Tələbə gənclərin İran KİV-ə dillə bağlı açıq məktubu
21 fevral 2013 23:48 (UTC +04:00)

Tələbə gənclərin İran KİV-ə dillə bağlı açıq məktubu

0

Beynəlxalq Ana dili günü münasibəti ilə Azərbaycan türkcəsində məktəbin olmamasına, bu dilin məktəblərdə öyrənilməsinin yasaqlanmasına etiraz olaraq, ölkədə çıxan qəzet və dərgilərə müraciətlər göndərilib.

Lent.az-ın Güney Azərbaycanyönlü informasiya vasitələrinə istinadən 600 nəfərə yaxın azərbaycanlı ictimai fəal ölkənin bir sıra qəzet-jurnallarına açıq məktub yazıb.

“Şərq”, “Etimad”, “Bahar” və “Arman” qəzetlərinin, “Nəsimi bidari”, “Asiman”, “Mehrnamə” və “Əndişeyi puya” jurnallarının baş redaktorlarına ünvanlanan açıq məktubda deyilir: “ YUNESKO təşkilatı Allahın insanlara bəxş etdiyi ana dilin əhəmiyyətini nəzərə alaraq fevralın 21-ni Beynəlxalq Ana Dili Günü elan edib. Siz jurnalistlər yaxşı bilirsiniz ki, bizim ölkədə zəngin mədəni və tarixi olan müxtəlif dillər mövcuddur. Milyonlarla insan bu dillərdə danışır, fikirləşir, öz hissiyyatlarını ifadə edirlər.

Bəşəriyyətin mədəni xəzinəsinin bir hissəsini təşkil edən həmin dillərdə danışan insanlara qarşı ölkədə qoyulan məhdudiyyətlər və qadağalar sonsuzdur və siz bütün bunlardan xəbərdarsınız. Siz media mənsubları xalqın və oxucularınızın səsisiniz. Demokratiyanın əsas şərtlərindən biri də sizin xalq dilində danışmanızdır. Ölkədə məhrumiyyətlə üzləşən dillərdən biri Azərbaycan türkcəsidir. Milyonlarla insan bu dildə danışır, düşünür, bütün məhdudiyyət və məhrumiyyətlərə baxmayaraq bu dildə yazıb yaradır, şeir söyləyirlər.

Bu mədəni və siyasi qadağanı aradan götürmək üçün ölkənin rəsmi dairələri güclü iradə göstərmədiyinə görə üzümüzü sivil cəmiyyətin ən fəal təmsilçiləri olan sizə tutub tələbimizi irəli sürürük. Öz səhifələrinizdə islam dünyasının ikinci dili olan türkdilli azərbaycanlıların ana dilinə yer ayırın. Səhifələrinizin bir hissəsini, ən azı bir səhifəsini milyonlarla həmvətəninizin dilindəki materiallara həsr edib bu dildə yazılar dərc edin. Siz yalnız bu yolla on illərdir İranda azərbaycanlıların dilinə və mədəniyyətinə göstərilən təzyiqə, ayrı-seçkiliyə və ədalətsizliyə son qoya, ədalətə və insani dəyərlərə qayıtmağa yardım göstərə bilərsiniz”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 685

Oxşar yazılar