Londonda yaşayan bir ailə bir yaşlı oğlunu “əsl ingilis centlmeni” kimi yetişdirmək məqsədilə illik 180 min funt-sterlinq maaşla xüsusi müəllim axtarır.
Lent.az xəbər verir ki, elan təhsil sahəsinə aid məşhur TES portalında yerləşdirilib. Uğurlu namizəddən uşağı Britaniya mədəniyyəti, dəyərləri və davranış qaydalarına uyğun şəkildə tərbiyə etməsi tələb olunur. Ailənin məqsədi uşağın gələcəkdə “Eton” və ya “Harrow” kimi ölkənin ən nüfuzlu məktəblərinə qəbul olunması üçün zəmin yaratmaqdır.
Elana əsasən, müəllim uşağı Böyük Britaniya mədəni mühitinə tam şəkildə inteqrasiya etməli, onun təbii maraq və öyrənmə qabiliyyətini yüksək səviyyədə inkişaf etdirməlidir. Bu, yalnız ədəb qaydaları öyrətmək deyil, eyni zamanda uşağa mədəniyyət, davranış və sosial incəliklər baxımından dərin biliklər qazandırmaq məqsədi daşıyır.
Qeyd edək ki, müəllimə təklif olunan illik 180 min funtluq maaş Böyük Britaniyada bir uşaqla fərdi çalışan müəllimlər üçün ən yüksək əməkhaqqı səviyyələrindən biri hesab olunur.