Şəhid baş leytenant Həsənağa Abdullazadə
31 yanvar 2021 15:13 (UTC +04:00)

Şəhid baş leytenant Həsənağa Abdullazadə

Nəşi üç ay sonra tapıldı - REPORTAJ

Şəhid baş leytenant Həsənağa Abdullazadə 1993-cü ildə Lənkəran şəhərində doğulub. Orta təhsilini də Lənkəranda alıb.

APA TV-nin xəbərinə görə, məktəbi əla qiymətlərlə oxuyan Həsənağa 8-ci sinifdə hərbi təhsil almaq qərarına gəlir. Ailənin uzun müddət sonra dünyaya gələn tək övladı olduğu üçün anası bu qərarla razılaşmaq istəmir. Amma ürəyi vətən eşqi ilə döyünən gənc, valideynlərini razı salmağı bacarır.

Ailə Həsənağanın təhsilini yaxından müşahidə etmək üçün Bakıya köçür: “Diplomunu alandan sonra onu tək uşaq olduğuna görə məktəbdə saxlamaq istədilər. Qalmadı. Püşkatma ilə düşdü Gədəbəyə. Oradan da özünü könüllü formada Qocadağa yazdırıb. Tağım komandiri idi. Sonra baş leytenant oldu”.

Həsənağa çox keçmədən öz işində fərqlənməyə başlayır. İştirak etdiyi təlimləri, kursları uğurla başa vurur. Tez-tez “biz Qarabağı alacağıq” deyən gənc sanki ömrünün hər gününü yalnız bu məqsəd üçün xərcləyirdi: “Bir il ərzində onlara 45 gün məzuniyyət verilir, heç bir gününü də götürmürdü. O, öz toyuna cəmi 4 gün məzuniyyət götürmüşdü ki, biz təlim keçirik, qala bilmərəm. Döyüşlərə hazırlıq gedən vaxt Gəncədə kirayə qalırdı. Yanına gedib dedim ki, səni artıq bir ildir görmürəm. Gəl, sənə Bakıda iş tapaq. Dedi ki, bu söhbəti mənimlə bir də etsən, sizin üzünüzə baxmaram”.

Beləliklə, 2020-ci il sentyabrın 27-də Azərbaycan ordusu əks-hücum əməliyyatına başlayanda Həsənağa Abdullazadə də öndə gedənlərdən olur. Murov zirvəsinin azad edilməsi uğrunda gedən döyüşlərdə yaxından iştirak edir. Ailəsi ilə telefon danışığında “Mən öz istəyimə çatacam, Kəlbəcərə bayrağı mən sancacam” deyən komandir təəssüf ki, döyüş yoluna sonadək davam edə bilmir: “Ayın 30-u zəng vurdu, dedim, sənə nəsə olsa, mən nə edərəm? Dedi ki, ana, elə danışma, sən bilirsən biz burada nələr edirik? Sizin xəbəriniz yoxdur biz burada nələr bacarmışıq. Axırıncı dəfə isə ayın 1-i danışdıq. Bizə harada olduğunu demədi, atası Kəlbəcəri nəzərdə tutaraq şifrəli formada soruşdu ki, kəndə tərəf? Dedi, hə. Müəyyən əraziləri azad ediblər, amma sonra pusquya düşüblər”.

“Şəhid olduqdan 7 gün sonra mənim xəbərim oldu. Amma anasından və həyat yoldaşından gizlətdim. Şərəfsizlər şəklini çəkib erməni saytında paylaşmışdılar. Hərbi hissəyə gedib maraqlandım. Gördüm üzümə baxa bilmirlər. Dedim, mənə kişi kimi deyin. Dedilər, əmi, Həsənağa vuruldu, götürə bilmədik. Həmin gün, oktyabrın 9-u atəşkəs elan olunmalı idi. 72 saylı hərbi hissədə erməni hərbçilərin cəsədlərini toplamışdılar, dəyişmək üçün aparırdılar. Dedilər, bir gün gözlə, biz Həsənağanı gətirəcəyik. Mən iki gün gözlədim hərbi hissənin qabağında. Gəlib dedilər ki, girə bilmədik, atəşkəsi pozdular”.

Şəhid baş leytenant Həsənağa Abdullazadənin nəşi aylarla düşmən tərəfdə qalır. Oktyabrın 3-ü şəhid olan qəhrəmanın meyiti yalnız yanvar ayının 13-ü ailəsinə təhvil verilir.

Şəhid Həsənağa Abdullazadə İkinci Fəxri Xiyabanda dəfn edilib.

İslam Qədirli,

Musa Qulammirzəyev,

APA TV

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8022
avatar

Oxşar yazılar