Slovakiya ayı işğalı ilə üzləşən tək ölkə deyil.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Yaponiyanın yeni hökuməti bir neçə bölgədə kəndliləri qorxudan ayılarla mübarizə aparmaq üçün qoşun göndərib.
Qeyd edilir ki, ölkənin şimalındakı sakinlər təhlükəli yırtıcıların hücumundan əziyyət çəkirlər. Təkcə bu ilin aprel ayından bəri insanlara qarşı onlarla hücum qeydə alınıb, 12 nəfər ölüb. Ümumilikdə, yaşayış məntəqələrinin yaxınlığında 8000-dən çox ayı müşahidəsi qeydə alınıb. Keçən illə müqayisədə statistika altı dəfə artıb.
"Vəziyyətin ən ağır olduğu Akita prefekturasında sakinlər gün batdıqdan sonra evlərini tərk etməkdən qorxur və meşə cığırlarından yayınmağa çalışırlar", - məlumatda vurğulanır.
Yaponiyanın ilk qadın baş naziri Sanae Takaitinin qurduğu ölkənin yeni hökuməti, ayı problemini həll edən mülki qurumlara kömək etmək üçün ordunu yerləşdirmək qərarına gəlib. Əsgərlərin heyvanları vurmayacağı, əvəzində onlara qalxan, tor və ayı qovucu sprey verildiyi qeyd olunur. Ordunun əsas vəzifəsi tələ qurmaq, tutulan heyvanları daşımaq və ovçulara kömək etməkdir.
Mütəxəssislər ayı hadisələrinin artmasını bir sıra amillərin kombinasiyası ilə əlaqələndirirlər. Birincisi, iqlim dəyişikliyi ayıların vəhşi təbiətdə qida tapmasını çətinləşdirib. İkincisi, kənd yerlərində ümumi əhalinin azalması:
Yaponiya kəndləri yarı boşalıb və bu da ayıların onlardan qorxmasının azalmasına səbəb olub. Bundan əlavə, ölkədə vəhşi heyvan ovçularının sayı azalır ki, bu da ayı böhranına səbəb olub.