“Azərsu” Açıq Səhmdar Cəmiyyəti içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir.
“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, Xırdalan şəhəri Heydər Əliyev prospektində yol infrastrukturunun yenilənməsi ilə əlaqədar prospekt boyunca çirkab su və yağış suları kollektorlarının çəkilməsi işləri həyata keçirilir. Layihəyə uyğun olaraq prospekt boyunca 2,5 km uzunluğunda kanalizasiya xətti, yağış suları kollektoru tikilir.
Kanalizasiya və yağış suları kollektorları istismara verildikdən sonra ərazidə toplanan yağış suları tullantı sularına qarışmadan ayrı-ayrı kollektorlara axıdılacaq. Hazırda Xırdalan şəhərində toplanan çirkab suları təmizlənmək üçün Hövsan Aerasiya Stansiyasına ötürülür. Gələcəkdə Xırdalan şəhəri, eləcə də Masazır qəsəbəsində toplanan çirkab suları hazırda Lökbatan qəsəbəsi yaxınlığında inşa edilən və sutkalıq məhsuldarlığı 200 min kubmetr olacaq çirkab sutəmizləyici qurğuya ötürüləcək. Çirkab suların bu qurğuya özüaxımlı rejimdə ötürülməsini təmin etmək üçün Xırdalan şəhərindən Xocasən qəsəbəsinədək 7 km uzunluğunda tunel tipli kollektor tikiləcək.
Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması isə Azərbaycan hökuməti ilə Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi layihə çərçivəsində həyata keçiriləcək. 2013-cü ildə icrasına başlanacaq layihə nəticəsində Xırdalan şəhərində 100 mindən çox sakinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşacaq.