Habsburqlar sülaləsi bir əsr sonra bank hücrəsində tapılan xəzinələri ictimaiyyətə təqdim etməyə hazırlaşır. Əsas eksponat Florensiya brilyantı olacaq.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Kanadadakı bir bank anbarında Avstriya–Macarıstanın son imperatriçası Zitanın sahib olduğu və yüz ildən bağlı qalan sirli çamadan açılıb. Onun içindən Habsburqlar sülaləsinə aid qiymətsiz zinət əşyaları kolleksiyası aşkar edilib. Bu kolleksiyaya tarixçilərin uzun illər itmiş hesab etdiyi məşhur Florensiya brilyantı da daxildir.
Yüzillik sükut müqaviləsi
İmperatriça Zita XX əsrin əvvəllərində ailə relikviyalarını Avropadakı siyasi qarışıqlıq və müharibələrdən qorumaq üçün okeanın o tayına aparmışdı. Onun həyat yoldaşı, imperator Karl 1922-ci ildə vəfat etdikdən sonra ailə ciddi bir razılaşma bağladı: çamadan 100 il ərzində açılmamalıdır. Bu müddət ərzində varislər bank hücrəsinin kirayəsini müntəzəm ödəyərək, içindəki əşyaların mövcudluğunu hətta bank əməkdaşlarından belə gizli saxlayıblar.
Yalnız bu yaxınlarda çamadan Habsburq–Lotaringiya sülaləsinin nümayəndəsi Karl fon Habsburqun rəhbərliyi ilə rəsmi olaraq açılıb. Məlum olub ki, onilliklər boyu itmiş hesab edilən əşyalar əslində bütün bu müddət ərzində Kanadada tam təhlükəsiz şəkildə saxlanılıb.
İmperator ailəsinin xəzinələri
Ən qiymətli tapıntı Florensiya brilyantı olub - təxminən 137 karat çəkidə, açıq sarı rəngli və unikal ikiqat “gül” kəsimə malik daş. Əvvəllər Mediçi ailəsinə məxsus olan bu brilyant sonradan Habsburqlara keçmiş və imperiyanın ən təntənəli mərasimlərində istifadə olunmuşdu. İndiyə qədər onun taleyi ilə bağlı müxtəlif versiyalar mövcud idi — oğurluqdan tutmuş qəsdən parçalanmasına qədər.
Bundan əlavə, gizli saxlanılan çamadanda qədim kəsimli brilyantlarla bəzədilmiş dekorativ bantlar, nadir sarı sapfirlər və Macarıstan bayrağının rənglərində hazırlanmış şlyapa sancaqları da tapılıb. Bu artefaktlar tədqiqatçılara süqut etmiş imperiyanın zərgərlik etiketi haqqında daha dəqiq təsəvvür formalaşdırmağa və Mariya Tereziya və digər sülalə üzvlərinin bu zinət əşyalarından necə istifadə etdiyini anlamağa imkan verir.
Kolleksiyanın gələcəyi və hüquqi mübahisələr
1940-cı ildə imperatriça Zita Kanadanın Kvebek şəhərində məskunlaşdı və bu ölkə imperiya arxivinin son ünvanına çevrildi. İndi tapılan qiymətli əşyaların bir müddət Kanadadakı muzeylərdən birində sərgilənməsi planlaşdırılır ki, geniş ictimaiyyət də onları görə bilsin. Daha sonra isə kolleksiya yenidən şəxsi saxlanmaya qaytarılacaq.
Lakin bu kəşf Avstriyada hüquqi müzakirələrə səbəb olub. Ölkə hakimiyyəti kolleksiyanın hüquqi statusunu araşdırır: bu zinət əşyaları Habsburqların şəxsi mülkiyyətində qalmalıdır, yoxsa milli mədəni irsin bir hissəsi kimi qəbul edilməlidir?