Lent.az “Tamaşa dünya” layihəsi çərçivəsində silsilə materiallarının yayımını davam etdirir. Əməkdaşımızın növbəti reportajı Azərbaycanın palçıq vulkanları barədədir.
Azərbaycan yer kürəsində palçıq vulkanlarının unikal regionu kimi tanınır. Dünyadakı 800 palçıq vulkanından 300-dən çoxu Azərbaycanda və onun Xəzər akvatoriyasında yerləşir. Palçıq vulkanlarının əksəriyyəti Bakı və Abşeron yarımadasında, Qobustan rayonundadır və onlardan bəziləri təbiət abidəsi statusludur. Azərbaycanı palçıq vulkanları vətəni adlandırmaq olar.
Palçıq vulkanları ətrafında məskunlaşan insanlar üçün təhlükəli olsa da, faydaları da çoxdur. Vulkan palçığı bir sıra xəstəliklərin - əsəb sistemi, dəri və oynaq xəstəliklərinin müalicəsində uğurla istifadə olunur. Bəzən bu palçıqdan divar suvağı kimi də istifadə edilir. Eyni zamanda vulkanlar seysmik hadisələrlə sıx bağlı olmaq etibarilə, zəlzələlərin baş verməsi və bu kimi hadisələrin proqnozlaşdırılmasında əhəmiyyət daşıyır.
Azərbaycanda fəaliyyətdə olan vulkanlardan bəziləri Qaradağ rayonunun Qobustan qəsəbəsində, dağlıq ərazidə yerləşir. Qəsəbə mərkəzindən təqribən 15 km uzaqlıqda təpəliklərdə püskürən bu vulkanlar böyük ərazini əhatə edir. Bu ərazi ilə qəsəbəni bağlayan normal nəqliyyat yolu olmasa da, amma turistlər tez-tez buralara gəlirlər.
Görünüş etibarilə çox ekzotik olan bu ərazidə palçıq vulkanı təpəciklərinin arasında bir kiçik göl də var. Gölün suyu gölün ortasından qaynayaraq çıxır. Göl və daim püskürən palçıq vulkanlarının geniş yayıldığı bu ərazi turistləri cəlb etmək üçün unikal məkandır. Amma təəssüf ki, buranın yolu bərbad vəziyyətdədir. Yollar olduqca əziyyətli və bezdiricidir. Amma bütün bunlara baxmayaraq buraları gəzib görməyinə dəyər.