“Bakı şəhərindəki bütün çimərliklərə giriş pulsuzdur”. Lent.az-ın məlumatına görə, bunu APA TV-də yayımlanan “Sosium” proqramına açıqlamasında Bakı Şəhər Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov bildirib. Onun sözlərinə görə, bununla bağlı ötən ay Bakı Şəhər İcra Hakimiyyətinin başçısı hər il olduğu kimi qərar verib: “Əgər vətəndaşlardan Bakı şəhərindəki hansısa bir çimərliyə girmək üçün pul istəsələr, Bakı Xidmət və Ticarət Departamentinə müraciət edə bilərlər”.
Ə. Bağırovun sözlərinə görə, bununla bağlı departamentdə “qaynar xətt” də yaradılıb, bununla bağlı ictimaiyyətə iyunun 15-də geniş məlumat veriləcək: “Təbii ki, çimərlik daxilində kölgəliklər, avtodayanacaqlar və digər xidmətlər pullu ola bilər, amma çimərliklərə giriş üçün pul yığılması qəti qadağandır”-deyə, mətbuat katibi əlavə edib.