AMEA və Anadolu Universiteti müqavilə imzaladı
22 may 2013 16:38 (UTC +04:00)

AMEA və Anadolu Universiteti müqavilə imzaladı

0

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Türkiyə Cümhuriyyətinin Əskişəhər Anadolu  Universiteti arasında qarşılıqlı əməkdaşlıq  haqqında razılaşma əldə olunub.

 

AMEA-dan Lent.az-a verilən məlumata görə, AMEA-nın Rəyasət Heyətində hər iki təşkilat arasında müqavilə bağlanıb.

 

Sənəd AMEA-nın prezidenti Akif Əlizadə və Anadolu Universitetinin rektoru Davud Aydın tərəfindən imzalanıb. İmzalanma mərasimində çıxış edən Akif Əlizadə qardaş ölkənin məşhur Anadolu Universiteti ilə əməkdaşlığın çox önəmli olduğunu bildirib.

 

Davud Aydın rəhbəri olduğu universitetin fəaliyyətindən danışıb. Onun sözlərinə görə, Anadolu Universiteti yalnız təhsil yox, həm də elm ocağıdır. Mükəmməl elmi və texniki imkanlarla təmin olunmuş universitet elmin müxtəlif istiqamətlərində aparmış olduğu tədqiqat və layihələrlə, yüksək ixtisaslı kadrlar yetişdirməklə məşhurdur. O nəzərə çatdırıb ki, bu il mayın 7-də Anadolu Universitetində Heydər Əliyev Mərkəzi təşkil olunub. Bu qurum vasitəsi ilə Azərbaycan və Türkiyə alimlərinin müştərək tədqiqatlar aparmaları nəzərdə tutulur.

 

Beşillik müqavilədə AMEA Anadolu Universitetindəki Heydər Əliyev Mərkəzi ilə birlikdə tarix, ədəbiyyat, dilçilik, incəsənət, iqtisadiyyat, arxeologiya və etnoqrafiya sahələri üzrə elmi-tədqiqat işlər aparmaq vəzifəsini öz üzərinə götürür. Monoqrafiya və məqalələr hazırlayıb  nəşr etdirmək, Anadolu Universitetinin əməkdaşlarını AMEA-da keçirilən elmi tədbirlərə və forumlara dəvət etmək, Heydər Əliyev Mərkəzini Heydər Əliyev  haqqında nəşr olunan elmi və bədii  əsərlərlə təmin etmək də Azərbaycan tərəfinin vəzifələri sırasındadır. AMEA-da çalışan alimlər Anadolu Universitetinin tələbələri və Heydər Əliyev Mərkəzinin dinləyiciləri üçün Bakıdakı İnformasiya Texnologiyaları İnstitutunun vasitəsi ilə video dərslər də keçəcəklər. Türkiyə tərəfi isə AMEA ilə birlikdə ortaq simpozium və seminarlar keçirmək, universitetdə təşkil olunan elmi və mədəni tədbirlərə Azərbaycanın tanınmış  alimlərini dəvət etmək, AMEA-nın Tarix, Ədəbiyyat, Dilçilik, İncəsənət və İqtisadiyyat, Arxeologiya və Etnoqrafiya  institutları ilə birlikdə kitablar və məqalələr hazırlamaq, araşdırmalar aparmaq, ekspedisiyalar təşkil etmək vəzifələrini öz üzərinə götürür.

 

Sonda Davud Aydın və köməkçisi Aydın Ziya Özgür AMEA rəhbərliyini Anadolu Universiteti ilə yaxından tanış olmaq üçün Türkiyəyə dəvət edib. Akif Əlizadə və AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli dəvəti məmnuniyyətlə qəbul ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1211

Oxşar yazılar