Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 22 aprel Beynəlxalq Yer Günü ilə əlaqədar Bakı-Qazax magistral avtomobil yolunun sol hissəsində (Qaradağ rayonu ərazisində) iməcilik keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ümumilikdə nazirliyin 300-ə yaxın əməkdaşının iştirak etdiyi iməcilikdə ərazinin 100 hektar sahəsində abadlıq işləri aparılaraq yaşıllıqlara aqrotexniki qulluq göstərilmiş, ağacların dibi yumşaldılıb, ərazi alaq otlarından və tullantılardan təmizlənib.
Qeyd edək ki, Beynəlxalq Yer günü ilə əlaqədar regionlarda da iməciliklər təşkil edilərək yaşıllıqlara qulluq edilməsi, təmizlik işlərinin aparılması tədbirləri həyata keçirilib.
Xatırladaq ki, 22 aprel Beynəlxalq Yer gününün keçirilmə ənənələri XIX əsrin 40-cı illərinə təsadüf edir. 1882-ci ildə 22 aprel tarixi Nebraska ştatında rəsmi olaraq bayram günü elan olunaraq “Ağac günü” kimi qeyd olunmağa başlanmışdır. 1970-ci ildən isə ekoloji fəallardan olan senator Geylord Nelsonun təklifinə əsasən, ekoloji problemlərə, ətraf mühitin çirklənməsinə, təbiətin əhəmiyyətinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək, “Yer günü” adlandırılıb.