatlar, iqtisadi liberallaşma, dünya iqtisadiyyatına inteqrasiya siyasətimiz 9 milyard dollara yaxın xarici sərmayənin qoyulmasına gətirib çıxarıb. Əlbəttə, bu məsələdə beynəlxalq kredit agentliklərinin reytinqləri də az rol oynamır. Çünki dünyanın aparıcı kredit reytinq agentlikləri keçən il Azərbaycanın kredit reytinqlərini artırıb. Bu da, deyə bilərəm ki, müasir dünya üçün çox nadir bir məsələdir. Çünki inkişaf etmiş ölkələrin bəzilərinin reytinqləri aşağı salınır, Azərbaycanın kredit reytinqləri isə yuxarı qaldırılır və bu da aparılmış iqtisadi islahatların nəticəsidir”.

 


Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan iqtisadiyyatı, ümumiyyətlə,  mötəbər beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Dövlət başçısı vurğulayıb ki, Dünya Bankının hesabatlarında biznesin aparılması üçün Azərbaycan yüksək yerlərdədir. “Ümumdünya Davos İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 46-cı yerdədir, MDB məkanında 1-ci yerdədir. Bax, budur görülmüş işlərin nəticəsi və əlbəttə, biz bu müsbət dinamikanı gündəlik həyatda da görürük. Azərbaycanın  maliyyə imkanları artır”.

 

 

Prezident İlham Əliyev qeyd edib ki, 2013-cü ilin dövlət büdcəsi də rekord səviyyədədir:  “20 milyard manata yaxın olan vəsait xərclənəcək. Keçən il Azərbaycan valyuta ehtiyatlarını artıra bilib. Baxmayaraq ki, xərclər də kifayət qədər çox idi. Hazırda dövlətin ümumi valyuta ehtiyatları 46 milyard dollar səviyyəsindədir. Bu, çox böyük rəqəmdir. Hesab edirəm ki, bu, dünya miqyasında çox böyük rəqəmdir. Bəzi hallarda valyuta ehtiyatları Azərbaycanın ümumi daxili məhsulu ilə müqayisə edilir və hesab edirəm ki, ölkə bu göstəriciyə görə ən qabaqcıl yerlərdədir. Azərbaycanın valyuta ehtiyatları ümumi daxili məhsulun 70 faizini təşkil edir. Yəni, iqtisadi sabitlik, - təbii ki, möhkəm siyasi sabitlik üzərində qurulmuş iqtisadi sabitlik,- infrasturktur layihələri, sosial proqramlar və digər sahələrdəki fəaliyyət 2012-ci ildə də çox gözəl nəticələrə gətirib çıxarıb”, deyə dövlət başçısı fikrini tamamlayıb.

 

 


Sosial məsələlərin həllinə gəldikdə, prezident İlham Əliyev keçən il sovet dövründən dondurulmuş vəziyyətdə qalmış əmanətlərə kompensasiya verilməsi proqramı başlanılmasını xatırladıb: “İlin sonunda mənə verilən məlumata görə, artıq proqramın böyük hissəsi icra edilib. Vətəndaşlara yüz milyonlarla manat vəsait verilib və əminəm ki, bu proqram yaxın aylarda başa çatacaq. Plana əsasən, bu proqram bu ilin sonuna qədər artıq başa çatdırılacaq. Bu, çox böyük siyasi addım idi. Azərbaycan dövlətinin sosial siyasətinin nə qədər düzgün olduğunu göstərir. Bir də onu göstərir ki, hökumətin bütün fəaliyyəti mərkəzində Azərbaycan vətəndaşı, onun rifahı dayanır”.

 

 


Dövlət başçısı keçən il digər sosial proqramların da icra olunmasını xatırladaraq qeyd edib ki, 2013-cü ildə də bu məqsədlər üçün əlavə vəsait nəzərdə tutulacaq.  Prezident əmin olduğunu bildirib ki, hökumətin sosial siyasətı  bu il də çox təsirli olacaq. “Eyni zamanda, keçən il sosial infrastrukturun yaradılması ilə bağlı böyük işlər görüüb - yüzlərlə məktəblər, xəstəxanalar, Olimpiya kompleksləri, digər sosial obyektlər tikilibvə təmir edilib”, deyə prezident İlham Əliyev qeyd edib.


Prezident İlham Əliyev qeyd edib ki, 2013-cü ildə də investisiya proqramında bu layihələr nəzərdə tutulur. “Keçən il məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün ən böyük məbləğ Dövlət Neft Fondu tərəfindən nəzərdə tutulmuşdur, 300 milyon manat vəsait ayrılmışdır. Bu da tarixdə ən böyük ayrılan vəsaitdir. Bu vəsaitin hesabına 20 mindən çox məcburi köçkün yeni mənzillərlə, evlərlə təmin edilib. Bütün bu evlər çox yüksək səviyyədə tikilib, ən yüksək standartlara cavab verir. Mən açılışların böyük əksəriyyətində şəxsən iştirak etmişəm və görmüşəm ki, doğrudan da, köçkünlər üçün yaradılan şərait ən yüksək səviyyədədir. Bu, belə də olmalıdır. Köçkünlər buna layiqdirlər. Bu il də Dövlət Neft Fondunda eyni səviyyədə vəsait nəzərdə tutulub. Bu il də ən azı 20 min köçkün yeni evlərlə, mənzillərlə təmin ediləcək. İstisna olunmur ki, il ərzində bu sahəyə hökumət əlavə vəsait də ayırsın. Çünki Azərbaycanın maliyyə vəziyyəti bir daha demək istəyirəm ki, yaxşıdır. Hər il ayrılan 300 milyon manat vəsait də çox böyük rəqəmdir və doğrudan da, il ərzində demək olar ki, bir şəhər yaradılır”, deyə dövlət başçısı qeyd edib.

 


İlham Əliyevın sözlərinə görə, regional inkişaf Proqramı da uğurla icra edilib:  “Qeyd etdiyim kimi, 2004-cü ildə birinci Proqram, 2009-cu ildə ikinci Proqram qəbul edilmişdir. Artıq ikinci Proqram başa çatmaq üzrədir. Qarşıya qoyulmuş bütün vəzifələr icra edilib. Keçən il 117 min yeni iş yeri açılmışdır ki, onlardan 93 mini daimi iş yeridir. Proqramın əvvəlindən 1 milyon 200 min yeni iş yeri açılıb ki, bu da öz növbəsində işsizliyin böyük dərəcədə azaldılmasına xidmət göstərıb. İşsizliyin səviyyəsi 2012-ci ildə bir qədər aşağı düşmüş və indi 5,2 faiz səviyyəsindədir. İşsizliklə bilavasitə bağlı olan yoxsulluğun səviyyəsi də aşağı düşüb - 7,6 faizdən 6 faizə. Bu, hesab edirəm ki, hətta inkişaf etmiş ölkələr üçün çox gözəl göstəricidir”. Prezident əmin olduğunu bildirib ki, 2013-cü ildə görüləcək işlər, yeni, infrastruktur layihələrinin, sosial proqramların icrası nəticəsində yoxsulluq səviyyəsi daha da düşəcək və beləliklə, 10 il bundan əvvəl qarşıya qoyulan vəzifə, - Azərbaycanda yoxsulluğu tamamilə aradan götürmək vəzifəsi də artıq təmin ediləcək. 

 


Dövlət başçısı qeyd edib ki, 2012-ci ildə Bakı və onun qəsəbələrinin inkişafı Proqramı da uğurla icra edilib. “Bu il bu Proqram başa çatmalıdır. Bütün qəsəbələrdə infrastruktur layihələri icra edilir, yollar salınır, müasir şərait yaradılır. Bu Proqramın icrası daim nəzarət altındadır və əminəm ki, bu ilin sonuna qədər qəsəbələrin əsas infrastruktur və sosial problemləri öz həllini tapacaq. Hökumət bu məsələyə kompleks şəkildə yanaşır. Proqram çox müfəssəldir, genişdir, dəqiqdir. Hər bir məsələ orada nəzərdə tutulub - su, qaz, işıq, yollar, məktəblər, tibb məntəqələri və digər məsələlər. Bu Proqramın icra edilməsi nəticəsində qəsəbələrdə mövcud problemlərin böyük əksəriyyətini, demək olar ki, aradan götürüləcək”. 

 


Ölkə başçısı Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə artıq qəsəbə sakinlərinə, iş adamlarına kreditlərin verilməsi prosesinın başlanmaşını xatırlayıb. İlham Əliyevin sözlərinə görə, qəsəbələrdə yeni iş yerlərinin açılması istiqamətində də böyük işlər görülüb. Dövlət başçısı keçən il çoxlu sayda yeni müəssisələrın  yaradılmasını xatırladaraq, bunun, işsizliyin aradan qaldırılmasında  müsbət təsirini göstərib
Keçən il sənayeləşmə istiqamətində çox əlamətdar bir il olmuşdur. Həm iri sənaye müəssisələrinin yaradılması, eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı istiqamətində çox böyük işlər görülmüşdür. Sahibkarlara verilən kreditlərin həcmi artır və bu il də artacaqdır. Bu, real iqtisadiyyata verilən böyük töhfədir və eyni zamanda, Azərbaycan dövlətinin sahibkarlıqla, özəl sektorun inkişafı ilə bağlı siyasətinin təzahürüdür. 
Ərzaq təhlükəsizliyi məsələlərini uğurla həll etmişik. Kənd təsərrüfatı məhsullarının təxminən 6 faiz səviyyəsində artırılması əlbəttə ki, görülən işlərin nəticəsidir. Biz bu barədə də danışacağıq, 2013-cü il üçün də konkret təkliflərimiz vardır. 

 

 


Azərbaycan prezidenti 2012-ci il xarici siyasətlə bağlı da çox uğurlu olduğunu da qeyd edib. “Azərbaycan xarici fəaliyyətini genişləndirib. Beynəlxalq təşkilatlarda qarşıya qoyulan vəzifələrə çatmışıq. Keçən il Azərbaycan tarixdə ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasına sədrlik edib. Bu, tarixi nailiyyətdir. Ümumiyyətlə, 2011-ci ilin sonunda Təhlükəsizlik Şurasına Azərbaycanın seçilməsi çox böyük tarixi hadisə və Azərbaycan dövlətinin dünya miqyasında nüfuzunun göstəricisi idi. Azərbaycan keçən il dünyanın bir nömrəli qurumuna uğurla sədrlik etmişik və əlbəttə, bizim beynəlxalq nüfuzumuz da, təsir imkanlarımız da artıbdır. Azərbaycan, deyə bilərəm ki, keçən il dünyada özümüzü daha da böyük dərəcədə təsdiq edə bilib. Çox şadam ki, 2011-ci ildə beynəlxalq birlik tərəfindən bizə göstərilən inam Azərbaycan tərəfindən qorundu və hesab edirəm ki, il ərzində bu inam daha da artdı. Çünki Azərbaycan bu mötəbər quruma əlbəttə ki, beynəlxalq birlik tərəfindən ona olan inamın nəticəsində seçilib. Azərbaycan il ərzində bu inamı doğrulda bilmişik”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 948

Oxşar yazılar