TQDK 2013- 2014-cü tədris ili üçün Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə (MDBƏU) Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edir. Bu barədə Lent. az-a Komissiyanın mətbuat xidmətindən məlumat verilib.
Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan vətəndaşlarına 3 yer ayrılıb. Abituriyentlər “Elektron ərizə”lərini təsdiq etdirdikdən sonra Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər. Qeydiyyat 22, 23, 24 mayda, saat 10:00-dan 17:00-dək aparılacaq.
İmtahanda iştirak etmək hüququna 2013-cü il mayın 15-dək 19 yaşı tamamlanmayan, attestat qiymətləri (cari ilin məzunlarının birinci yarım il üzrə qiymətləri) 4 və 5 olan Azərbaycan Respublikasının vətəndaşları malikdirlər. Ali məktəb tələbəsi və ya məzunu olanların imtahanda iştirak etmək hüquqları yoxdur.
Abituriyentlər imtahan nəticəsində müvafiq müsabiqə şərtini ödədikləri halda Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun müsabiqəsində iştirak edə bilərlər.
Müsabiqə iki mərhələdən ibarətdir. I mərhələdə abituriyentlər öz seçimləri əsasında TQDK tərəfindən keçiriləcək test imtahanında iştirak edəcəklər.
Test imtahanı mayın 29-da keçiriləcək. Test imtahanı nəticəsində 500 və daha yüksək bal toplayan, xarici dil fənnindən nisbi balı 50-dən az olmayan abituriyentlər müsahibəyə buraxılacaqlar. Müsahibə mayın 31-də keçiriləcək. Müsabiqədə ən yüksək nəticə göstərən 3 nəfərin namizədliyi ödənişsiz təhsil alması üçün təqdim olunacaq.
II mərhələ Moskvada cari il iyunun 27-də aparılacaq. Bu mərhələdə abituriyentlərin seçdikləri fakültədən asılı olmayaraq rus dilindən bilikləri (şifahi və yazılı) yoxlanacaq. “Beynəlxalq iqtisadı əlaqələr fakültəsi”nə qəbul olmaq istəyənlər bundan əlavə riyaziyyatdan da imtahan verməlidirlər. Azərbaycan vətəndaşları MDBƏİ-yə qəbul olduqları təqdirdə 2013-2014-cü tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında iştirak etmək hüququnu itirəcəklər.