Anomal hava şəraiti bizə necə zərər vurur? - RƏY
18 aprel 2013 12:04 (UTC +04:00)

Anomal hava şəraiti bizə necə zərər vurur? - RƏY

0

Son günlər ölkə ərazisində anomal hava şəraiti hökm sürməkdədir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Lent.az-a bu cür hava şəraitinin hansı amillərlə bağlı olduğunu açıqlayıb. O bildirib ki, şimaldan soyuq hava cərəyanlarının ölkə ərazisinə daxil olması ilə əlaqədar aprelin 16-dan başlayaraq, bölgələrimizdə və paytaxtımızda hava şəraiti dəyişib: “Əvvəlki illərdə də bu cür hava şəraiti mövcud olub. Aprel ayının əsas xüsusiyyətlərindən biri də havanın tez-tez dəyişməsi, yağıntılı və küləkli keçməsidir. Apreldə anomal hava şəraiti 1957 və 1987-ci illərdə də qeydə alınıb. Bu zaman havanın orta aylıq temperaturu 8.9 dərəcə təşkil edib ki, bu da iqlim normasından 3.2 dərəcə aşağıdır. Ümumiyyətlə, havanın hazırkı temperaturu iqlim normasından 2-3 dərəcə aşağıdır”.

 

Direktor müavini onu da vurğulayıb ki, tez-tez aprel ayında bu cür havaya rast gəlinir. “Əvvəlki illərdə də bu cür hava şəraitinə rast gəlinib. Təbii ki, temperaturun bir qədər aşağı düşməsi metohəssas insanlarda diskomfort hissi yarada bilər” - deyə, G. Məmmədova əlavə edib.

 

Bu cür hava şəraitinin insan sağlamlığına hansı təsirlərini ola bilər? Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmaliyev Lent.az-a bildirib ki, bu cür hava şəraitində əsasən soyuqdəymə kimi xəstəliklərlə bağlı həkimə müraciət edilir: “Amma ötən illə müqayisədə təcili tibbi yardıma müraciət edənlərin sayında heç bir dəyişiklik yoxdur”.

 

Baş həkimin müavini onu da vurğulayıb ki, maqnit sahələrinin və elektromaqnit dalğalarının dəyişməsi insanların sağlamlığına mənfi təsir göstərir: “Elmi cəhətdən də sübut olunub ki, elektromaqnit dalğaları insanın qan dövranı sisteminə təsirsiz ötüşmür”.

 

“Aprel ayı aqrar sektor üçün vacib aylardan hesab olunur. Təbii ki, havaların soyuq və yağışlı keçməsi kənd təsərrüfatına mənfi təsir göstərir”.

Bunu isə Lent.az-a iqtisadçı-ekspert Vüqar Bayramov bildirib. Ekspertin sözlərinə görə, rayonlarda havanın yağışlı keçməsi bitkiçiliyə mənfi təsir göstərəcək: “Anomal hava şəraiti 2013-cü ildə meyvə istehsalının azalmasına səbəb olacaq. Yağışlı hava həm əkinçiliyi yubadır, həm də meyvəçiliyə mənfi təsir göstərir. Bunun da nəticəsində yay aylarında ölkəmizdə yerli kənd təsərrüfatı məhsulları ilə bağlı qıtlıq müşahidə olunacaq”.

 

V. Bayramov onu da bildirib ki, meyvəçiliklə bağlı qıtlığın yaranması qiymət artımına (meyvə-tərəvəz məhsullarının satışında) səbəb olacaq. “Əgər bu cür hava şəraiti davam edəcəksə, əvvəlki illərə nisbətən bu yay meyvə-tərəvəz məhsullarının qiymətinin daha da yüksək olacağı proqnozlaşdırılır”-deyə, V. Bayramov əlavə edib.

 

“Anomal hava şəraiti taxılçılığa nə kimi təsir göstərə bilər?” sualına ekspert belə cavab verib: “İndiki hava şəraiti leysan yağışları ilə müşahidə olunmasa, bunun taxılçılığa heç bir mənfi təsiri olmayacaq”.

 

V. Bayramovun sözlərinə görə, bu cür hava şəraiti kənd təsərrüfatının digər sahələrinə mənfi təsir göstərsə də, yem məhsullarına müsbət təsir göstərəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1456

Oxşar yazılar