Parlament Jurnalistlər Birliyinin təşəbbüsü ilə 10-dan çox jurnalist Gədəbəy rayon tarix-diyarşünaslıq muzeyində olub. Lent.az-ın məlumatına görə, görüşdə çıxış edən muzeyin direktoru Afət Bağırova 3500 illik qədim tarixə malik olan Gədəbəy rayonunda tez-tez tarixi əhəmiyyəti olan əşyalar tapıldığını, lakin vətəndaşların bu əşyaları muzeyə vermək istəmədiyini deyib: “Bu da nadir eksponatların əllərdə qalması ilə nəticələnir. Hazırda Gədəbəydə evini muzeyə çevirən insanlar var, tapılan əşyaları dövlətə vermək istəmirlər”.
A. Bağırova onu da qeyd edib ki, yeni tapılan eksponatların hamısı qeydiyyata alınır, kitaba salınır: “Hazırda muzeydə 2100-dən artıq eksponat var. Lakin muzeyin hazırda təmirdə olması və yerinin darısqallığı ekspozisiyaların hamısının nümayiş etdirilməsinə imkan vermir. Gədəbəy rayonunun tarixini, milli mədəniyyətini hər kəsə çatdırmaq üçün kifayət qədər eksponatlarımız var. Hətta mən deyərdim ki, tarixi əhəmiyyətinə görə dünya seyrçilərinin diqqətini cəlb etməyə layiq sərvətlərimiz var. Lakin bu zəngin mənəvi sərvətlərimiz haqqında məlumatlar o qədər də geniş yayılmayıb. Bu işdə medianın yardımına ehtiyacımız var”.
Qeyd edək ki, PJB “Muzeylərin tanıdılması yolu ilə mədəni-əxlaqi dəyərlərin təbliği" layihəsi çərçivəsində bir sıra bölgə muzeylərinə jurnalistlərin səfərini təşkil edir. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra olunan layihə çərçivəsində Yardımlı rayonuna da tanıtım səfəri olub. PJB-nin xətti ilə daha bir neçə bölgədəki muzeylərə press-turlar təşkil olunacaq.