Əlixan Məlikov
19 sentyabr 2022 20:15 (UTC +04:00)

Əlixan Məlikov

Həbs xəbəri yayıldı, məcburi məzuniyyət və ... – UNUDULAN MƏMURLAR

Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar qibtə edirdilər. Amma indi…

İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır

Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.

Layihəmizdə bu dəfə “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri Əlixan Məlikovdan bəhs edəcəyik. 

Məlikov Əlixan Süleyman oğlu 7 may 1951-ci ildə Bakıda anadan olub. O, orta təhsilini də Bakı şəhərində alıb. 1973-cü ildə isə Azərbaycan Neft və Kimya İnstitutunun istehsal proseslərinin avtomatikası fakültəsini bitirib. İxtisasca mühəndisdir.

Sabiq sədr əmək fəaliyyətinə 1975-ci ildə başlayıb. 1975-1979-cu illərdə Bakı Aqreqat İstehsalat Birliyində mühəndis-konstruktor, texniki şöbənin rəisi olub. 

Daha sonra isə Bakı şəhər Əzizbəyov (indiki Xəzər) Rayon Qaz İstismar İdarəsində sahə, qəza dispetçer xidmətinin rəisi vəzifələrində çalışıb. 

Əlixan Məlikov 1994-1996-cı illərdə “Azəriqaz” Dövlət şirkətində baş mütəxəssis, 1996-1998-ci illərdə Bakı şəhər Suraxanı Rayon Qaz İstismar İdarəsinin rəisi olub. 

O, 4 fevral 2000-ci il tarixində “Azəriqaz” Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

1 iyul 2009-cu il tarixində prezident İlham Əliyevin imzaladığı Fərmanla “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətini ləğv edilərək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tərkibində Azəriqaz İstehsalat Birliyi yaradılıb. 

Qeyd edək ki, Əlixan Məlikov adı baltalanma cinayətində çəkilən mayor Ehtiram Əlişanovun qohumudur. Bu səbəbdən də sabiq məmurun adı uzun müddət bir sıra xəbər başlıqlarından düşmürdü. 

Xatırladaq ki, 2009-cu ildə “Azəriqaz” ARDNŞ-nin tabeliyinə verildi. Ondan sonra isə mediada Ə.Məlikovun yoxa çıxmasıyla bağlı xəbərlər yayılmağa başladı. Xəbərlərdən birində deyilirdi:

“Düzdür, keçmiş “Azəriqaz” yetkililəri bunu Ə. Məlikovun məzuniyyətdə olması ilə əsaslandırırdılar. Lakin araşdırmalar göstərirdi ki, təkcə Ə.Məlikov deyil, müavinləri də “məcburi məzuniyyətə” göndərilib. Hətta bəzi məlumatlara görə, bundan bir neçə gün sonra Ə. Məlikov xidməti otağında həbs edilib. Buna səbəb isə keçmiş səhmdar cəmiyyətdə aparılan ilk təftiş prosesi zamanı aşkarlanan ciddi korrupsiya faktları olub”.

Daha sonra isə bu iddiaların dəqiqliyi haqqında rəsmi məlumat yayılmayıb.

Sabiq sədr evlidir, 2 övladı var. Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini Fəxrəddin Məlikovun qardaşıdır.

# 11844
avatar

Aytəkin Cəlali

Oxşar yazılar