Şamaxı rayon Avaxıl kənd sakini Fəraiz Salahovun adından Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş şikayət məktubu nazirliyin müvafiq qurumlarının əməkdaşları tərəfindən yerində araşdırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, şikayətçi öz məktubunda avtomobili ilə odun apararkən Şahdağ Milli Parkının direktor müavini tərəfindən əsassız cərimələndiyini və direktor müavininin himəyadarlığı ilə iki mühafizə yegeri tərəfindən meşələrin qanunsuz qırılmasını iddia etsə də, araşdırma zamanı yazdıqlarının əsassız hesab olunmasını xahiş edib.
Fəraiz Salahov izahat verərək bildirib ki, həyat yoldaşından ayrıldıqdan sonra Şahdağ Milli Parkının Şamaxı bölməsində mühafizə yegerləri işləyən keçmiş həyat yoldaşının əmiləri ilə şəxsi ədavətdə olduğundan onlar tərəfindən müxtəlif təzyiqlərə məruz qalıb və bundan əsəbiləşərək nazirliyə heç bir fakta söykənməyən qərəzli şikayət məktubu yazıb. O, meşələrin qırılmasından da məlumatı olmadığını, yazdıqlarının hamısının şəxsi qərəzlilik zəminində olduğunu öz yazılı izahatında etiraf edib. Araşdırma aparılarkən o da məlum olub ki, şikayətçi Fəraiz Salahov Şahdağ Milli Parkının Şamaxı bölməsinin 4 saylı dolayının 40-cı kvartalı ərazisində müxtəlif cinsli və diametrli 5 ədəd yaş köküstə ağac kəsdiyinə görə 6 yanvar 2013-cü il tarixində Milli Parkın əməkdaşları tərəfindən onun barəsində inzibati protokol tərtib edilib və 750 manat məbləğində cərimə olunub. Həmin məbləğin ödənilməsinin təmin olunması üçün sənədlər aidiyyəti üzrə Şamaxı rayon Məhkəmə İcraçıları bölməsinə göndərilib.
Qeyd edək ki, nazirliyə daxil olan şikayət məktublarının araşdırılması zamanı onların çox hissəsinin bu məzmunda, şəxsi qərəzlilik zəminində yazıldığı məlum olub.