Azərbaycanda bir qrup gənc "Birlik üçün oxu" adlı layihəyə start verib. Layihənin ilk ifasında 50-yə yaxın gənc "Ay Laçın" mahnısını yeni aranjemanda ifa edib və bu gün klipin təqdimatını keçiriblər.
"Birlik üçün oxu" layihəsi ABŞ-da reallaşdırılmış və sonradan dünyada məşhurlaşmış "Playing for Change" (Dəyişiklik üçün ifa et) layihəsindən və Türkiyədə reallaşdırılmış "Doğa için çal" (Təbiət üçün ifa et) layihələrindən ilhamlanıb. Layihənin iştirakçıları inanırlar ki, dini, iqtisadi, siyasi, ideoloji fərqliliklərindən asılı olmayaraq, musiqi vasitəsi ilə insanları birləşdirmək, aradakı məsafələri kiçiltmək mümkündür.
İlk klip Bakı şəhərində çəkilib. Növbəti kliplər Azərbaycanın müxtəlif regionlarında çəkiləcək.
Layihəni Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə "Müsbət Dəyişiklik Gənclər Hərəkatı" reallaşdırır.