Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycanın şimal-qərb bölgəsində baş vermiş zəlzələnin nəticəsinin aradan qaldırılması zamanı tikilən fərdi yaşayış :evləri, sosial obyektlər və ödənilmiş kompensasiyalarla bağlı adlı siyahını açıqlayıb.
APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, məlumatda Zaqatala rayonunda sökülüb yenidən tikilmiş 2771, Qaxda 294, Balakəndə isə 180 evin yeri, əvvəlki və indiki sahəsi, otaqlarının sayı, texniki vəziyyəti, dəqiq ünvanı və ev sahibinin adı açıqlanıb.
Həmçinin sosial obyektlərdən Zaqatalada 20, Qaxda 11, Şəkidə 3, Balakəndə 2 tikilmiş və ya tikintisi davam etdirilən məktəblərin dəqiq ünvanları və şagird yerlərinin sayı da açıqlanıb.
Saytda həmçinin bölgənin 3 rayonunda bərpa-gücləndirmə işlərinin aparılması üçün ayrılmış kompensasiyanı alanların da siyahısı yerləşdirilib.
Balakəndə 348, Qaxda 357, Zaqatalada isə 2835 kompensasiya alan şəxsin adı, ünvanı, ailə üzvlərinin sayı, bərpa-gücləndirmə işi aparılacaq ərazinin texniki vəziyyəti, sahəsi, ayrılmış məbləğ qeyd olunub.
Qeyd edək ki, məlumatlar bu il aprelin 1-nə qədər olan müddəti əhatə edir.
Xatırladaq ki, hazırda bölgədə daha 1847 qəzalı evin tikintisi davam etdirilir.
İndiyə qədər əhaliyə 17 milyon 734 min manat yardım paylanılıb, bu vəsait poçt vasitəsilə ödənilib.
Xatırladaq ki, ötən ilin mayında episentri Zaqatala rayonu ərazisi olmaqla ölkənin şimal-qərb bölgəsində zəlzələ baş verib.