Hava limanında yoxlamadan keçmək bir çox sərnişin üçün həmişə stressli mərhələ olub. Lakin illər əvvəl istifadə olunan bəzi skanerlərin sərnişinlərin bədənini son dərəcə detallı şəkildə göstərdiyini çoxları bilmirdi. Xüsusilə Rapiscan markalı köhnə qurğular insan bədəninin intim detallarını belə, aydın göstərdiyi üçün böyük narazılıq və müzakirələrə səbəb olmuşdu.
Lent.az xəbər verir ki, əvvəllər istifadə edilən rentgen əsaslı Rapiscan skanerləri təhlükəsizlik əməkdaşlarına sərnişinlərin bədənini demək olar ki, gizlətmədən nümayiş etdirirdi.
![]()
Bu texnologiya ABŞ-da 2009-cu ildə baş vermiş terror cəhdindən sonra Nəqliyyat Təhlükəsizliyi Administrasiyası tərəfindən tətbiq olunmuşdu. Lakin yüksək dəqiqlikli görüntülər şəxsi həyatın pozulması kimi qiymətləndirildiyindən ciddi tənqidlərə məruz qaldı. Bir ədədinin qiyməti təxminən 180 min dollar olan bu avadanlıqlar ictimai etirazlardan sonra tədricən istifadədən çıxarıldı. Səbəb isə onların məxfiliyi qoruyan proqram təminatı ilə uyğun işləməməsi idi.
2013-cü ildə Böyük Britaniyanın bəzi iri hava limanlarında da oxşar skanerlər quraşdırılmışdı. Tənqidçilər bədən formalarının və intim nahiyələrin aydın seçildiyini, bunun isə etik və hüquqi sərhədləri aşdığını bildirirdilər. Sosial şəbəkə istifadəçiləri də narazılıqlarını açıq şəkildə ifadə edirdilər.
![]()
Hazırda isə əksər hava limanlarında millimetr dalğalı müasir skanerlər tətbiq olunur. Bu cihazlar artıq real bədən görüntüsü əvəzinə ümumiləşdirilmiş, sxematik insan silueti göstərir və yalnız şübhəli əşyaların olduğu ehtimal edilən nahiyələri işarələyir. Mütəxəssislərin sözlərinə görə, yeni texnologiyalar sərnişinin fərdi xüsusiyyətlərini deyil, standart avatar formasını əks etdirir və bununla da məxfiliyin qorunmasına xidmət edir.
Keçmişdə nəzarət məntəqəsində çalışmış bəzi əməkdaşlar bildirir ki, müasir sistemlər “üzü olmayan insan fiquru” kimi görünür və əsas məqsəd yalnız geyim üzərində və ya altında gizlədilə biləcək əşyaları aşkar etməkdir. Bu səbəbdən ekranlarda görünən konturlar bəzən zəncəfilli peçenye fiqurunu xatırladır.
Buna baxmayaraq, bəzi sərnişinlər yeni sistemlərlə belə yoxlamaların bəzən narahatlıq yaratdığını deyir. Sosial platformalarda paylaşılan rəylərdə qeyd olunur ki, bəzən şalvarın aşağı olması, corabların büzüşməsi və ya metal aksesuarlar skanerin işə düşməsinə səbəb olur. Nəticədə sərnişin əlavə yoxlamadan keçməli olur. Bununla belə, bir çox istifadəçi zamanla bu hallara öyrəşdiyini və artıq bunu adi proses kimi qəbul etdiyini bildirir.
Mütəxəssislər vurğulayır ki, təhlükəsizlik yoxlamalarının əsas məqsədi sərnişinlərin görünüşünü qiymətləndirmək deyil, potensial təhlükələrin qarşısını almaqdır və yeni texnologiyalar məhz bu balansı qorumağa yönəlib.