XVIII əsr Avropasında moda bu gün təsəvvür edə biləcəyimizdən qat-qat ekstravaqant və qəribə idi.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, məhz buna görə də o dövrdəki rəsmlərdə uşaqların ağ və ya boz saçlı təsvir olunması bir çox insanı çaşdırır. Amma bu, yaşla bağlı yox, dəblə bağlı idi.
Ağ saç varlı təbəqənin simvolu
Tarixçi Emi Boinqtonun izahına görə, XVIII əsrdə ağ, tozlanmış saç status və zəriflik göstəricisi sayılırdı. Bu dəb bütün varlı insanlar kişilər, qadınlar və hətta uşaqlar arasında da yayılmışdı.
O dövrdə
Kişilər əsasən at və ya insan saçından hazırlanmış pariklər taxırdılar. Qadınlar isə öz saçlarından böyük, mürəkkəb hörüklü saç düzümü yaradır, onu süni tellərlə və bəzəklərlə həcmləndirirdilər.
Saçın ağ rəngi necə əldə olunurdu
Həmin ağ və ya boz effekt üçün saçlara və ya pariklərə xırda üyüdülmüş nişasta pudrası səpilirdi. Bu pudra çox vaxt lavanda, portağal çiçəyi və ya ətirlər ilə qoxulandırılırdı. Beləliklə, saçlar həm ağappaq görünür, həm də xoş ətir yayırdı.
Rəssamların çəkdiyi portretlərdə uşaqların da saçlarının ağ görünməsi bu səbəbdəndir onların başına da moda tələbinə uyğun olaraq pudra səpirdilər.
Uşaqlar “kiçik böyüklər”
XVIII əsrdə uşaqlar müstəqil fiqurlar kimi yox, böyüklərin “mini versiyası” kimi qəbul olunurdu. Bu, geyimlərdə və saç üslubunda da öz əksini tapırdı. Kiçik qızlar lentlər, çiçəklər və zinət əşyaları ilə bəzədilmiş saç düzümünə malik idilər. Uşaqlara da parik taxmaq adət idi xüsusilə rəsmi ailə portretlərində bu, zəruri sayılırdı.
Müasir baxışdan paradoks
Bizim üçün bu hal qəribə görünsə də, XVIII əsr cəmiyyətində ağ saç gənclik, təmizlik və aristokratik zövqün rəmzi idi.
Yəni uşaqların “yaşlı kimi” görünməsi, o dövrdə onları daha tərbiyəli və nəcib göstərirdi. XVIII əsrin “ağ saçlı uşaqları” xəstə və ya yaşlı deyil, sadəcə dövrün moda qurbanları idilər. O illərdə parik, nişasta tozu və bəzəkli saç düzümü sosial statusun göstəricisi sayılırdı.
Bugünkü baxışla bu qəribə görünsə də, o zaman bu, zərifliyin və yüksək təbəqəyə mənsubluğun simvolu idi.