Musiqiçinin 64 il əvvəl 21 yaşında  yazdığı mahnı:   Nobel mükafatı  alıb
15 oktyabr 2026 14:35 (UTC +04:00)

Musiqiçinin 64 il əvvəl 21 yaşında yazdığı mahnı: Nobel mükafatı alıb

0

Dünya musiqi tarixində elə mahnılar var ki, onilliklər keçsə də, populyarlığını itirmir. Belə əsərlərdən biri də amerikalı musiqiçi Bob Dilanın 1962-ci ildə, cəmi 21 yaşında yazdığı “Blowin' in the Wind” (“Cavab küləkdədir” ) mahnısıdır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, 64 il əvvəl yazılan mahnı bu gün də dünya musiqisinin ən məşhur əsərlərindən biri hesab olunur.

Mahnı ilk dəfə 1962-ci il aprelin 16-da Nyu-Yorkdakı “Gerde's folk city” klubunda səsləndirilib. Həmin vaxt əsər cəmi iki bənddən ibarət olub. Daha sonra Dilan üçüncü bəndi də əlavə edib.

Mahnının yaranmasına amerikalı xalq musiqisi ifaçısı və ictimai fəal Vudi Qatrinin yaradıcılığı təsir göstərib. Xüsusilə onun 1943-cü ildə nəşr olunan “Bound for glory” (“Şöhrət yolunda”) adlı avtobioqrafik kitabı gənc musiqiçi üçün ilham mənbəyinə çevrilib.

Bundan başqa, “Blowin' in the Wind” mahnısının melodiyasında afroamerikalıların qədim “No more auction block” (“Artıq qul hərracı olmayacaq”) mahnısının təsiri olduğu bildirilir.

Dilan “Blowin"in the Wind” mahnısını 1962-ci il iyulun 9-da studiyada lentə alıb. Bəstə 1963-cü ildə işıq üzü görən “The freewheelin Bob Dylan” (“Azad ruhlu Bob Dilan”) albomuna daxil edilib.

Mahnıda müharibə, azadlıq, insan hüquqları və ədalətsizlik kimi mövzulara toxunulur. Musiqi tənqidçisi Maykl Qreyin fikrincə, əsərin mətnində Bibliyadan götürülmüş motivlərə də rast gəlinir.

“Blowin' in the Wind” zamanla ABŞ-də vətəndaş hüquqları uğrunda mübarizənin simvollarından birinə çevrilib.

Məşhur müğənni Meyvis Steypls mahnını ilk dəfə eşidəndə çox təəccübləndiyini bildirib. O, 21 yaşlı ağdərili bir gəncin qaradərili amerikalıların yaşadığı çətinlikləri və hisslərini bu qədər dəqiq ifadə etməsini heyrətlə qarşıladığını söyləyib.

Mahnı məşhur amerikalı müğənni Sem Kuka da böyük təsir göstərib. O, bu əsərdən ilhamlanaraq sonradan dünya şöhrəti qazanan “A change is gonna come” (“Dəyişiklik gələcək”) mahnısını yaradıb.

“Blowin' in the Wind” illər ərzində Elvis Presli, Stivi Uander, Coan Baez, Marlen Ditrix, Etta Ceyms, Nil Yanq və digər dünya şöhrətli ifaçılar tərəfindən səsləndirilib.

1994-cü ildə mahnı “Grammy Hall of Fame” siyahısına daxil edilib. 2004-cü ildə isə “Rolling Stone” jurnalının bütün dövrlərin 500 ən yaxşı mahnısı siyahısında 14-cü yeri tutub.

Maraqlıdır ki, Bob Dilan 2016-cı ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. O, Amerika musiqi ənənələri çərçivəsində yeni poetik ifadələr yaratdığına görə bu nüfuzlu mükafatı qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 272

Oxşar yazılar