Qəbələ rayonunda quduzluğa yoluxma faktı qeydə alınıb.
Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov APA-ya açıqlamasında deyib ki, hadisə Qəbələ rayonunda vətəndaşı çaqqal dişləməsi nəticəsində baş verib.
Onun sözlərinə görə, hazırda həmin şəxsə lazımi köməkliklər göstərilir və xəstə spesifik müalicəsini alır: “Ona qarşı hazırda yerində tədbir aparılır. Respublika Taun Əleyhinə Stansiyanın mütəxəssisləri plan üzrə rayonlarda olurlar. İndi də onlar Qəbələyə gediblər və hadisəni yerində araşdıracaqlar. Belə hadisələr ölkənin hər bir rayonunda baş verir. Lakin insanlar arasında quduzluqla bağlı xüsusi yayılma halı yoxdur. Xəstəliyin baş verməsi yalnız vəhşi və xəstə heyvan dişləməsi nəticəsində olur. Bu xəstəlik insandan-insana keçmir. Quduzluq yalnız xəstə heyvanın dişləməsi və tüpürcəyi ilə bu infeksiyanın keçməsi nəticəsində qeydə alınır”.
V. Qasımovun sözlərinə görə, ölkə üzrə insanlar arasında quduzluq xəstəliyinə yayılma tək-tək hallarda baş verir. İl ərzində ölkə üzrə 10-12 belə hal qeydə alınır.