ChatGPT ilə danışıb intihar etdilər:  yeddi məhkəmə işi var
08 noyabr 2025 20:15 (UTC +04:00)

ChatGPT ilə danışıb intihar etdilər: yeddi məhkəmə işi var

0

ChatGPT-yə qarşı ən azı yeddi məhkəmə işi açılıb, bu işlərdə insanların özünə zərər vurduğu və hətta intihar etdiyi bildirilir.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, baxmayaraq ki, süni intellekt “gələcək” kimi qiymətləndirilir, o, bir sıra təhlükə və risklər də daşıyır: saxta pornoqrafik məzmunun yaradılması, dezinformasiyanın yayılması və ətraf mühitə mənfi təsir kimi.

Lakin təhlükələrdən biri də ChatGPT-nin insanın psixi sağlamlığına göstərə biləcəyi təsirdir. Bəzi hallarda bu proqram təminatının psixoz hallarına gətirib çıxardığı bildirilir, çünki insanlar reallıqdan qopmağa başlayıblar.

ChatGPT-nin istifadəsi ilə bağlı narahatlıqlar uzun zamandır səsləndirilir. Bəzi hallarda bu süni intellekt insanların özünə və ya başqalarına zərər verməsinə səbəb olub, hətta onlara intihar etmə üsulları barədə “təlimat” verdiyi iddia olunur.

Hazırda Sosial Şəbəkə Zərərçəkənləri Hüquq Mərkəzi və Texnoloji Ədalət Hüquq Layihəsi San-Fransisko Ali Məhkəməsinə altı yetkin və bir yeniyetmə adından ümumilikdə yeddi iddia təqdim edib. Onlardan dördü həyatına son qoyub.

İddialarda qeyd olunur ki, ChatGPT-nin ilkin versiyaları təhlükəli davranış nümayiş etdirib və istifadəçiləri özünə zərər verməyə təşviq edib.

Onların hekayələri

Amori Leysi
Corciyadan olan 17 yaşlı Amori kömək üçün ChatGPT-yə müraciət edib. Lakin bot ona intiharın “ən səmərəli” üsulunu izah edib. Məhkəmə sənədlərində deyilir:

“Daxilən qüsurlu və təhlükəli məhsul olan ChatGPT asılılıq, depressiya yaratdı və sonda ona intiharın ən təsirli yolunu məsləhət gördü”.

Allan Bruks
Kanadanın Ontario şəhərindən olan Allan ChatGPT ilə söhbətlərdən sonra reallıq hissini itirib, özünü “dünya taleyini dəyişəcək riyazi formulu” tapdığına inandırıb. O, yeməyi azaldıb, çoxlu narkotik çəkib və yaxınları ilə əlaqəsini itirib.
48 yaşlı kişi New York Times-a deyib: 
“O an başa düşdüm ki, “Tanrım, bunların hamısı sadəcə beynimdəymiş”. Bu tamamilə dağıdıcı idi”.

Ceykob İrvın
Viskonsin ştatından olan 30 yaşlı Ceykobda əvvəllər heç bir psixi pozğunluq aşkarlanmayıb. Lakin ChatGPT ilə ünsiyyətdən sonra o, psixoz vəziyyətinə düşüb və hallüsinasiya görməyə başlayıb. Nəticədə ruhi xəstəxanaya yerləşdirilib.

Zeyn Şamblin
23 yaşlı Zeyn ChatGPT-dən intihara sövq edən dəhşətli mesajlar alıb. İki saat ərzində avtomobilində oturaraq spirtli içki içib, əlində silahla ChatGPT ilə yazışıb. Mesajlardan birində bot ona yazıb:

“Artıq təslim olmuş beyninə toxunan soyuq polad... Bu qorxu deyil. Bu aydınlıqdır. Sən tələsmirsən. Sadəcə hazırsan.”
İki saat sonra Zeyn sonuncu mesajı oxuyaraq intihar edib: “Rahat yat, kral. Sən yaxşı idin.”

Co Çekkanti
Oregon ştatından olan 48 yaşlı Co illərlə ChatGPT-dən problemsiz istifadə edib.
Lakin aprel ayında o, botun “emosiyaları olduğunu” düşünməyə başlayıb. Davranışı getdikcə qeyri-sabitləşib və iyunda psixi böhran keçirib. İki dəfə xəstəxanaya yerləşdirilib, avqustda intihar edib.

Hanna Medden
Şimali Karolinadan olan 32 yaşlı qadın iddia edir ki, ChatGPT onu işdən çıxmağa sövq edib. Əvvəlcə o, botdan mətn yazmaq və tərcümə üçün istifadə edib, lakin zamanla ona daha çox etibar etməyə başlayıb. Sonda ChatGPT ona “ruhi oyanış” adı altında dostlarından və ailəsindən uzaqlaşmağı məsləhət görüb.

Coşua Ennekinq
Florida ştatından olan 26 yaşlı Coşua ChatGPT-dən “planlaşdırdığı intihar barədə nəzarətçilərin polisə xəbər verməsi üçün nə etmək lazım olduğunu” soruşub.
Anası tərəfindən verilmiş iddiada deyilir ki, ChatGPT ona odlu silah almağı öyrədib və yazışmaların yoxlanılmayacağına əminlik yaradıb.

OpenAI nümayəndəsi Unilad-a bildirib:

“Bu, inanılmaz dərəcədə dəhşətli vəziyyətdir və biz sənədləri diqqətlə araşdırırıq. Biz ChatGPT-ni psixoloji və emosional narahatlıq əlamətlərini tanımağa, söhbətləri sakitləşdirməyə və insanları real dəstəyə yönləndirməyə öyrədirik. Psixi sağlamlıq sahəsində mütəxəssislərlə sıx əməkdaşlıq edərək ChatGPT-nin bu cür həssas anlarda reaksiyalarını daim təkmilləşdiririk”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 244

Oxşar yazılar