Ölümün qiyməti-BİZİM TƏHLİL
06 sentyabr 2014 14:58 (UTC +04:00)

Ölümün qiyməti-BİZİM TƏHLİL

Bir neçə həftədir ki, Azərbaycanda yas mərasimlərinin sadələşdirilməsi prosesinə başlanılıb. Artıq demək olar ki, bütün rayonlarda və Bakının da əksər yerlərində yas mərasimləri sadə, əvvəlki təmtərağından uzaq keçirilir.

 

 

Hardan hara

 

 

Əvvəl ondan başlayaq ki, hələ Sovet dövründən, yaşımızın çatdığı qədər xatırladığımız illərdə yas mərasimləri belə idi: Əksər bölgələrdə yas düşən evdə dəfndən sonra uzaqdan gələnlər üçün çay, xurma, pendir, çörək, göyərti, bəzən dovğa süfrəyə qoyulardı. Halvanın yanında şirin və ya duzlu çörəklər də bişirilirdi.

 

Mərhumun 3-ü və 7-də isə imkana görə bu süfrəyə ehsan olaraq bozbaş və ya plov əlavə edilərdi.  

 

Cümə axşamları yalnız ailə, 3 və 7 mərasimlərində hər hansı səbəbdən iştirak edə bilməyənlər üçün evdə, xüsusi mağar qurulmadan çay süfrəsi kimi təşkil olunurdu.

 

 

Yasın 40-cı günü isə yenə də daha çox dəvətlilər olmaqla qeyd edilirdi. Bu zaman da süfrəyə pendir, çörək, göyərti, dovğa, plov, çay, xurma və halva qoyulardı.

 

Mərasimlər kənddə hamının pulu ilə birgə aldığı sadə çadırlarda, sadə masalarda keçirilirdi. Belə mərasimlərdə yaxınlar, dostlar süfrəyə xidmət göstərirdilər.

 

 

Zəngin süfrələri

 

 

Son 10-15 ildə isə bu süfrələr getdikcə zənginləşməyə başlandı. Artıq yaslar sadə, yığcam mağarlarda, şəhər yerlərindəki çoxmərtəbəli evlərin həyətindəki "xeyir-şər evlərində" verilmədi. Yavaş-yavaş xüsusi çadırlar düzəldildi, hər ay da bu çadırlara bir aksessuar əlavə olundu: qış üçün qızdırıcılar, yay üçün kondinsionerlər, daha sonra çadırların döşəməsinə taxta, parket əlavə olundu, VİP və qeyri-VİP çadırlara bölündü, içindəki plastik masalar taxtaya, daha sonra isə rahat kreslolara çevrildi, döşəmələrinə xalçalar əlavə olundu. Bu çadırların daşınması, quraşdırılması, yığışdırılması xidməti əlavə olundu. Çadırların içərisindəki qab-qacaqlar xüsusi firmalardan gətirildi və xidmət göstərmək üçün ofsiantlar qrupu yaradıldı. Bu, artıq xüsusi bir biznes idi. Özü də xeyli gəlirli və həmişə aktual olan bir biznes.

 

Çadırlar daha çox orta təbəqə üçün nəzərdə tutulurdu.

 

 

Bunun ardınca restoranlarla yanaşı "yas evləri" yaranmağa başladı. Restoranlardan geri qalmayan dəbdəbəli dizaynda, masalarla bəzədilmiş mərasim zallarında isə xüsusi geyimli ofsiantlar qrupu, mərasimi idarə edən mollalar qrupu fəaliyyət göstərirdi. Burda hətta aradabir dəfn mərasiminin video çəkilişinə mərasim zallarında quraşdırılmış böyük monitorlarda təkrar baxıb, "daha bərk kövrəlmək" də mümkündü.

 

 Süfrələr isə toydakından da zəngindi və menyu əsasında seçilirdi. Menyuda nə desəniz var: quş südü, can dərmanı: bir neçə növ pendir, salatlar, müxtəlif alkoqolsuz içkilər, mövsüm və qeyri-mövsüm meyvələri (puluna minnət), bir neçə cür plov, dolma, ət soyutmaları, hətta ləvəngi...

 

Hər menyunun öz qiyməti var. Ən ucuzu 12 manat, ən bahası isə 60 manat.

 

Çadırlarda isə xidmət daha çox adambaşına hesablanırdı. Çadırlarda da eynilə adambaşı qiymətlə yanaşı daşınma, quraşdırılma, yas mərasimi müddətində xidmət göstərmək də əlavə vəsait deməkdi. Bütün hallarda yasdakı qadın və kişi mollalarının pulunun bu dəm-dəstgaha aidiyyatı yoxdu.

 

 

Son dövrlər isə yas mərasiminin kameraya çəkilməsi dəbi yaranmışdı. Dəfn və mərasim bütövlükdə çəkilirdi.

 

Çıxış yolu aranır

 

Təntənə və dəbdəbə hər gün artan xətt üzrə gedir. Hamı bundan narazılıq edir. Bu israfın və görməmişliyin ölüyə də, ölü sahibinə də lazım olmadığını deyir. Amma sabah narazılıq edənlərin özü də ümumi axına düşür. Süfrəyə daha artıq nemət düzür, menyunun daha bahalısını, yerin daha dəbdəbəlisini, xidmətin daha üstününü axtarır.

 

 

Son bir neçə ildə isə əhali arasında artıq bu mərasimlərin dözülməz dəbdəbəsindən bezginlik açıq ifadə olunurdu. Hətta Naxçıvan Muxtar Respublikasında yas mərasimlərinin sadə keçirilməsi ölkənin hər yerində müzakirə olunur, müsbət qiymətləndirilirdi.

 

 

Naxçıvanın ardından əvvəl Bakı kəndlərində, daha sonra isə Azərbaycanın digər rayonlarında yas mərasimlərində müəyyən islahatlar aparıldı. Artıq 3 və 7 mərasimləri birləşdirildi, daha çox 3 mərasimi qeyd edilməyə başlanıldı. Cümə axşamlarının dəbdəbəli, çadırlarda qeyd olunması yığışdırıldı, 40 mərasimi də sadələşdirildi. Hətta bir neçə yerdə bu qaydanı pozmaq istəyənlərin yası boykot olundu. Bunu əhali özü edirdi. Çünki belə təmtərağın mənasızlığını, yas sahibinin dərdinin üstünə əlavə qayğı gətirdiyini hamı anlayır. Lakin süfrədəki dəbdəbə davam edirdi.

 

 

Və tövsiyyə

 

 

Son bir neçə həftədə isə icra hakimiyyətləri bu məsələyə görə tövsiyyələr veriblər. Rayonlar və elə Bakının özündə də sosial statusundan asılı olmayaraq hər kəsin yas mərasimini sadə keçirməsi, ehsan olaraq çay, halva, pendir, çörək, göyərdi, xurma ilə kifayətlənməsi tövsiyyə olunur.

 

Demək olar ki, əksərən əhalinin müsbət qarşıladığı bu aksiya ilə bağlı ara-sıra narazılıqlar da çıxır. Səbəb isə bəzən yerlərdə bələdiyyə sədrlərinin və ya icra nümayəndələrinin bu tövsiyyəni tapşırığa çevirmələri, daha administrativ davranmaları olur.

 

Məsələn, bu gün Şəmkir rayonunun Dəllər-Cırdaxan kəndində keçirilən yas mərasimində süfrəyə pendir, çörək qoyulduğu üçün bələdiyyə sədri yas mərasimini dayandırmaq istəyib.

 

"Qafqazinfo" saytının yazdığına görə, bunu həmin mərasimdə olan jurnalist Aynur Elgünəş öz facebook səhifəsində yazıb: "Bələdiyyə sədri Xəqani Hüseynov süfrəyə pendir, çörək, halva qoyulduğu üçün yas mərasimini dağıtmağa gəlib. Hansı qanunla bunu etdiyini soruşuram, məni təhqir edir. Kənddən çıxaracağı ilə hədələyir. Mubariz Qurbanlının açıqlamasını xatırladıram.. Bələdiyyə sədri isə bildirir ki, mən Mübarizi tanımıram, rayonda qaydalar belədir. Ev sahibləri deyir ki, uzaq bölgələrdən gələn qonaqlarımız var. Heç olmasa onlara çay verək. Bələdiyyə sədri isə əraziyə polis çağırıb. Mollanı da yas mərasiminə buraxmırlar. Deyirlər molla 1000 manat cərimə ediləcək."

 

Jurnalist daha sonra qeyd edib ki, onu bu etirazına görə kənd icra nümayəndəliyinə aparmaq istəsələr də, o getməkdən imtina edib.

 

Şəmkir rayon Dəllər-Cırdaxan kənd bələdiyyə sədri Xəqani Hüseynov isə “qafqazindo”ya açıqlamasında yasda hər hansı insidentin baş vermədiyini deyib: “Burada heç bir hadisə baş verməyib. Biz öncədən 3 mərasimində nələrin veriləcəyini demişik, amma əməl etməyiblər. Axşamdan ev yiyəsinə demişdik ki, sabah nə veriləcək. Buna da əməl olunmalıdır”.

 

 

 

Xəqani Hüseynov bildirib ki, qaydalar barədə icra hakimiyyəti qərar verib: “Bu qaydalar məcburi deyil. Rayon səviyyəsində ümumi olaraq qəbul edilib, hər kəs də razıdır. Dəfn günü xurma, çay, halva, göyərti, pendir və çörək olmalıdır. 3 günü də eyni şeylər veriləcək. Həmin gün mağar söküləcək. Dördüncü gün də yas evdə olacaq. Yeddi mərasimi olmayacaq. Bakıda necədirsə, bizdə də elə olacaq.

 

Buna icra hakimiyyəti qərar verib. İsrafçılığa yol verməmək məqsədi ilə bu addımı atdıq. Hamı da razıdır. Hazırkı yas mərasiminin sahibi də razıdır. Sentyabrın 1-dən bəri keçirilən bütün yaslar belə olub”.

 

 

Qadağa?

 

Yeri gəlmişkən, bəzi millət vəkilləri və tanınmış şəxslər də yas mərasimlərinin qanunvericiliklə tənzimlənməsini təklif etmişdilər. Lakin  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı APA-ya açıqlamasında qanunvericiliyə hansısa məhdudlaşdırıcı dəyişiklik edilməsinə ehtiyac olmadığını deyib.

 

 

O qeyd edib ki, yas mərasimləri ilə bağlı məsələ ancaq tövsiyə xarakteri daşıya bilər və belə də olacaq: “Biz komitə olaraq bu yolla yas mərasimlərinin vətəndaşlarımız tərəfindən normal keçirilməsinə nail olacağıq. Bu, yalnız izahat və yerlərdə din xadimlərimizlə birgə fəaliyyət nəticəsində həll olunacaq. Ona görə də bununla bağlı deyildiyi kimi, hansısa qanunun qəbul olunmasına biz ehtiyac görmürük”.

 

 

Bəs bu mərasimlərin idarə olunmasında kadrları iştirak edən Qafqaz Müsəlmanları İdarəsi (QMİ) nə deyir? İdarənin Qazılar Şurası və Elmi-Dini Şurası hələ 3 il öncə təmtəraqlı toy-yas mərasimlərinin keçirilməsi ilə bağlı ictimaiyyətə ünvanladığı müraciətdə etiraxını bildirib. Əhalini  təmtəraqdan uzaq mərasimlər keçirməyə çağırış edilib. QMİ dini baxımdan bəyənilməyən israfın hər zaman əleyhinə olduğunu və bu istiqamətdə atılan addımları dəstəklədiyini də bəyan etmişdi.

 

Yenə bahadı...

 

Lent.az-ın əməkdaşı isə hazırkı durumu öyrənmək üçün bir neçə "mərasim zalı"na baş çəkib. Özü də "yas sahibi" kimi...

 

 

Təzə Pir məscidində mərasim keçirmək üçün bir neçə yas zalı var. Məscidin Emil adlı işçisi deyir ki, yas mərasimi üçün bir yerin qiyməti 12 manatdır. Menyuda aş, dovğa, pomidor-xiyar salatı, pendir və göy-göyərti daxildir. Mollanın pulu isə ayrıdır. Kişi və qadın mollalar məclisi 30 manata aparırlar. “İstəsən, Təzə Pir məscidində çay süfrəsi ilə ehsan verə bilərsən . Bu da yas yiyəsinə 600 manata başa gəlir. Amma belə mərasimlərə nadir hallarda rast gəlmək mümkündür”.

 

Göy Məsciddə də qiymətlər Təzə Pirdə olduğu kimidir. Fərq yalnız ondadır ki, yerlərin qiyməti adam sayından asılıdır. Məscidin Nail adlı işçisinin dediyinə görə, yasda 100 nəfərdən çox qonaq olmalıdır ki, qiymət 12 manat olsun. Əksi təqdirdə, bir yerin qiyməti 15 manata qədər qalxır. “Qiymətlər də stabildir, aşağı-yuxarı söhbət ola bilməz. Molla da 30-35 manata məclisi yola verəcək”.

 

Digər "mərasim zalları"nda isə qiymətlər məscidlərə nisbətən bir az ucuzdur. Babək prospektində yerləşən belə zallardan birində qiymətlərlə maraqlandıq. Burada bir yerin qiyməti 10 manatdır. Və qonaq sayına uyğun zallar mövcuddur. Menyu isə məscidlərdəki ilə eynidir. Üstəlik, menyuda dəyişiklik edə bilərsən. Məsələn, ehsanda aş-qara əvəzinə qonaqlara bozbaş verə bilərsən. Onda qiymət də qalxır. Bu da təxminən 12-15 manata başa gəlir. Burada qonaq sayı əsasdır. Burada mollanın mərasimi yola verməsi yas sahibinə 50 manata başa gəlir..."

 

 

Nəticə

 

Bu da indiki və bir az daha islahat aparılmış vəziyyət. Hətta bunun da baha olduğunu demək üçün qiymətlər əsas verir.

 

 

İctimaiyyətin rəyinə önəm verdiyi simalar siyasi görüşündən asılı olmayaraq bu tipli islahatlara dəstək verməlidirlər. Çünki yas hər kəsin qapısında olur. Bu məsələdə bütün tanınmışların örnək olması, öz rəhmətə gedən əzizləri üçün sadə, təmtəraqdan uzaq yas məclisləri keçirmələri də müsbət nəticə verər. Tanınmışların örnək davranışları həmişə onlara rəğbəti olanlar üçün nümunə rolunu oynaya bilir...

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5202

Oxşar yazılar