Nepalda amansız inqilab alovlanıb.
Bu barədə Lent.az xarici mediaya istinadla məlumat verir.
Maliyyə naziri Bişnu Prasad etirazçıların hücumuna məruz qalıb: onu çaya qovublar və dəyənəklərlə döyüblər. Eyni zamanda, etirazçılar sabiq baş nazirin qohumu olan qadını öldürüblər. KİV-in məlumatına görə, kütləvi iğtişaşların başlanmasından bəri artıq 20 nəfər həlak olub, 300-dən çox insan yaralanıb.
Gənclərin etiraz təzyiqi altında baş nazir Şarma Oli istefa verib, nümayişçilər isə hakimiyyətin Katmandu meri Balendra Şaha verilməsini tələb ediblər.
Qeyd edək ki, etirazlara səbəb sosial şəbəkələrdən istifadəyə qoyulan məhdudiyyətlər olub: sentyabrın 4-də hökumət Facebook, Instagram, WhatsApp və daha 26 məşhur platformanı qadağan etmişdi.
On minlərlə gənc, yerli KİV-in “Z nəsli” adlandırdığı insanlar küçələrə çıxıb və bu, polislə toqquşmalara çevrilib. Sosial şəbəkələrə girişin bərpa olunmasına baxmayaraq, etirazçılar aksiyaları davam etdirirlər və bu aksiyalar getdikcə hökumət əleyhinə və antikorrupsiya xarakteri alır. Daha əvvəl sosial şəbəkələrdə siyasətçilərin övladlarının dəbdəbəli həyat tərzi və korrupsiya halları müzakirə olunmuşdu ki, bu da əhalinin narazılığını daha da artırmışdı.
Gənclər siyasətçilərin evlərinə, iqamətgahlarına hücum edir, parlamenti və prezidentin ofisini yandırırlar.
Bu, son onilliklərdə ölkədə baş verən ən böyük iğtişaşlardır. Nepal — 2008-ci ildən etibarən siyasi cəhətdən qeyri-sabit olan, kütləvi etirazların nəticəsində monarxiya ləğv edilən kasıb Himalay ölkəsidir.