Ankarada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Ölkələri Qeyri-Hökumət Təşkilatları Forumunun toplantısı keçirilir.
Lent.az-ın verdiyi məlumata görə, tədbirdə Albaniya, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Serbiya, Türkiyə, Ukrayna, Yunanıstan nümayəndə heyətləri iştirak edir.
Azərbaycan nümayəndə heyətinə Forumun sədri Azay Quliyev rəhbərlik edir. Toplantıda Forumun regional əməkdaşlıqla bağlı təklifləri və fəaliyyət proqramı müzakirə edilib. Bu gün Azərbaycan nümayəndə heyəti “Medya İşçiləri Sendikası”nı (Medya-İş) ziyarət edib. Anadolu Agentliyindəki görüşdə qurumun baş direktoru Gürsel Eser Azərbaycanın Şuşa şəhərinin 21 ildir işğal altında qalmasının qəbuledilməz bir durum olduğunu vurğulayıb. O, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada bir çox bəstəkar, şair və yazar yetişdiyini söyləyib. Şuşanın işğalına son qoyulmasını vacib sayan Gürsel Eser deyib ki, “Azərbaycanın mədəniyyət şəhəri olan Şuşaya yenidən Azərbaycan vətəndaşlarının yerləşməsini tələb edirik”.
Azay Quliyev isə Şuşanın sadəcə Dağlıq Qarabağın deyil, Azərbaycanın da göz bəbəyi olduğunu söyləyib: “Biz 21 ildir Şuşasız yaşayırıq. Şuşa adi bir şəhər deyil, yalnız bir mədəniyyət beşiyi deyil. Şuşa bizim üçün siyasi bir anlam da daşıyır. Çünki Dağlıq Qarabağın ən önəmli şəhəri olan Şuşada Azərbaycan türkləri yaşayıblar. Şuşa dövlət, mədəniyyət və siyasət adamları yetişdirib”.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının keçən il “Şuşaya azadlıq!” kampaniyası başlatdığını nəzərə çatdıran Azay Quliyev bu məsələdə Türkiyə dövləti və mediasının dəstəyini gözlədiyini vurğulayıb.
Qeyd edək ki, Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətinə Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Qeyri-Hökumət Təşkilatları Əməkdaşlıq Alyansının koordinatoru Rufiz Qonaqov, Beynəlxalq Əməkdaşlıq Mərkəzinin sədr müavini Xəlil İsmayılov və Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı daxildir. QDİƏT Ölkələrinin Qeyri-Hökumət Təşkilatları Forumunun təsis toplantısı 27 noyabr 2012-ci ildə Bakıda keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə baş tutan tədbir zamanı Forumun hüquqi bazası müəyyənləşdirilərək, Bakı Bəyannaməsi imzalanıb. Şuranın sədri Azay Quliyev Forumun sədri seçilib. Qurumun əsas məqsədi region dövlətlərinin həyata keçirdiyi böyük layihələrə ictimai dəstəyi təmin etmək, ölkələrdə vətəndaş cəmiyyəti institutlarının inkişafına nail olmaqdır.